Məhkəmə qərarları › İş №e-2(060)-330/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-330/2023

23.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-330/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X17 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü və digər tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı 65 kv.m və 38 saylı 67 kv.m mənzillərin, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha torpaq sahəsinin və “CHEVROLET CRUZE” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində iddiaçı və cavabdehin bərabər (½) hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı bir neçə dəfə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək, sonda "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56.7 kv.m) fərdi yaşayış sahəsinə dair X23 ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X7 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) fərdi yaşayış sahəsinə dair X23 ilə X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X11 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli,********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150.000 (bir yüz əlli min) manat həcmində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması, “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1998-ci il tarixindən birgə nikahdadırlar. xx.xx.2019-cu ildə Cavabdeh "xxxx" MTK-ya məxsus 73 saylı binada 39 saylı 65 kv.m və 38 saylı 67 kv.m mənzilləri müqavilə ilə almışdır. DİN Baş X36 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə isə, xx.xx.2019-cu il tarixdən “CHEVROLET CRUZE” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin elektron bazasında toplanmış məlumatlara, arxiv materiallarına əsasən hal-hazırda Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 05 iyul 2013-cü il tarixdə qeydiyyata alınmış və ona eyni tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2022-ci ilin sentyabr ayında tərəflər rəsmi olaraq boşanıblar, buna baxmayaraq birlikdə yaşamağa davam ediblər. Tərəflər birlikdə yaşasalar da, ayrı təsərrüfat idarə edirdilər. İlk növbədə qeyd edir ki, qarşı tərəf iddia torpaq sahəsinin cavabdehə atası tərəfindən verildiyini iddia edir. Halbuki, onların torpaq sahəsi ilə bağlı tələbləri yoxdur, tələb həmin torpaq sahəsi üzərində yerləşən evlə bağlıdır. Belə ki, sözügedən mənzil birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına tikilib. "xxxx" MTK-da olan iki mənzil Azər Verdiyevin adına rəsmiləşdirilib. Azər Verdiyev hər iki tərəfin iş yoldaşı olub. Həmin şəxs üçüncü şəxs kimi işə cəlb olunmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmir. Bu isə onu təsdiqləyir ki, hazırki mülki işdə onun heç bir marağı yoxdur. Çıxarışların ləğv olunması onun üçün heç bir hüquqi nəticə yaratmır. Onu da qeyd edir ki, mənzillərin Azər Verdiyevin adına necə rəsmiləşdirildiyini bilmirlər. Belə ki, bu payçı müqaviləsi də ola bilər. Onlar sadəcə A.Verdiyevin adına olan çıxarışı görüblər. Bundan sonra evlər daha iki qadının adına rəsmiləşdirilib, çox güman ki, həmin şəxslər bacıdırlar. Çünki onların ata adı eynidir. Üçüncü şəxslər X20 və X10 çox güman ki, cavabdehin qohumudurlar. Azər Verdiyev isə ümumiyyətlə evin harda yerləşdiyini bilmir. Alqı-satqı müqaviləsi də üçüncü şəxslərin adından imzalansa da alqı-satqıda cavabdeh iştirak edir. Belə ki, kağız üzərində rəsmiləşdirmək üçün onların adından satıb. Üçüncü şəxslər həqiqi mülkiyyətçi olsaydılar, hazırki məhkəmə prosesi onlar üçün maraqlı olardı və onlar məhkəmə prosesində iştirak edərdilər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin başqa bir tanışına 71000 manat məbləğində borcunun olması barədə başqa bir məhkəmə mübahisəsi də var. Həmin iş barəsində onlar yeni məlumatlıdırlar və maraqlı şəxs kimi həmin işə qoşulublar. Cavabdeh 50000 və 71000 manat məbləğlərində borc götürdüyü halda, onu hansı məqsədlər üçün istifadə etdiyi sual doğurur. Belə ki, nəqliyyat vasitəsi hazırda kreditdədir, cavabdeh əgər həqiqətən borc götürübsə, həmin kreditini bağlaya bilərdi. Nəqliyyat vasitəsi ilə bağlı bildirir ki, “Cruise” markalı maşın iddiaçının adınadır, texniki pasportu mövcuddur. “Changan” markalı maşının məbləği normalda daha çoxdur. O, 2023-cü ilin mart ayında sorğu verəndə məlum olmuşdur ki, 63000 manat ödənilmişdi, 9000 manat borc qalmışdı. Birgə nikah dövründə 50000 manatdan çox ödəniş olub. Onlar isə yalnız 50000 manat məbləğin yarısı – 25000 manatı tələb edirlər. 2023-cü ilin fevral ayında 63 min manat ödəniş müəyyən edilib. “Changan” markalı maşın özgəninkiləşdirilib, hazırda onun mülkiyyətçisi cavabdehin nikahdan kənar münasibətdə olduğu şəxsdir. Amma buna baxmayaraq maşın hələ də cavabdehin istifafdəsindədir. Onlar bunu əks etdirən fotoşəkli də məhkəməyə təqdim ediblər. Əlavə olaraq qeyd edir ki, tərəflərin iki qız, bir oğlan uşaqları var. Hal-hazırda həmin evdə yaşayırlar. Kommunal xərclər iddiaçı tərəfindən ödənilir. Uşaqlardan biri Türkiyədə təhsil alır. Təhsillə bağlı da bütün xərcləri iddiaçı qarşılayır. Cavabdeh isə borc götürərək ödənişləri etdiyini qeyd edir. Oğlan “Dünya” məktəbində təhsil alır. İllik 5000 manat iddiaçı tərəfindən təhsil haqqına ödənilir. Sadəcə bu il üçün 1000 manat ödəniş həyata keçirilməyib. Tərəflərin qız övladı Nəzrin Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə təhsil alır. Onun da təhsil haqqı iddiaçı tərəfindən ödənilib. Digər övladı Gülnar Türkiyədə təhsil alır, onun üçün Türkiyəyə pul göndərilib. Fərdi yaşayış evi ilə bağlı verilmiş qiymətləndirmə rəyində problem var. Belə ki, ilk dəfə ödəniş üçün ona zəng olunmuş, 400 manat ödəniş edilməli olduğu bildirilmiş, qiymətləndirici şirkət tərəfindən evə baxış keçirilmədən, görmədən qiymət müəyyən olunmuşdur. Gülnarə xanımla əlaqə saxlayaraq məbləği bildirmiş, ödənişə razı olduğunu demişdir. Onlar ödəniş üçün getdikləri zaman şirkətin nümayəndəsi cavabdeh tərəfindən ödəniş edildiyini demişdir. Rəyin heç bir əsası yoxdur, qiymətin müəyyən olunması üçün istinad olunan analoji ev və ya meyar qeyd olunmayıb. Hansı hesablama əsasında həmin qiymətin müəyyən olunduğu da yazılmayıb. Hesab edir ki, qiymətləndirici şirkət şərti olaraq qiymət çıxarıb, heç bir əsaslandırması yoxdur. Müəyyən edilmiş qiymət real bazar qiymətinə uyğun deyil. Lakin işin lüzumsuz uzanmasının qarşısını almaq üçün bu məsələni məhkəmənin mülahizəsinə buraxır. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və qeyd etmişdir ki, cavabdehlə 1998-ci ildə ailə həyatı qurmuşdur. 2021-ci ilin noyabr ayında qızını Türkiyəyə aparmış, dekabr ayının sonlarında ailədə problemlər başlamış, cavabdehlə ailə münasibətləri pozulmuşdur. 2022ci ilin aprel ayında o, nikahın pozulması barədə məhkəməyə müraciət etmiş, sentyabr ayında isə rəsmi olaraq boşanmışlar. Ailə qurduqları vaxt ünvan 2 ünvanında yaşayırdılar. 1998-ci ildən 2018-ci ilə kimi həmin evdə yaşayıblar. Daha sonra sözügedən mübahisəli fərdi evdə yaşamağa başladılar. Hal-hazıradək birlikdə yaşayırlar. Cavabdeh tərəf mübahisəli fərdi evin daha əvvəl tikildiyini qeyd edir. Halbuki həmin ev 8 ildir ki, tikilib. Faktiki olaraq 5 ildir ki, həmin evdə yaşayırlar. Bildirir ki, sözügedən ev tikilməmişdən əvvəl orda ev yox idi. Təxminən 8-9 il əvvəl 12000 min manat ödəniş edərək evin yerləşdiyi torpaq sahəsini alıblar. Qaynatasıgilin 0,06 hektar torpaq sahəsi var idi, 0,02 hektar sahəni isə onlar özləri üçün aldılar. Bildirir ki, qaynatası 3-4 il əvvəl rəhmətə gedib, o, İşıq İdarəsində işləyirdi. Evin tikintisini bitirib tezliklə köçmək üçün o, hətta qızıllarını satmış, həmçinin lotoreya oynamışdır. Onu da bildirir ki, ev tikilən vaxt qaynatası xəstə idi. Cavabdehin evin bütün xərclərini yazdığı qeyd dəftəri mövcuddur. Evin ümumi xərci 300000 manatdan çoxdur. Həmçinin bildirir ki, Verdiyev Azər onların iş yoldaşıdır, yaxın dostluq əlaqələri var, əslində ondan belə bir hərəkətlər edəcəyini heç gözləməzdi. Qızı 2021-ci ildən universitetdə təhsil alır. Cavabdeh sadəcə bir neçə ay ödəniş edib. Daha sonra ödəniş etməmək üçün uşaqların nömrəsini bloka atıb. Hazırda da uşaqlarla əlaqəsi yoxdur. Bundan başqa bildirir ki, "xxxx" MTK-da olan evləri eyni gündə və eyni vaxtda almışdırlar. Həmin evi aldıqları ili dəqiq olaraq xatırlamır. Əvvəl ilkin ödəniş etdilər, daha sonra isə aylıq 1600-1800 manat məbləğində ödəniş edilirdi. O, "xxxx" MTK-da yerləşən mənzillərin alınmasına 10000 manata yaxın vəsait qoymuşdur. Demək olar ki, əslində evin haqqı bərabər şəkildə qoyulub, hətta bəlkə daha da çox vəsaiti, o qoymuşdur. Qeyd edir ki, o pulu cavabdehə verirdi, ödənişləri cavabdeh edirdi, özü ödəniş etmirdi. Məhkəmənin nəzərinə çatdırır ki, qaynatası evin tikintisinə heç bir vəsait qoymayıb. Belə ki, o təqaüd alırdı, hətta onlar cavabdehin atasına baxırdılar. O, 1998-ci ildən işləyir. “Cruise” markalı avtomobili təxminən 4-5 ildir ki, idarə edir. “Changan” markalı avtomobili alan zaman 6000 min manat pulu da o, vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, ailəsi ona indi kömək edir. Əvvəl isə onlara heç kim kömək etmirdi. Qaynatası təqaüdçü olduğu üçün kömək etməyi mümkün deyildi. Cavabdeh planlı şəkildə hər şeyi öz adına keçirmişdir. “Changan” markalı avtomobilin aylıq ödənişi 1000 manatdan çox idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X25 iddia tələbinə dair izahat verərək bildirdi ki, 2021-ci ilin dekabr ayında tərəflərin ailə münasibətləri faktiki olaraq pozulub, 2022-ci ilin sentyabr ayında boşanıblar. İlk növbədə bildirir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehin atasının adına olub. Torpaq sahəsi cavabdehin atası tərəfindən iki oğlu arasında bölünmüşdür. Əlavə olaraq bildirir ki, torpaq sahəsi cavabdehin atasının adına olduğu zaman evin tikintisinə başlanılmışdır. Yəni həmin dövrdə ev artıq mövcud idi, sonra isə torpaq sahəsi bölünmüşdür. Sözügedən mənzil birgə nikah dövründə tikilsə də, tərəflərin birgə vəsait hesabına tikilməsi barədə məhkəməyə hər hansı bir sübut sübut təqdim edilməyib. Bir daha qeyd edir ki, torpaq sahəsi tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına alınmayıb. Cavabdehin atasının torpağı olub, bağışlanma yolu ilə oğluna verilib və ev də cavabdehin atası tərəfindən tikilib. Bir sözlə, bağışlanma müqaviləsi olan mənzil ümumiyyətlə mübahisələndirilə bilməz. Hazırda iddiaçı tərəf yalnız biz özəl ekspert rəyinə istinad etməklə cavabdehdən 150000 manat pul tələb edir. Hesab edir ki, həmin məbləğ həddən artıq şişirdilmişdir. Əlavə olaraq bildirir ki, həmin mənzilin qiymətləndirilməsində maraqlı olmamışdırlar. Təqdim olunan şəkillər cavabdehin qardaşının evinin şəkilləridir. Rəydə qiymətin daha artıq müəyyən olunduğunu hesab edir. Əslində, onlar da rəylə razı deyililər. Sadəcə olaraq yenidən vaxt itirilməsini və prosesin uzanmasını istəmir. Digər iki mənzillə bağlı bildirir ki, cavabdeh iki uşağının təhsilinə görə Azər Verdiyev adlı şəxsdən borc pul götürmüşdür. Borcun məbləği 50000 manata çatdıqda isə məcbur qalaraq evi Azər Verdiyevin adına keçirmişdir. Bununla bağlı qəbzlər var, pul uşaqların təhsil haqqı üçün alınmışdır. Hazırda həmin mənzillər cavabdehin mülkiyyətində deyil. Cavabdehin Azər Verdiyev ilə qohumluq münasibətində olub-olmaması barədə məlumatı yoxdur. Lakin aralarında dostluq münasibəti mövcud olmuşdur. Bir daha qeyd edir ki, həmin mənzillər birgə nikah dövründə uşağın ödənişləri və borclarla bağlı satılmışdır. Hazırda mənzilləri alan şəxslər isə vicdanlı alıcılardır. Belə ki, onlar artıq həmin mənzillərin təmirinə də başlayıblar. O bu barədə olan fotoşəkilləri məhkəməyə təqdim etmişdir. “Changan” markalı nəqliyyat vasitəsi isə lizinq müqaviləsi əsasında alınmışdır. Lizinq ödənişləri edilə bilmədiyi üçün maşın artıq təhvil verilmişdir, cavabdehin istifadəsində deyil. Belə ki, “Changan” markalı maşının mülkiyyətçisi lizing şirkətidir. Cavabdeh ödəniş edə bilmədiyi üçün maşın lizinq şirkətinə qalıb. Hamıya məlum olduğu kimi lizinq götürən tərəfindən lizinq ödənişləri ödənilə bilmədikdə əvvəl ödənilmiş ödənişlər batır. Deməli, cavabdeh həmin maşının mülkiyyətçi olmadığına görə iddia tələbi həmin hissədə ümumiyyətlə təmin edilməməlidir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, “Changan” markalı maşının məbləğinin 63000 manat olduğu qeyd olunsa da, həmin məbləğin necə müəyyən olunduğu bildirilməyib. Bir daha qeyd edir ki, həmin maşın ümumiyyətlə cavabdehin mülkiyyətində deyil, ilk gündən onun mülkiyyətçisinin lizinq şirkəti olduğunu bildirmişdir. Digər mübahisəli “Cruise” markalı maşın iddiaçının adınadır, iddia tələbini həmin hissədə qəbul edirlər, yəni həmin maşın üzərində ½ hissədə pay müəyyən edilməsinə etiraz etmirlər. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X34 oğlu ifadəsində bildirdi ki, tərəflərin hər ikisini tanıyır. İlqar qardaşı, Gülnarə isə onun yoldaşıdır. Atasına məxsus torpaq sahəsi olub. O, həmin torpağı qardaşına verərək həmin torpaqda ev tikib yaşamasını bildirib. Əlavə olaraq qardaşı da 3 sot torpaq alıb və ev tikib yaşamağa başlayıblar. Bildirir ki, İlqarın maddi vəziyyəti yaxşı deyildi. Ona görə atası rəhmətə gedəndən sonra Sumqayıt şəhəri, məhəllə 45-də olan ev satılıb və əldə olunan vəsait hesabına hazırkı mübahisəli mənzilin tikintisi zamanı yaranan təmir borcu ödənilib. Qalan pulla isə Gülnarəyə Chevrolet markalı maşın alınıb. Bildirir ki, ustaların pulunu həmişə atası verib. Orada işləyən ustalardan Rəşadı və Cavidi tanıyır. Rəşad baş usta kimi işləyib. İlqarın ustalara pul verməsindən xəbəri yoxdur. Gülnarənin atası Azad isə hərdən bir oraya gəlib. Qeyd edir ki, mübahisəli evin tikintisinə 2013-cü ildə başlanılıb. 2016-cı ildən sonra isə təmir işləri qurtarıb və tərəflər 2017-ci ildə həmin evə köçüb yaşamağa başlayıblar. Evin tikintisinə dəqiq nə qədər məbləğ xərcləndiyini deyə bilməz. Çünki təmir qiymətləri dəyişmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X27 ifadəsində bildirdi ki, o, iddiaçını tanımır. Cavabdehi tanıyır, 2013-cü ilin yanvarında onun Corat qəsəbəsində yerləşən evində usta kimi işləyib, daş beton işlərini o, həll etmişdir. Həmin evi İlqar tikdirirdi, evin tikintisinə isə atası nəzarət edirdi, həmçinin onların pul məsələsinə də atası baxırdı. Onların haqqlarını cavabdehin atası Gülbala verirdi. Həmin vaxt orada onlar 3 usta birlikdə işləyirdilər. Evin tikintisi ilə Gülbaladan başqa heç kim maraqlanmırdı. Onun hazırda şahid kimi iştirak etməsini ona Rəşad demişdi. Rəşad özü onların başçısı idi. Evin tikintisi bir il yarımdan da çox çəkmişdi. Əslində ona pulu usta yoldaşı Azər verirdi. Azərə isə Gülbala verirdi. Onu da qeyd edir ki, o, İlqarın qardaşı Fuadı da tanıyır. Belə ki, o Sumqayıtda məşhur həkimdir. Bundan başqa Fuad da tikinti gedən zaman arada gəlib gedirdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. İddiaçı onun qızıdır. Fərdi yaşayış evi İlqar və Gülnarəyə məxsusdur. Evin bünövrəsi 2014-cü ildə qoyulub. 2017-ci ildə tərəflər yaşamaq üçün həmin evə köçüblər. Tərəflərin hər ikisi işləyib və birgə vəsaitləri hesabına evi tikiblər. Həmin ev tikilənə kimi tərəflər kirayədə və İlqarın atasıgilin evində yaşayırdılar. Bildirir ki, tərəflərin evinə gediş gəlişi olduğu üçün evin tikintisinə o nəzarət edirdi. Mübahisəli mənzil tərəflərin maddi imkanları olmadığı üçün 3 il ərzində tikilib. Hər iki tərəf evin tikilməsi üçün pul qoyurdu. İlqarın valideynləri evin tikilməsi üçün heç bir maddi köməklik göstərməyib. Evin tikilməsində iştirak edən ustalardan ancaq Rəşadı tanıyır, digərlərini isə tanımır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X21 ifadəsində bildirmişdir ki, İddiaçı bacısı qızıdır. Fərdi yaşayış evini tərəflər 2014-cü ildə tikməyə başlayıblar. Tərəflərin hər ikisi işləyib və birlikdə evi tikirdilər. Qeyd edir ki, evin tikilməsi xeyli vaxt aparmışdı. Lakin evin hazır olduğu və tərəflərin evə köçdüyü ili xatırlamır. Tərəflər əvvəl Sumqayıt şəhəri, məhəllə 45-də yaşayırdılar. Bu ev hazır olduğu zaman həmin evi satdılar. Onu da qeyd edir ki, tikinti pulunu demək olar ki, özləri qoyublar, lakin Gülnarənin də atası onlara kömək edirdi. Bildirir ki, Gülnarənin atası onlara həmişə maddi dəstək olub. İlqarın atasının isə evin tikilməsinə maddi vəsaiti qoyub-qoymamasından xəbəri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxslər X23, X20, X10 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, respublika ərazisində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən hal-hazırda Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində 05 iyul 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284 C-də yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsaslnda Cavabdeh adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasj Daxili İşlər Nazirliyi Baş X36 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş X36 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Ağayev llqar Gülbala oğlunun adında xx.xx.2019-cu il tarixdən «CHEVROLET CRUZE» markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İşdə olan «CHEVROLET CRUZE» markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair komputer çıxarışından görünür ki, avtomobilin sahibi Cavabdehdur. Həmin avtomobilə dair xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək İddiaçı adına etibarnamə verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Saray–H MTK–nın 37 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu ildə Saray MTK-ya məxsus Cavabdeh 73 saylı binda 39 saylı 65.kv və 38 saylı 67 kv mənzilləri müqavilə ilə almışdır. Bina 73, mənzil 39, kv 65 dəyəri 39000 AZN, xx.xx.2022-ci il tarixinə qədər ödənilən məbləğ 32740 AZN, MTK-ya borcu 6260 AZN təşkil edir. Bina 73, mənzil 38, kv 67 dəyəri 40200 AZN, xx.xx.2022-ci il tarixinə qədər ödənilən məbləğ 33460 AZN, MTK-ya borcu 6740 AZN təşkil edir. İşdə olan xx.xx.2013-cü il tarixli Bağışlama müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ağayev Gülbala Rza oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixində verilmiş 14/3299 nömrəli arayışa və xx.xx.2013-cü il tarixli qeydiyyat nömrəsi **********, RX ******* olan çıxarışa əsasən Sumqayıt şəhər, 21-ci mikrorayon-da yerləşən 0.0865 ha torpaq sahəsindən 0.0418 ha hissəsini Cavabdeh bağışlamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, X6 İlqar Gülbala oğluna xx.xx.2022-ci il tarixinədək qaytarmaq çərti ilə 50.000 manat məbləğində borc pul vermişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 0113-1 nömrəli hesabatdan görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən torpaq sahəsinin qiyməti (bazar dəyəri) 96000 manat dəyərində müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 0113-1 nömrəli hesabatdan görünür ki, Sumqayıt şəhər, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin qiyməti (bazar dəyəri) 298000 manat dəyərində müəyyən edilmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 39 xüsusi mülkiyyət hüququ əsasında X14 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 38 xüsusi mülkiyyət hüququ əsasında X14 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Sözügedən müqavilə üzrə xx.xx.2023-cü il tarixinə ödənilən məbləğ 63865 manat, qalıq borc isə 8544 manat təşkil edir. Sözügedən nəqliyyat vasitəsi hal-hazırda Cavabdeh istifadəsindədir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Ağayeva (Xudaverdiyeva) Gülnarə Azad qızı ilə Cavabdeh arasında Sumqayıt şəhəri nikah evində xx.xx.1998-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 424 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X12 İddiaçı yanında qalması, Cavabdeh 12 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Daha sonra Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin həyata keçirilə bilməməsi səbəbindən müqavilə üzrə Alıcı dəyişdirilmiş və X22 ilə yeni müqavilə bağlanmışdır. Lakin sözügedən nəqliyyat vasitəsi hal-hazırda etibarnamə ilə Cavabdehl oğlunun qanuni istifadəsindədir. İşdə olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 38 xüsusi mülkiyyət hüququ əsasında X11 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 Azər Şirbala oğlundan Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 saylı mənzili 40000 manata almışdır. İşdə olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 162 nömrəli protokolundan çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 saylı mənzilin payçısının X23 olması təsdiq edilmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, mənzil 39 xüsusi mülkiyyət hüququ əsasında X7 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 Azər Şirbala oğlundan Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 39 saylı mənzili 35000 manata almışdır. İşdə olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 163 nömrəli protokolundan çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 39 saylı mənzilin payçısının X23 olması təsdiq edilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-568 nömrəli 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 240000 (iki yüz qırx min) manat, likvid dəyəri 192000 (bir yüz doxsan iki min) məbləğində qiymətləndirilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən aşağıda qeyd olunan ödənişlər həyata keçirilmişdir: Avtomobilə görə ilkin ödəniş - 20 065 AZN; Avtomobilin kasko, icbari sığorta və DYP ödənişi - 3505 AZN; Ödənilən aylıq ödəniş - 31 900 AZN (27 Apel 2022-ci il tarix daxil olmaqla); Ödənilən aylıq ödəniş - 18 900 AZN (22 İyun 2022 - 20 Sentyabr 2023-cü il tarixlərində). Kredit müddəti ərzində ödənilən aylıq ödənişin cəmi - 50 800 AZN; Qalıq borc - 1 544 AZN (11 Oktyabr 2023). Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150.000 (bir yüz əlli min) manat həcmində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; 2) “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması; 3) “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; 4) "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56.7 kv.m) fərdi yaşayış sahəsinə dair X23 ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X7 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) fərdi yaşayış sahəsinə dair X23 ilə X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X11 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli,********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması. Məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150.000 (bir yüz əlli min) manat həcmində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavabdehin atası - Ağayev Gülbala Rza oğlu Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.0865 ha torpaq sahəsindən 0.0418 ha hissəsini Cavabdeh bağışlamış, həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, 21-ci mikrorayon-da yerləşən 0.0865 ha torpaq sahəsi üzərində fərdi yaşayış evini tikmiş və orada yaşamağa başlamışdırlar. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçı həmin yaşayış sahəsinin bazar dəyərinin yarısının (150000 manat) cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər mübahisəli mənzilin birgə nikah dövründə tikilməsini mübahisələndirmirlər. Lakin cavabdeh tərəf mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin atası Ağayev Gülbala Rza oğlunun maddi vəsaiti hesabına tikildiyini iddia edir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ər-arvad ailə şəkilində ümumi təsərrüfat apardıqları üçün onların hər birinin qazandıqları əmlak ayrıca sübutetməyə ehtiyac olmadan onların ümumi birgə əmlakı sayılır. Hətta, Ailə Məcəllənin 32.3-cü maddəsi müəyyən edir ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Bu baxımdan Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri əmlakın ər-arvadın ümumi birgə mülkiyyət sayılması üçün iki şərt nəzərdə tutmaqla yanaşı, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyanı nəzərdə tutmuşdur. Prezumpsiya dedikdə, əksi sübut edilməyənədək mötəbər sayılan ehtimal başa düşülür. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrindəki qanuni prezumpsiya baxımından əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin əmlak ümumi birgə mülkiyyət kimi qəbul olunsun. Başqa sözlə, əksi sübuta yetirilməyənədək, birgə nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tərəflərin birgə gəlirləri hesabına tikildiyini sübuta yetirə bilmişdir. Belə ki, cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə yalnız iki şahid ifadəsi təqdim etmişdir. Həmin şahidlərdən biri cavabdehin qardaşı olmaqla onun yaxın qohumudur. Məhkəmə qeyd edir ki, ər (arvad) arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni hazırki halda mübahisəli evin məhz qardaşının deyil, atasının vəsaiti hesabına tikildiyini bildirməsi normal haldır. Digər şahid ifadəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, mübahisə evdə usta işləyən şəxsin ifadələri ziddiyyətli olmaqla yalnız onun ifadəsi tərəflərin birgə nikah dövründə tikdirdiyi evin onların birgə vəsaiti hesabına tikilmədiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, cavabdehin atasının yaşadığı (sağlığında) ev ilə tərəflərin tikdirdiyi ev qonşu torpaq sahələrində yerləşməklə onların fotoşəkli məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəklə baxdıqda xüsusi bilik tələb olunmadan tərəflərin birgə nikah dövründə tikdirdiyi fərdi yaşayış evinin həm görünüşünə, həm layihəsinə, həm də fasadına görə cavabdehin atasına məxsus digər evdən daha dəyərli olduğu aydın görünür. Məhkəmə Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin atasının gəlirləri hesabına deyil, tərəflərin birgə nikah dövründə birgə gəlirləri hesabına tikilməsi nəticəsinə gələrkən bu halı da nəzərə alır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı həmin evin dəyərinin yarısını cavabdehdən tələb etməkdə haqlıdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-568 nömrəli 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 240000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəf həmin rəylə razı olmadığını bildirsə də, həmin rəyə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə vermiş, işin həmin halının əlavə araşdırılmasına zərurət olmadığını bildirmişdir. Cavabdeh tərəf isə həmin rəydə qeyd edilən qiymətlə razılaşmadıqlarını, mənzilin dəyərinin şişirdildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin dəyərinə münasibətdə iş üzrə keçirilmiş qiymətləndirmə nəticəsində məhkəməyə təqdim edilmiş qiymətləndiricinin rəyi əsas götürülməklə Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar dəyərinin (240000 manat) yarısı – 120.000 (bir yüz iyirmi min) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (Ailə Məcəlləsi maddə 36.1, 36.2, 36.3) Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Tərəflər, “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onların birgə nikahları dövründə əldə edildiyini mübahisələndirmirlər. İş materiallarından da görünür ki, mübahisəli maşın xx.xx.2019-cu il tarixdən Cavabdeh adınadır. Bu səbəbdən məhkəmə hesab edir ki, “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İddiaçı ilə Cavabdeh payları bərabər (1/2) müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mübahisəli nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən alınmışdır. Həmin avtomobilin alqı-satqı müqaviləsi üzrə birgə nikah dövründə ümumilikdə 55470 manat (20065 manat - ilkin ödəniş + 3505 manat - DYP, sığorta ödənişləri + 31900 manat - xx.xx.2022-ci il tarixədək aylıq ödənişlərin cəmi) ödəniş edilmişdir. ("xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən) İddiaçı ilə cavabdehin münasibətləri 2021-ci ilin dekabr ayının sonlarından pozulmuş, iddiaçı xx.xx.2022-ci il tarixdə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırki hissədə iddia tələbinə etirazını “CHANGAN GS75” markalı, **-PT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən lizinq müqaviləsi əsasında əldə edildiyini, cavabdehin lizinq ödənişlərini edə bilməməsi əsası ilə avtomobilin hazırda başqa şəxsin adına qeydə alınması, beləliklə cavabdehin həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnun yaranmaması və lizinq ödənişlərinin itməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin həmin hissədə iddia tələbinə etirazı ilə razılaşmır. Belə ki, qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəf mübahisəli avtomobilin lizinq müqaviləsi əsasında əldə edildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut (lizinq müqaviləsinin surətini) təqdim olunmamışdır. Əksinə "xxxx" MMC-nin iş materiallarında olan bir neçə məktubunun məzmunundan görünür ki, “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən mübahisəli nəqliyyat vasitəsi lizinq müqaviləsi əsasında əldə edilsə belə, bu iddia tələbinin “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş pul vəsaitinin ½ hissəsi – 25.000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməsinə mane olmur. Belə ki, lizinq münasibətlərindən irəli gələn münasibətləri tənzimləyən Mülki Məcəllənin maddələrinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (748-10.1). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (748-2.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (748-1.12). İşin hallarından göründüyü kimi tərəflər birgə nikah dövründə avtomobil almış, nikah pozulduqdan sonra həmin avtomobil cavabdehin istifadəsində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahına xitam verildikdən sonra, xüsusilə də mübahisəli avtomobilə dair bağlanmış müqavilə əsasında edilmiş ödənişlərin bölünməsi barədə iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən avtomobilin başqa bir şəxsin adına keçirilməsi həmin ödənişlərin tərəflər arasında bölünməsindən yayınmaq məqsədi daşıyır. Bu halı mübahisəli avtomobilin bugünədək cavabdehin istifadəsində qalması, avtomobili idarə etmək üçün onun adına etibarnamə verilməsi halları da təsdiq edir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, mübahisəli avtomobil lizinq müqaviləsi əsasında əldə edilmişdirsə belə lizinq verən şirkət olan "xxxx" MMC tərəfindən lizinq ödənişlərinin edilməməsi ilə əlaqədar cavabdehə qarşı hər hansı iddia qaldırılmamış, lizinq obyektinin qaytarılması tələbi irəli sürülməmişdir. Cavabdeh öz razılığı ilə müqaviləni başqa şəxsin adına dəyişdirmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ilə cavabdehin münasibətləri 2021-ci ilin dekabr ayının sonlarından pozulmuş, iddiaçı xx.xx.2022-ci il tarixdə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından isə görünür ki, mübahisəli avtomobilin alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək 55470 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən avtomobilə görə tərəflərin birgə təsərrüfat apardığı dövrdə edilmiş ödənişlərin 50000 manat hissəsində tərəflərin arasında bölünməsi ədalətli və ağlabatandır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş pul vəsaitinin (50000 manat) ½ hissəsi – 25.000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair hissədə isə təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 və 39 saylı mənzillər tərəflərin birgə nikah dövründə - 2019-cu il tarixində alınmışdır. Daha sonra həmin mənzillər xüsusi mülkiyyət hüququ əsasında X14 adına qeydiyyata alınmışdır. Azər Verdiyev xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri ilə 38 saylı mənzili X15, 39 saylı mənzili isə X2. 38 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında A.Cavadovanının adına, 39 saylı mənzil isə xüsusi mülkiyyət hüququ əsasında S.İsmayılovanının adına qeydə alınmışdır. Hazırda iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsini, X11 və X7 adına verilmiş çıxarışların ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Mülki Məcəllənin daşınmaz əmlaka dair vicdanlılığı istisna edən 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi mülki qanunvericilikdə yalnız ər-arvaddan birinin digərinin razılığı olmadan bağladığı sərəncam əqdi üzrə vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmadığı barədə qaydanı təsbit etmişdir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığı qorunur. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər və ya arvaddan biri deyil, reyestrdəki qeydiyyata etimad edən mülki hüququn bərabərhüquqlu digər subyektləridir. Hazırki işin materiallarından isə görünür ki, birgə nikah dövründə əldə edilmiş mənzillər iddiaçının razılığı olmadan X14 adına qeydiyyata alınmışdır. Həmin mənzillər sonradan X23 tərəfindən üçüncü şəxslərə (X15 və X9) satılmışdır. İddiaçı isə onun razılığı olmadan birgə nikah dövründə əldə edilmiş mənzillərin X14 adına qeydə alınmasının etibarsızlığı barədə iddia qaldırmamış, mənzillərin A.Verdiyev tərəfindən X15 və X1 dair əqdlərin etibarsızlığı barədə tələb irəli sürmüşdür. İddiaçı həmin şəxslərin çox güman ki bacı olmaqla vicdansız sahib olduqlarını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Konstitusiyanın 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllənin müvafiq maddələrində də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun yaranmasına, tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Məhkəmə hesab edir ki, hamılıqla qəbul olunmuş, insanın əsas və ayrılmaz hüquqlarından olan mülkiyyət hüququnun mübahisələndirilməsi mötəbər, kifayət qədər əsaslı sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki iş üzrə iddaçı üçüncü şəxslər X15 və X9 münasibətdə məhkəməyə belə mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, mənzillərin X15 və X3 prosesində cavabdehin etibarnamə əsasında bilavasitə alqı-satqıda iştirak etməsi halı həmin müqavilələrin etibarsız hesab edilməsi üçün yeganə əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56.7 kv.m) fərdi yaşayış sahəsinə dair X23 ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X7 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) fərdi yaşayış sahəsinə dair X23 ilə X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X11 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli,********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində İddiaçı ½ hissədə pay hüququnun tanınması hissəsində təmin edilməməlidir. Məhkəmə İddiaçı izah edir ki, onun sözügedən mənzillərin əldə olunmasına birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına ödənilmiş hissəsinin cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun yarısı (25 manat) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı – 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün birgə nikah dövründə ödənilmiş pul vəsaitinin yarısı – 25.000 (iyirmi beş min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Birgə nikah dövründə əldə olunmuş, “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində bərabər olmaqla ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 75 (yetmiş beş) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar