Məhkəmə qərarları › İş №e-2(060)-2762/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2762/2025

12.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2762/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası MPM-nin 355-23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir. MPM-nin 355- 23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Hazırkı barışıq sazişi ilə tərəflər arasında olan mübahisə həllini tapmışdır, hər hansı bir qeyri – müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir Göründüyü kimi, hazırkı barışıq sazişinin şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına yönəlmişdir. Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, MPM-nin 355-23.1-ci maddəsi müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Yəni, yuxarıda qeyd olunan şərtlər mövcud olmadıqda şəxsin məhkəməyə müraciət etmək üçün əsasları yaranmır, belə vəziyyətdə isə ərizəyə məhkəmədə baxılması mümkün deyildir. Qeyd edilən şərtlər mövcud olmadıqda ərizəyə baxılması MPM-nin 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 153.2.1-ci maddəsinin tələbi pozulduğundan, ərizənin qəbulundan imtina edilməli, ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə “Asan Pay” ödəniş sistemi vasitəsi ilə müvafiq olaraq ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar