Məhkəmə qərarları › İş №e-2(060)-386/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-386/2023

17.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-386/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavadeh Cavabdeh 6000 (altı min) pulun, 1 ədəd 6 qaşlı dördkünc qızıl üzüyün, 1 ədəd ilan formalı qızıl üzüyün, 1 ədəd sadə qızıl üzüyün və 1 ədəd sadə qızıl qolbağın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavadehi uzun müddətdir ki, tanıyır, qızı Aynurə ilə ailə həyatı qurmaq istədiyini bilmişdir. Qızının birinci evliliyi uğursuz olduğu üçün cavabdehə tez bir zamanda hə cavabı vermək istəməmişdir. Hesab etmişdir ki onlar bir birilərini daha yaxşı, daha dərindən tanımalıdırlar. Artıq 2020-ci ildə qərara gəlmişdir ki, qızını cavabdehə ərə verə bilər. Bu səbəbdən də aralarında razılıq əldə olunmuş, iddiaçı qızının cavabdehlə ailə qurmasına razılıq vermişdir. 2020-ci ilin əvvəllərində cavabdeh pula ehtiyacının olduğunu bildirmiş və təcili ona 2500 manat lazım olduğunu söyləmişdir. İddiaçı artıq cavabdehin qızının nişanlısı olduğu üçün ona inanaraq 2500 manat borc pul vermişdir. Təxmini 2020-ci ilin may-iyun aylarında Cavabdeh valideynləri və yaxın qohumları yaşadığı evə gələrək qızı Aynurə Nəsirovanı Cavabdeh üçün istəmişdirlər. Pandemiya dövrü olduğu üçün toy mərasiminin keçirilməsi mümkün olmamış, 10-15 nəfərlik yaxın qohumların iştirakı ilə yığıncaq təşkil olunmuş və qızını cavabdehə ərə vermiş və qızını cavabdehə məxsus mənzilə yola salmışdır. Bundan sonra iddiaçı qızına cehiz almaq üçün Sumqayıt şəhərinə gəlmək və oradan cehiz-əmlakı almaq barədə cavadehə və onun ailə üzvlərinə məlumat vermişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki ki, “mənim yaxın tanışlarım var siz cehizə verəcəyiniz pulu mənə verin mən üstünü də düzəldərək bütün cehiz əmlakını hamısını bir yerdən alacağam və beləliklə evin bütün əşyaları ucuz qiymətə başa gələcəkdir. ” İddiaçı hər bir halda qızına cehiz əşyalarını almalı olduğundan cavadehin səmimiyyətinə inanaraq 2000 manat bankdan götürərək özündə olan 1500 manatla birlikdə cəmi 3500 manatı cavabdehə vermişdir. Əlavə olaraq bildirmişdir ki, qızına hədiyyə olaraq 3 ədəd üzük (1 ədəd qızıl dördkünc üzük 6 qaşlı, 1 ədəd qızıl ilanvari üzük, 1 ədəd qızıl sadə üzük və 1 ədəd sadə qolbağı) vermişdir. Cavabdeh həmin qızıl-zinət əşyalarını və ona verdiyi pulları bu günə qədər iddiaçıya qaytarmamışdır. Bununla bağlı iddiaçı DİN-nin 102 xidmətinə müraciət etmiş, iddiaçının müraciəti əsasında Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırılma aparılmış və cavabdeh həmin araşdırma zamanı deyilən xüsusatları təsdiq etsə də bu günədək pulları və qızılları qaytarmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, təxminən 2020-ci ildə cavabdehlə iddiaçının qızının nişan və toy mərasimi ilə bağlı danışıqlar olmuş, cavabdeh iddiaçının qızı Nəsirova Aynurə ilə ailə qurmaq istədiyini bildirmiş və bir müddət sonra iddiaçı tərəf öz fikrini qətiləşdirəndən sonra 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq ev şəraitində iddiaçının qızı ilə cavabdehin nişan mərasimi baş tutmuşdur. Bundan sonra cavabdeh çoxlu borclarının olduğunu və bunu ödəmək iqtidarında olmadığını bildirərək iddiaçıdan borca pul istəmişdir. Etibarlı ailə münasibətləri yarandığı üçün, artıq qızının hərisini verdiyi üçün iddiaçı evdə olan 2500 manatı cavabdehə vermişdir. Nişan mərasimi olandan sonra iddiaçının qızı Nəsirova Aynurə ilə cavabdeh bir ailə kimi yaşamağa başlamışlar. El adəti ilə iddiaçı cavabdehin valideynlərinə qızı üçün cehiz və zinət əşyaları vermək istədiyini bildirmiş, cavabdeh isə yaxın dostunun mebel dükanının olduğunu, daha münasib qiymətə mebel alaraq iddiaçının qızı ilə özünün yaşayacaqları mənzilə gətirəcəklərini demişdir. İddiaçı da qızına cehiz vermək fikrində olduğu üçün cavabdehin təklifi ilə razılaşmış, bununla əlaqədar olaraq 2000 manat məbləğində bankdan kredit götürmüş, içərisində 500 manat olan “Albalı” kart almış və özündə olan 1000 manatı da üzərinə qoymaqla, ümumilikdə, 3500 manatı cehiz və zinət əşyaları alınması üçün cavabdehə vermişdir. Hətta tərəflər Sumqayıt şəhərində yerləşən mebel dükanına gələrək mebelin forması, rəngi barədə də razılığa gəlmişdir. Lakin həmin gün cavabdehin təklifi ilə mebellərin alınması və 3500 manat məbləğində ödənişin edilməsi baş tutmamışdır. Belə ki, cavabdeh bildirmişdir ki, öz yaxın tanışları, dostları mebelləri gətirib mənzilə yerləşdirəcəklər. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, evə mebellər gəlməmişdir və artıq iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu aldadıb. Hesab edir ki, iddiaçının tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatındə sübuta yetirilmişdir. Cavabdeh əvvəlcə mebel dükanına getmələrini inkar etsə belə, məhkəmə iclası gedişində sual-cavabla məlum olmuşdur ki, tərəflər birlikdə mebel dükanına gedib, mebellərin qiyməti ilə maraqlanıb razılığa gəlmişlər, lakin cavabdehin təklifi ilə mebeli alıb gətirməmişlər. Bu hal da 3500 manatın iddiaçı tərəfindən cavabdehə verilməsini və həmin pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə tələbin əsaslı olmasını sübut edir. İlk dəfə cavabdehə verilmiş 2500 manat isə cavabdeh tərəfindən mübahisələndirilmir. 3 ədəd üzük və 1 ədəd qolbağının cavabdehdən alınması tələbinə gəlincə isə cavabdeh məhkəmə hazırlıq iclasında həmin zinət əşyalarının mövcud olduğunu və çox ucuz qiymətə satdığını bildirmişdir. Qeyd olunanlar əsasında iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı bildirdi ki, ilk dəfə cavabdeh Almaz adlı qadına 3500 manat borcu olduğunu bildirmiş, iddiaçı da 2021-ci ilin iyul ayında qızının yanında evdən 2500 manat götürüb cavabdehə vermişdir. Daha sonra mebellərin alınması üçün "xxxx"dan 2000 manat məbləğində kredit götürmüş və "xxxx"dan içərisində 500 manat olan “Albalı” kart vermişdirlər. Bankdan sonra mebel mağazasına gedəndə cavabdeh pulu ona verməyini, tanışının olduğunu, həmin tanışının da mebeli götürüb gətirəcəyini söyləmiş, iddiaçı da razılaşıb pulu cavabdehə vermişdir. Oğlu Qarabağ müharibəsində yaralandığından və başı ona qarışdığından bir müddət mebellərlə maraqlana bilməmiş və müəyyən müddət keçəndən sonra mebellərə baxmağa gedəndə mebelin olmadığının fərqinə varmamışdır. Qeyd etdi ki, qızı da ona mebelin gəlmədiyini bildirməmişdir. Cavabdehdən tələb edilən 6000 manatın 1000 manatını isə cavabdeh iddiaçının oğlunun ölümü ilə əlaqədar verilən müavinat kartından götürmüş, kartı da sonra iddiaçıya qaytarmışdır, iddiaçı həmin kartı da cavabdehə qızının yanında vermişdir. Daha sonra cavabdeh ona “Soliton”dan televizor, soyuducu götürəcəklərini, amma pul çatmadığını bildirmiş, buna görə də iddiaçı özünə məxsus olan 3 qızıl üzük və 1 qızıl qolbağını aparıb satması üçün cavabdehə vermişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı "xxxx"dan 2500 manat kredit götürmüş, cavabdeh də iddiaçıdan 2500 manatı almışdır. İddia tələbinin 3500 manat borcun ona verilməsi hissəsini qəbul etmədi. Bildirdi ki, həmin vaxt Corat qəsəbəsində kirayədə yaşamışdır, kirayə qaldığı evdə də əşyalar olduğu və yer olmadığı üçün hər hansı mebelin alınmasına ehtiyac olmamışdır. Hebelə özünün mebellərin alınması üçün tanışı olmadığını qeyd etdi. İddiaçı qızının müalicəsi ilə əlaqədar çəkdiyi xərcləri mebellərin alınması üçün verilən pul kimi qeyd etsə də, həmin pulu borc olaraq verməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddiaçının qızına qızıl-zinət əşyalarından yalnız 2 qızıl üzük verdiyini və həmin üzükləri satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, cavabdehlə nikahdan kənar ailə qurmuşdur. Cavabdehlə tanış olduqdan sonra ondan pul istəmiş, artıq nişanlı olduqları üçün anası cavabdehə pul verməkdən imtina etməmişdir. Bundan sonra anası 2500 manat pulu cavabdehə vermişdir. Bildirdi ki, cavabdehin evinə köçdüyü zaman cehiz aparmamış, daha sonra mebel almaq qənaətinə gəlmişlər. Bundan sonra cavabdehlə bərabər mebel mağazasına gedərək, mebel bəyənmiş, cavabdeh həmin mebelləri özü gətirəcəyini bildirərək, mebel mağazasından çıxmışlar. Lakin mebel alınmamış, hətta mebelin alınması üçün anasının verdiyi pul məbləği də cavabdehdə qalmışdır. Mebellərin niyə gətirilmədiyi barədə cavabdehə sual verdikdə borcu olduğunu, həmin pulu borcunu bağlamaq üçün istifadə etdiyini bildirmişdir. Bununla yanaşı bildirdi ki, anası ona 3 qızıl üzük və 1 qızıl qolbağı hədiyyə etmişdir. Həmin qızıl-zinət əşyaları birlikdə yaşadıqları evdə olmuş, daha sonra məlum olmuşdur ki, cavabdeh ona (X3) məxsus qızılları satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, cavabdeh onun oğludur. Bildirdi ki, iddiaçı onun oğluna 2500 manat bankdan kredit götürərək pul vermişdir. İddiaçı mebel alınması üçün cavabdehə pul verməmişdir. 1 il əvvəl iddiaçıya zəng edərək, bank kartına aylıq hissə-hissə ödəniş həyata keçirməsini təklif etsə də, iddiaçı buna razı olmamışdır. Həmçinin qeyd etdi ki, oğlunun iddiaçının qızı Nəsirova Aynurə ilə birlikdə mebel mağazasına getməkləri barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi, iş materiallarına əlavə edilmiş “Mikro SD” kartdakı səs yazısına texniki imkanlar olmadığı üçün baxış keçirilməsi mümkün olmamışdır. İclasın gedişatında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə həmin səs yazısı dinlənildikdən sonra məlum oldu ki, iddiaçı tərəfin dediyinə görə həmin səs yazısı cavabdehə məxsusdur, cavabdeh də səs yazısının ona məxsus olduğunu etiraf etmişdir. Dinlənilən səs yazısında cavabdeh Nəsirova Aynurəyə ayrılmaq istəmədiyi təqdirdə anasının ona söz verdiyi 1000 manatı verərsə, əşyaları ilə birlikdə evə qayıda biləcəyini bildirmişdir. 14 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4, borc pul və əşyaların evdən götürülməsi ilə bağlı mövcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması bildirilmişdir. 3430sSUM/20 saylı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, İddiaçı "xxxx" KB ASC tərəfindən illik 29,5 faizlə, 24 ay müddətinə ödəmək şərtilə 2000 manat kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən- Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci Maddəsinə əsasən- Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən- Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən -Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən - Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 560.1-ci maddəsinə əsasən - Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən - Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən - Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1091.1-ci maddəsinə əsasən - Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən -Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən - Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən - Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə işi araşdıraraq hesab edir ki, cavabdeh iddiaçıdan iki dəfə pul almışdır, birinci dəfə 2500 manat borc qismində, ikinci dəfə isə mebel almaq adı ilə 3500 manat. İddianın 2500 manat hissəsinə məhkəmə borc münasibətləri kimi qiymət veriri, iddianın 3500 manat hissəsində isə cavabdehin əsassız varlanması kimi. İddianın qeyd edilən hissəsi üzrə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı qızı X6 ilə nikahdan kənar ailə qurmuşdur. İddiaçının qızı gəlin köçən zaman özü ilə cehiz əmlak aparmamışdır. Daha sonra iddiaçı qızına cehiz almaq məqsədilə cavabdehlə birlikdə mebel mağazasına getmişlər və orada 3500 manat dəyərində mebel bəyənmişlər, cavabdeh 3500 manatı iddiaçıdan alaraq mebel evə gəldikdən sonra ödəniş edəcəyini bildirsədə, həmin vəsaitə mebel almayaraq, vəsaiti öz şəxsi xərclərinə istifadə etmişdir. Bu hissədə iddiaçı iddiasını müdafiə edir cavabdeh isə yalnız 2500 manat borcu qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddianın 3500 manat hissəsinə etirazı əsassızdır. İddianın 1 ədəd 6 qaşlı dördkünc qızıl üzüyün, 1 ədəd ilan formalı qızıl üzüyün, 1 ədəd sadə qızıl üzüyün və 1 ədəd sadə qızıl qolbağın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə dair Məhkəmə aşağıda qeyd edilən normaları tətbiq edilməsini qəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən - Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən- Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı ... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə iddianın qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı hissəsində qeyd edir ki, iddiaçının və şahid qismində dindirilən qızının da dediyi kimi 1 ədəd 6 qaşlı dördkünc qızıl üzüyün, 1 ədəd ilan formalı qızıl üzüyün, 1 ədəd sadə qızıl üzüyün və 1 ədəd sadə qızıl qolbağı anasından qızına hədiyyə edilmişdir. Bundan sonra cavabdeh iddiaçıdan deyil, X1 həmin qızıl-zinət əşyalarını alaraq satmışdır. Həmin qızıl-zinət əşyaları artıq X4 məxsus olduğundan, əşyalar üzərində istifadə və sərəncamvermə hüquqları ona aiddir. Həmin qızıl-zinət əşyalarını və ya onların dəyərini tələb etmək hüququ iddiaçıya deyil, X4 aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar