Məhkəmə qərarları › İş №e-2(060)-2435/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2435/2025

01.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2435/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2014-cü ildə Sumqayıt şəhəri “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və həmin nikahdan xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2022-ci ildə anadan olmuş X3 adında iki qız övladları vardır. Hazırda Cavabdeh tərəfindən aralarında bağlanmış nikahın pozulmasına dair Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi verilmiş və həmin iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. İddiaçının xahişi ilə məhkəmə tərəflərin barışması üçün 3 ay vaxt verilərək, məhkəmənin hazırlıq iclası təxirə salınmışdır. Lakin bu müddət ərzində nəinki barışıq əldə edilməmiş, qayınatası Süleyman Quliyev iddiaçının evdən çıxarılmağı ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh və qaynatası Süleyman Quliyev iddiaçını iki qız uşağı ilə birlikdə taleyin ümidinə buraxıb küçəyə atmaq fikrindədirlər. Yəni tək aliment almaqla iki qız uşağını böyütməlidir. Boşanma prosesi labüd olduğu üçün iddiaçı əri Cavabdeh ilə birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh avtomaşın alveri ilə məşğuldur, mülkiyyətində daşınar və daşınmaz əmlak, pul vəsaitləri vardır. Lakin o, özünü guya işləmədiyini göstərir, alimenti də tam ödəmir. Adına da guya heç bir əmlak yoxdur. Əlbəttə, artıq həyatında başqa qadın olan cavabdeh buna çox yaxşı hazırlaşmış və adına heç bir əmlak saxlamayıb. Cavabdeh yalnız 2024-cü il ərzində 121 dəfə avtomabilə sərəncam vermək üçün etibarnamə vermişdir. Həftədə iki dəfə maşın alıb-satmaq, cavabdehin dediyi kimi sadəcə özü üçün maşın almaq həvəsi ilə izah edilə bilməz. Bu etibarnamələr bahalı xarici markalı avtomaşınlara verilimişdir. Sumqayıt reqional Qeydiyat-imtahan və texniki baxış şöbəsinin məktubuna əsasən Cavabdeh adına “Ford Fusion” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomaşın qeydə alınmışdır. İddiaçının ərizəsinə əsasən həmin avtomaşının üzərinə həbs qoyulmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş və onun mülkiyyətində olan “Ford Fusion” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobildə paylarının 1/2 hissədə müəyyən edilməsi və iddiaçının həmin avtomobilə mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsi, Cavabdeh məxsus banklarda depozit hesablarda, bank kartlarında mövcud olan pul vəsaitləri birgə nikah dövründə əldə edildiyi üçün bərabər paylarda müəyyən edilməsi, mediasiya prosesində ödədiyi 60 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-394/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə 1 saylı Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində 1981 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2015-cı il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması, iddiaçı Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5875 misli həddində (bir uşaq üçün 400 x 0.5875=235 manat məbləğində), xx.xx.2025-ci il tarixdən etibarən isə, sonrakı artımlar nəzərə alınmaqla hər uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində (bir uşaq üçün 400 x 0.615=246 manat məbləğində) sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

8. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16-1-23 saylı məktubundan görünür ki, Cavabdeh adına mərkəzi informasiya sistemində “Ford Fusion” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyatdadır.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00284 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2021ci il tarixdən «Ford Fusion» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır.

11. İş materiallarında olan ASC “Xalq” Bank tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh məxsus ASC “Xalq” Bankda bank hesabı, əmanət və depozit seyfi aşkarlanmamışdır.

12. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh məxsus "xxxx" ASC-nin əməliyyat sistemində bank hesabları aşkarlanmamışdır.

13. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh məxsus bank hesabında vəsait aşkarlanmamışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər birgə nikaha daxil olaraq ailə qurmuşlar, bir müddət sonra ailə münasibətləri pozulmuş və ayrılmışlar. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

18. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

19. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

20. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir.

21. Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

22. Eyni Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

23. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

25. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

26. Eyni Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Başqa sözlə, Mülki Məcəllədə, Ailə Məcəlləsində və uyğun qanunvericilik aktlarında ər və arvadın əmlakının hüquqi vəziyyəti, onların əmlakla bağlı hüquq və vəzifələri əmlakın qanuni rejimi hesab olunur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Lakin hər hansı bir əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: 1.Əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; 2.Əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi qanunvericilik əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsindən ötrü həmin əmlakın birgə nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə şərtləndirilmişdir.

29. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93)

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

31. Qanunun yuxarıda qeyd olunan müddəasına görə ər-arvadın birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar onların ümumi birgə mülkiyyətləri hesab olunur, buna görə də ümumi əmlakın əmələ gəlməsində (əldə olunmasında) ər-arvadın hər birinin iştirakının aktivliyindən asılı olmayaraq onların həmin əmlaka bərabər hüquqları vardır.

32. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsini tələb etdiyi «Ford Fusion» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 oktyabr 2021-ci il tarixdə, yəni tərəflərin nikahda olduqları zaman Cavabdeh adına alınmışdır. Bununla da həmin əmlak onların ümumi birgə mülkiyyəti hesab edildiyindən, iddiaçı həmin əmlakın bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

33. Məhkəmə iddia tələbinin “Cavabdeh məxsus banklarda depozit hesablarda, bank kartlarında mövcud olan pul vəsaitləri birgə nikah dövründə əldə edildiyi üçün bərabər paylarda müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

34. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

35. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

36. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

37. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

38. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

39. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

40. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

41. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

42. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

43. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Eyni Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

45. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

46. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış «Ford Fusion» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünməli, həmin əmlak üzərində Cavabdeh ½ (ikidə bir) pay hüququ və İddiaçı ½ (ikidə bir) pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalı, Cavabdeh ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və 60 (altmış) manat mediasiya xərcinin əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

53. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış «Ford Fusion» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünsün, həmin əmlak üzərində Cavabdeh ½ (ikidə bir) pay hüququ və İddiaçı ½ (ikidə bir) pay hüququ üzrə mülkiyyət hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırki qətnamə Cavabdeh və İddiaçı göstərilən avtomobil üzərində paylı mülkiyyət hüquqlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsində qeydə alınması üçün əsasdır. Cavabdeh ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və 60 (altmış) manat mediasiya xərcinin əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar