Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3407/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixində anadan olmuş Zəkərgəyev Səid Rəşad oğlunun xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2014-cü ildə rəsmi olaraq Zəkərgəyeva Elvina ilə nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü Səid adlı övladları anadan olmuşdur. Övladları anadangəlmə ciddi xəstəliklərlə doğulmuşdur. xx.xx.2025-ci il tarixində övladlarının vəziyyəti ağırlaşmış, ərizəçinin ailə üzvləri onun övladını Sumqayıt şəhərində yerləşən 1 nömrəli Xəstəxanaya çatdırmışlar. Ərizəçinin övladı orada vəfat etmişdir. 1 nömrəli Xəstəxana ərizəçiyə buna dair arayış təqdim etmişdir. Ərizəçi bu arayış ilə övladını Sumqayıt yeni qəbiristanlığında dəfn etmişdir. Ölüm şəhadətnaməsinin alınması üçün müraciət edən zaman ərizəçiyə bildirilib ki, Xırdalan şəhərində yerləşən xəstəxanadan ölümə dair tibbi arayış alınmalıdır. Ərizəçi həmin sənədin verilməsi üçün iş üzrə maraqlı şəxsə müraciət etsə də, xx.xx.2025-ci il tarixdə müraciətinin icrasından imtina edilmişdir. İmtinaya əsas olaraq ölüm haqqında tibbi şəhadətnamənin olmaması bildirilmişdir. Ərizəçinin övladının xx.xx.2025-ci il tarixdə ölməsi ilə bağlı arayışı olsa da, buna dair şəhadətnamənin verilməsinə nail ola bilməmiş, bu hal ona mənəvi pis təsir etmişdir. Hesab edir ki, övladının ölüm faktı qeydə alınmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin övladının anadangəlmə xəstəliyi ilə bağlı məlumatlı olmuşdur. Uşağın vəziyyətinin pisləşməsi ilə bağlı xəstəxanaya aparılmasından məlumatlı olandan sonra oraya getmiş və Səidin ölməsini bilmişdir. Səid Sumqayıt qəbristanlığında dəfn edilmiş və o da dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçinin uzaqdan qohumudur. Səid Sumqayıt qəbristanlığında dəfn edilmişdir və o da dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçi onun baldızının oğludur. Səid Sumqayıt qəbristanlığında dəfn edilmişdir və o da təxminən 17 fevral 2025-ci il tarixdə yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-7- 15-2201/2025 saylı məktubdan görünür ki, Zəkərgəyev Səid Rəşad oğlunun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - AZ-İV № 033441 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Zəkərgəyev Səid Rəşad oğlunun atası Ərizəçi, anası isə X2r. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Zəkərgəyev Səid Rəşad oğlu müddətsiz birinci dərəcəli əlildir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən 8 aprel 2025-ci il tarixli, 18-1-20/2-Z-1064-42- 887/2025 saylı məktubdan görünür ki, S.Zəkərgəyevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilməmişdir. - Sumqayıt Tibb Mərkəzi PHŞ 1 Nömrəli Xəstəxana tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Zəkərgəyev Səid Rəşad oğlu xx.xx.2025-ci il tarixdə, 16:15 radlərində Sumqayıt Tibb Mərkəzi PHŞ 1 Nömrəli Xəstəxanaya daxil olmuş və vəfat etmişdir. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat və X1 Xidmət İdarəsi tərəfindən verilmiş 23 saylı arayışdan görünür ki, Zəkərgəyev Səid Rəşad oğlu Sumqayıt şəhər Qəbristanlığında xx.xx.2025-ci ildə dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin oğlu Zəkərgəyev Səid Rəşad oğlu xx.xx.2025-ci il tarixdə Sumqayıt Tibb Mərkəzi PHŞ 1 Nömrəli Xəstəxanada ölmüş, Sumqayıt şəhər Qəbristanlığında, xx.xx.2025-ci il tarixində dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 noyabr 2017-ci il təvəllüdlü Zəkərgəyev Səid Rəşad oğlunun xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-3407/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3407/2025
10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver