Məhkəmə qərarları › İş №e-2(060)-2950/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2950/2023

29.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2950/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə “Daewoo” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun sahibliyinə verilməsi öhdəliyinin qoyulması, bu mümkün olmadıqda isə nəqliyyat vasitəsinin 5000 (beş min) manat məbləğində dəyərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində ünvan 3ə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 reyestrdə 7E-3469 nömrəsi ilə qeyd olunmuş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Cavabdeh2 “Daewoo” markalı **-VK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinindən istifadə etmək hüququ qazanmışdır. xx.xx.2021-ci il tarixində Bakı şəhəri 51 saylı notariat ofisinə reyestrdə 7E-3469 nömrəsi ilə qeyd olunmuş Cavabdeh2 verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə ünvanlamışdır. Ərizə informasiya sisteminə daxil edilmiş və reyestrdə 8İ-9658 № ilə qeyd edilmişdir. “Daewoo” markalı **-VK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. Nəqliyyat vasitəsinin əvəzində heç kimdən heç bir vəsait əldə etməmişdir. Hal-hazırda mülkiyyətində olan nəqliyyat vasitəsi uzun müddətdir ki, Cavabdeh2 və onun tərəfindən qanunsuz olaraq istifadəsinə verilmiş Cavabdeh1 qanunsuz sahibliyində olduğundan nəqliyyat vasitəsindən istifadə edə bilmir. Həmin nəqliyyat vasitəsinin saxlanılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə müraciət etmişdir. BDYPİ tərəfindən ona ünvanlanmış cavab məktubunda Cavabdeh1 dəvət olunaraq izahat alındığı bildirilmişdir. Cavabdeh izahatında “Daewoo” markalı **-VK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini nasaz vəziyyətdə olduğu üçün idarə etmədiyini və yaşadığı evin həyətində saxladığını bildirmiş və etiraf etmişdir. Cavabdehlə dəfələrlə əlaqə yaradaraq həmin nəqliyyat vasitəsini qaytarmağı tələb etsə də heç bir nəticə olmamışdır. Cavabdeh onun mülkiyyətində olan nəqliyyat vasitəsini israrla qanunsuz sahibliyində saxlayır. İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 üzərinə “Daewoo” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun sahibliyinə verilməsi öhdəliyinin qoyulması, bu mümkün olmadıqda isə nəqliyyat vasitəsinin 5000 (beş min) manat məbləğində dəyərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi mümkün hesab edilərək icraata götürülmüşdür. Hazırki halda qeyd edilən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi məqsədilə iş üzrə ekspertizanın keçirilməsinə zərurət vardır. Belə ki, iddia predmetini təşkil edən “Daewoo” markalı nəqliyyat vasitəsinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi labüddür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bunu nəzərə alaraq, xx.xx.2023-cü il tarixə saat 11:10-a təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və “Daewoo” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və ya onunla eyni texniki göstəricilərə malik olan (marka, buraxılış ili, mühərrikin həcmi və s.) nəqliyyat vasitələrinin bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 üzərinə “Daewoo” markalı **- VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun sahibliyinə verilməsi öhdəliyinin qoyulması, bu mümkün olmadıqda isə nəqliyyat vasitəsinin 5000 (beş min) manat məbləğində dəyərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi mümkün hesab edilərək icraata götürülmüşdür. Hazırki halda qeyd edilən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi məqsədilə iş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsində onun şikayəti əsasında toplanmış materialların təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə zərurət vardır. Belə ki, o bu barədə müvafiq quruma müraciət etsə də, ona cavabdehlərin izahatı və nəqliyyat vasitəsinin qeydiyyat sənədləri təqdim edilməmişdir. Hansı ki, həmin izahatda cavabdeh birbaşa olaraq nəqliyyat vasitəsinin onun sahibliyində olduğunu etiraf etmiş və həmin nəqliyyat vasitəsini hansı üsulla əldə etdiyini qeyd etmişdir. Bununla bağlı isə onda iş materiallarında da olan 90361H3222 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubu vardır. Bu baxımdan məhkəmənin müvafiq sorğusu əsasında həmin şikayət üzrə toplanmış materiallar məhkəməyə təqdim edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclası üzrə onun vəsatəti əsasında ekspertiza təyin edilməsi ilə bərabər işə baxılmasının tezliyinin və prosessual qənaət prinsipinin təmin edilməsi məqsədilə eyni vaxtda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə sorğu verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir Bunu nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsində onun şikayəti əsasında toplanmış materialların və iddia predmetini təşkil edən nəqliyyat vasitəsinin qeydiyyat sənədlərinin surətlərinin məhkəmə təqdim edilməsini məqsədilə müvafiq sorğunun ünvanlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onlarda baza vardır. Təxminən 50 və yaxud 60 maşın vardır ki, müxtəlif şəxslərin işləri ilə əlaqədar onlara etibarnamə verilir. Daha sonra Cavabdeh2 bu və ya digər əməllərinə görə Direktor onu işdən kənarlaşdırmış, verilmiş etibarnamə isə ləğv edilmişdir. Lakin həmin şəxs etibarnamə ləğv olunduqdan sonra heç bir sənəd olmadan maşını digər bir şəxsə satmışdır. Həmin şəxs başqa birinə satmış, sonucu maşını alan isə Cavabdeh1 olmuşdur. O isə sənəd olmadan maşını almış, gətirib həyətinə atmışdır. Daha sonra isə aidiyyatı polis orqanlarına müraciət etmişlər. Baş X12 İdarəsində tərəf çağırılmış və izahatı alınmışdır. Etiraf etmişdir ki, maşın ondadır. Nəqliyyat vasitəsini isə 1050 manata müəyyən bir şəxsdən heç bir sənəd olmadan almışdır. Məhkəməyə ona görə müraciət etmişlər ki, maşın onların mülkiyyətindədir. Alğı-satqı müqavilə əsasında həyata keçirilir. Etibarnamə o demək deyildir ki, maşını kiməsə satmışdır. Məhkəmə iclasında iştirak etməyən cavabdehə baş etibarnamə verilmişdir. Həmin şirkətə işə düzəlməmişdən öncə qayda elə olmuşdur ki, hər kəsə baş etibarnamə verilmişdir. Lakin o fəaliyyətə başladıqdan sonra sadəcə sürmək üçün etibarnamə verilmişdir. Ora böyük bir plazadır. Yüzlərlə maşın vardır ki, hüquqi şəxsin balansındadır. Cavabdeh2 2021-ci il tarixdə baş etibarnamə verilmiş, lakin daha sonra ləğv olunmuşdur. O isə baş etibarnamə ləğv edildikdən sonra maşını satmışdır. Nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olduğu müddətdə digər bir şəxsin ona hüququ yoxdursa o əmlakı geri qaytarmalıdır. Bu mülkiyyət hüququ ilə bağlı təməl nəzəri əsaslardan biridir. Bu xarakterli əməli həyata keçirən üç nəfər olmuşdur. Digəri vardır ki, onu da məhkəməyə vermiş və nəqliyyat vasitəsini geri almışlar. Həmin şəxs kimə pul ödəmişdirsə, onun da iddia tələbi təmin olunmuş və pulları geri qaytarılmışdır. Nəqliyyat vasitəsi nə qədər ki, onların mülkiyyətindədirsə onlara da qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, ona ekspertizanın keçirilməsi ilə bağlı hər hansı bir məlumat gəlməmişdir. Turbo.az saytına baxmış və tanımadığı bir şəxsdən Maştağa kəndində maşını almışdır. Aldığı adam ilə yazışmaları vardır. Lakin adını unutmuşdur. Doqquz və ya on ay olar ki, maşını 1050 manata almışdır. Maşını etibarnaməsiz almışdır. Vaxtı bitmiş sənədlər ilə bağlı belə hallar çox olmuşdur. Həmin şəxsi, yəni mülkiyyətçini də özü tapmışdır. Daha sonra ona baş etibarnamənin verilib-verilməməsi ilə bağlı sual verilmişdir. O da demişdir ki, verə biləcəkdir. Cavabdehin maşını almaqda fikri baş etibarnamə alıb, maşını sürmək olmuşdur. İddiaçı və digər cavabdehi tanımır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 lazımi qaydada məlumat verilmiş, lakin Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri 51 saylı notariat ofisinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən ünvanlanmış ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 3ə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2, reyestrdə 7E-3469 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Xahiş etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsi ilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsi təmin edilsin. Etibarnamənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş aşağıda göstərilən vəzifələri və etibarnamə verdiyi şəxsdən etibarnamənin qaytarılmasını tələb etmək hüququ Bakı Şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366-cı maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə, onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Qeyd: bu ərizə etibar edilmişi başqasına etibaretmə qaydasında səlahiyyətləri başqasına ötürmüş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-90361H-3222 nömrəli İddiaçı ünvanlanmış müraciətə cavabından görünür ki, müraciətdə qeyd olunan ***-***-**-** nömrəsi ilə telefon əlaqəsi saxlanılmış, vətəndaş Cavabdeh1 Baş X12 İdarəsinə dəvət olunaraq izahatı alınmışdır. O, izahatında “Daewoo” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cari ilin oktyabr ayının əvvəllərində istismara yararsız vəziyyətdə 1050 (min əlli) manata aldığını, hal-hazırda onun avtomobili nasaz vəziyyətdə olduğu üçün idarə etmədiyini və yaşadığı evin həyətində saxladığını, gələcəkdə məhkəmənin qəbul edəcəyi qərarın nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərəkət edəcəyini qeyd etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən avtomobilin məcburi qaydada götürülməsi ilə bağlı aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir. İddiaçı adına tərtib edilmiş cədvəldən görünür ki, qeydiyyat nişanı: **-VK-***, marka: DAEWOO NEXİA MİNİK, rəngi: tünd yaşıl metallik, qeydiyyat tarixi: xx.xx.2020, buraxılış ili: 1999, mühərrik nömrəsi: 72444OB, mühərrik həcmi 1498, ban nömrəsi: KLATF19Y1XB231671, qeyd: alqı-satqı müqaviləsi, BDYPİ K.N.N 99RZ714 qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2950/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/5200 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, 2(060)-2950/2023 nömrəli iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi, məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, qərarda göstərilən avtomobilin eskpert baxışına təqdim edilməsi xahiş edilmiş, lakin həmin vəsatətin hal-hazıradək təmin edilməməsi səbəbindən rəy verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respbulikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimat”-ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-95516/2023 nömrəli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabından görünür ki, DİN Baş X12 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “DAEWOO NEXİA” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin, əlavə olaraq digər sənədlərin surəti və məhkəmə kompüter çıxarışı göndərilmişdir. AR DİN BDYPİ Qİİ-nə İddiaçı tərəfindən ünvanlanmış ərizədən görünür ki, “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il tarixli, SEDAN tipli nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi verilməsi xahiş edilmişdir. 22 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il tarixli nəqliyyat vasitəsini alıcı İddiaçı 450 manata satmış, alıcı isə satıcıdan almışdır. AR DİN BDYPİ Qİİ-nə X6 tərəfindən ünvanlanmış ərizədən görünür ki, “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il tarixli nəqliyyat vasitəsini qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. AD seriyalı, 380689 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAEWOO NEXİA” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il tarixli, SEDAN tipli nəqliyyat vasitəsinin sahibi X4r. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə BDYP Bakı k.n.n 90DL758 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2950/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasına istinad edərək nəqliyyat vasitəsini, mümkün olmadıqda isə pul tələb etməsi əsassızdır. Belə ki, “Daewoo” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olmaqla, etibarnamə əsasında sərəncam verməyi və sair etibar etmiş, cavabdehlərin qanunsuz sahibliyində olması sübut olunmayaraq, öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçı cavabdehlərin qanunsuz sahibliyində olan nəqliyyat vasitəsini və ya avtomobilin qaytarılması mümkün olmadıqda, onun dəyərini cavabdehlərdən geri tələb etməkdə haqlı deyildir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, “Daewoo” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur. Sonuncu 01 aprel 2021-ci il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini Cavabdeh2 sahibliyinə vermiş, həmin etibarnaməyə əsasən iddiaçının səlahiyyətlərini başqa şəxsə verə bilməsi nəzərdə tutulmuş, etibarnamə 01 aprel 2022-ci il tarixədək qüvvədə olma müddəti nəzərdə tutulmuşdur. Eyni zamanda, 01 aprel 2021-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmiş etibarnamə İddiaçı 07 oktyabr 2021-ci il tarixli ərizəsinə əsasən ləğv edilməsi qeyd olunmuşdur. Sonuncu dəfə nəqliyyat vasitəsinə dair Cavabdeh2 adına verilmiş etibarnaməyə 07 oktyabr 2021-ci il tarixli ərizəyə əsasən xitam verilməsi işin mübahisə edilməyən halı olub, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində hərəkət etməsi ilə nəticələnmişdir. Həmin tarixdə yəni xx.xx.2021-ci il tarixli iddiaçı tərəfindən verilən etibarnamələr ilə xx.xx.2022-ci il tarixədək qüvvədə olma müddəti göstərilməklə müxtəlif şəxslərə (X3, X5, X1) etibar edilmişdir. Bundan əlavə sübut etmə yükünün bölüşdürülməsinə münasibətdə iddiaçı iddia tələbinin əsasını təşkil edən dəlilləri, onun dəyəri və sair hallarla bağlı sübutları məhkəməyə təqdim edilməsi öhdəliyi daşımasına baxmayaraq bunu etməmiş, işin araşdırılan halları isə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı avto maşını və ya onun dəyəri olan 5000 manat tələb etməsinə baxmayaraq, iş materiallarında olan (məhkəmə sorğusuna əsasən) 22 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı X6 “DAEWOO NEXİA” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il tarixli nəqliyyat vasitəsini alıcı İddiaçı 450 manata satmış, alıcının isə satıcıdan alması qeyd olunmuş, bu isə iddianın əsaslı olmaması qənaətinə gəlməsinə əsas vermişdir. Yəni iddiaçı iddia etdiyi həcmdə (maşının dəyərinin 5000 manat) olması iş materiallarda olan sənədlərlə təsdiq olunmamışdır. Məhkəmə araşdırması gedişatında iddiaçı nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz və faktiki sahibliyində olduğunu sübut edə bilməmiş, bunu təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə ki, hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı deyildir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar