Məhkəmə qərarları › İş №e-2(060)-2350/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2350/2025

19.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2350/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzil üzərində pay hüququnun tanınması barədə ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə qarşılıqlı iddialarına dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Sumqayıt-Hüquq Mənzil Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 36 nömrəli Payçı Müqaviləsi və 22 iyun 2021-ci il tarixli, 92 saylı maliyyə arayışına əsasən Cavabdeh məxsus olan yaşayış sahəsi üzərində İddiaçı ½ pay hüququnun tanınması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə rəsmi qaydada nikah bağlanmış və bu barədə 2033 saylı akt qeydi tərtib olunaraq nikah haqqında müvafiq şəhadətnamə verilmişdir. Birgə nikahdan onların iki övladları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulmuş və nikaha xitam verilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə xx.xx.2018-ci il tarixli, 36 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhərində Sumqayıt-Hüquq Mənzil-Tikinti Kooperativindən mənzil əldə edilmiş və dəyəri tam ödənilmişdir. Ödənişlərin əksər hissəsi iddiaçının qazancı hesabına onun özü tərəfindən icra edilmişdir. Hal-hazırda həmin mənzilə ½ pay hüququnun tanınmasına zərurət yaranmışdır. Mənzilin dəqiq ünvanı olmadığından Sumqayıt-Hüquq Mənzil-Tikinti Kooperativinə 21 yanvar 2025-ci il tarixdə 28 nömrəli vəkil sorğusu göndərilərək, Sumqayıt-Hüquq Mənzil-Tikinti Kooperativi ilə (VÖEN **********) Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 36 nömrəli müqavilənin və 22 iyun 2021-ci il tarixli maliyyə arayışının təsdiq olunmuş surətinin vəkilə təqdim edilməsinin təmin edilməsi xahiş olunmuş, lakin sorğuya hal-hazıradək cavab verilməmişdir. Sumqayıt-Hüquq Mənzil-Tikinti Kooperativinin 22 iyun 2021-ci il tarixli, 92 saylı arayışından görünür ki, Cavabdeh ilə Sumqayıt-Hüquq Mənzil-Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 36 nömrəli Payçı Müqaviləsinin 2-ci hissəsində nəzərdə tutulmuş ödəniş Cavabdeh tərəfindən Sumqayıt-Hüquq Mənzil-Tikinti Kooperativinə tam ödənilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında Cavabdeh qarşılıqlı iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Şadmanov küçəsi, 1 saylı mədəndə yerləşən fərdi evin təmiri üçün xərclənən 50000 ABŞ dollarının yarısının birgə nikah dövründə "xxxx" MMC-dən götürdüyü 8000 manat pul vəsaitinin yarısının, hüquqi xidmətlərin göstərilməsi üçün ödədiyi 325 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 219 manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral ayından etibarən İddiaçı İsrail Respublikasına getmişdir, hazırda oranın vətəndaşıdır. İldə bir dəfə müxtəlif vaxtlarda gəlib uşaqlarını görürdü. Daimi olaraq xaricdə yaşamışdır. 2016-cı ildən o, Bakı şəhəri, Binəqədi rayonu, Şadmanov küçəsi,1 saylı mədəndə yerləşən fərdi evini təmir etdirməyə başlayıb. Həmin ev tikilən torpaq sahəsi nikahdan əvvəl alınmışdır. 2009cu ilin yanvar ayında onlar tanış olan zaman həmin torpaq sahəsi üzərində fərdi ev tikilib qurtarmış, lakin hələ təmir olunmamışdı. 2016-cı ildə fərdi evi təmir etdirdiyini gizlətsə də, onun bu barədə məlumatı var idi. 2018-ci ildə o, özümə Sumqayıt şəhəri, Bulvar küçəsi, 10 saylı evin 20 saylı mənzilini almışdır. Həmin mənzili məhkəmə işçisi olduğu üçün MTK kvadratı aşağı qiymətlə almağa icazə vermişdir. 2020-ci ilə qədər özü ödənişləri etmişdir. Həmin mənzili almaq üçün isə ilkin ödəniş olaraq 7000 manatı anası ona vermişdir. O, ərizəçiyə məxsus evi 2021-ci ildə görmüşdür. O zaman hələ təmir yarımçıq idi, belə ki, qapılar qoyulmamış, divar kağızları vurulmamışdı. Bundan başqa, İddiaçı özünə məxsus təmir etdirdiyi evə çəkdiyi xərcin 50000 ABŞ dolları olduğunu demişdir. Göründüyü kimi ev birgə nikah dövründə təmir olunmuşdur. Ona görə həmin evin təmirinə xərclənin pulun yarısı onundur. Bundan başqa, birgə nikahda olan zaman xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən 8000 manat dəyərində pul götürmüşdür. Həmin pulun da yarısı İddiaçı tərəfindən ona qaytarılmalıdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini isə müdafiə edərək təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da eyni məzmunlu izahat vermişdir. X5 Abdurzayevna bildirmişdir ki, ilkin ödənilən 7000 manatı qızı ondan alaraq ödəmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Nikah haqqında xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. - Sumqayıt-Hüquq MTK-nın xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh ilə Sumqayıt-Hüquq MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 36 saylı payçı müqaviləsinin ikinci hissəsində nəzərdə tutulmuş ödəniş Cavabdeh tərəfindən MTKnın hesabına tam ödənilmişdir. - "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış GTZK8157370B299 saylı xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, bank tərəfindən ona 59 ay müddətinə illik 15,1 % ödəmək şərtilə 8000 manat kredit verilmişdir. - İşdə olan çoxsaylı ödəmə qəbzlərinin surətlərindən görünür ki, İddiaçı İsrail Dövlətindən müxtəlif dövrlərdə Cavabdeh vəsait göndərmişdir. - Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, Binəqədi qəsəbəsində ev tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metr torpaq sahəsindən sahiblik və istifadə hüququ X1 verilmişdir. - İşdə olan qəbzlərdən görünür ki, torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi ilə bağlı bələdiyyə vergisi, məişət tullantılarının daşınması üçün ödəmə və "xxxx" ASC-yə elektrik enerjisindən istifadə edilməsi ilə bağlı ödəmə X2 tərəfindən edilmişdir. Məhkəmə işlə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşdən görünür ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi qaydada nikah bağlamışlar. Hazırda tərəflər arasında münasibətlər pozulmuş və nikaha xitam verilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə xx.xx.2018-ci il tarixli, 36 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhərində Sumqayıt-Hüquq Mənzil-Tikinti Kooperativindən mənzil əldə edilmiş və dəyəri tamamilə ödənilmişdir. Belə ki, Sumqayıt- Hüquq MTK-nın xx.xx.2021-ci il tarixli arayışının surətindən də görünür ki, Cavabdeh ilə Sumqayıt-Hüquq MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 36 saylı payçı müqaviləsinin ikinci hissəsində nəzərdə tutulmuş ödəniş Cavabdeh tərəfindən MTK-nın hesabına tam ödənilmişdir. İş materialları ilə müəyyən olunur ki, qeyd edilən yaşayış sahəsi tərəflərin birgə nikahı zamanı onların birgə vəsaiti hesabına əldə edilmişdir. Bu yaşayış sahəsi hər hansı şəxsin adına qeydə alınmasa da, onun mövcud olması həm tərəflərin izahatı, həm də işdə olan bir sıra mötəbər sənədlərlə təsdiq olunur. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh ilə Sumqayıt-Hüquq Mənzil Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 36 nömrəli payçı müqaviləsinə əsasən Cavabdeh məxsus olan yaşayış sahəsi üzərində İddiaçı ½ pay hüququnu tanınmalıdır. Mənzilin dəyərinin onun anası tərəfindən ödənilməsi barədə Cavabdeh dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, bu barədə də Cavabdeh məhkəməyə kifayət qədər sanballı və legitimliyi şübhə doğurmayan sübutları təqdim edə bilməmişdir. Belə ki, iş materialları ilə təmir edilməsi qeyd edilən evin İddiaçı deyil, X1 məxsus olması müəyyən edilir. Həmin evin təmir edilməsinə Cavabdeh tərəfindən 50000 ABŞ dolları xərclənməsi barədə işdə hər hansı sübut yoxdur. Həmçinin onun xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən götürdüyü 8000 manat kreditin ailənin məsrəflərinə sərf edilməsi iş materiallarından görünümür. Buna görə də məhkəmə qarşılıqlı iddianın təmin edilməsinə heç bir əsas tapmır. Qarşılqılı iddia rədd edildiyindən hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 325 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 219 manat pulun qaytarılması barədə tələb də təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədiyindən onun tələbləri rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh ilə Sumqayıt-Hüquq Mənzil Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 36 nömrəli payçı müqaviləsinə (22 iyun 2021-ci il tarixli, 92 saylı maliyyə arayışı) əsasən Cavabdeh məxsus olan yaşayış sahəsi üzərində İddiaçı ½ pay hüququ tanınsın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Hər iki iddia üzrə iddiaçıların ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar