Məhkəmə qərarları › İş №e-2(060)-393/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-393/2023

08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-393/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzilində 1/3 hissədə olan mülkiyyət payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzil vərəsəlik qaydasında 2/3 açıq pay saxlanılmaqla onun adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, xx.xx.2022-ci il qeydiyyat tarixli adına çıxarış verilmişdir. O, cavabdehlərə mülkiyyətində olan əmlakın satılaraq əldə olunmuş pul vəsaitinin payına uyğun bölüşdürülməsini təklif etsə də, onlar razılaşmır. O, öz mülkiyyət payını istəyir, cavabdehlərin hər hansı hüquqlarını məhdudlaşdırmır. Cavabdehlər öz paylarının qeydiyyata aldırmasını qərəzli və ya hər hansı səbəbdən olaraq həyata keçirməmişlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən payının naturada ayrılması ilə bağlı imtina məktubu verilsə də, hesab edir ki, payının naturada ayrılmaması mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. Hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli ev anasına məxsus olmuşdur. Cavabdehlər bacısı və qardaşıdır. O, Türkiyədə yaşayır. Anasının yas mərasimi ilə əlaqədar gəlmişdir. Cavabdehlər ona hər şeyin halal formada həll olunmasını istədiklərini bildirmiş, o isə ev müqabilində ona 10000 manat verilməsini pul istəmiş, cavabdehlər isə onun bu təklifi ilə razılaşmamışlar. Hazırda o bu məbləğə belə razı deyil. Bu səbəbdən o, məhkəməyə hazırkı iddia ilə müraciət etməli olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı onun ögey bacısıdır, birlikdə böyüməyiblər. İddiaçının bu günə kimi onlarla münasibəti olmamışdır. Anası üç dəfə əməliyyat olunub, iddiaçı isə heç vaxt onunla maraqlanmamışdır. İddiaçı son bir ildir ki, Türkiyədən qayıdıb və gələn kimi də evlə bağlı onları məhkəməyə verib. Bildirir ki, 3 otaqlı ev onlara atalarından miras qalıb. Hazırda iddiaçı evin onun bölgüsünü istəyir. O isə buna etiraz edir. İddiaçının öz adına necə çıxarış aldığını başa düşmür. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 07 aprel 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. 1975-ci ilə kimi mübahisəli evdə yaşamışdırlar. Daha sonra atası evə başqa qadın gətirmişdir. Çətin vəziyyətdə olduqlarına görə anası Prezidentə müraciət etmiş və nəticədə onlara Sumqayıt şəhəri, 6-cı mikrorayonda iki otaqlı ev verilmişdir. İddiaçının nə mənzilə aid orderdə, nə də çıxarışda adı yoxdur. Əgər iddiaçının adı həmin sənədlərdə olsaydı, o zaman onlara üç otaqlı ev verilə bilərdi. Həmçinin bildirir ki, iddiaçının özünün evi var. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzil 1/3 hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış, 2/3 hissədə açıq pay saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Deylyami Şahnaz Abazar qızının vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Deylyami Şahnaz Abazar qızına verilmiş **********69-05101-093025 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cımikrorayon, ev 8, 26 saylı mənzildən ibarətdir. Miras əmlakın 2/3 hissədə payı açıq saxlanılmışdır. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqyıt Ərazi İdarəsinin 01 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 6-cımikrorayon, ev 8, 26 saylı mənzil üzərində 2/3 açıq pay mövcuddur. Əmlak üzərində açıq paylar tam müəyyən olunmadığından əmlakın naturada bölünməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2023-cü il tarixli 10/378 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 8 saylı evin 26 nömrəli mənzilin planlı yerləşməsini, o cümlədən beş mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx və bir sanitar qovşaq olduğunu nəzərə alaraq həmin mənzildən 1/3 hissədə payın natruada ayrılması inşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən cəhətdən mümkün deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər .(Mülki Məcəllənin 213.1. və 213.2. maddələri). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir(Mülki Məcəllənin 220.1., 220.2. və 220.3. maddələri). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (Mülki Məcəllənin 220.4., 220.5. və 220.6. maddələri). Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmeti olan mənzil paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Mübahisəli mənzilin 1/2 hissəsi iddiaçının mülkiyyətindədir, 2/3 hissədə pay açıq saxlanılmışdır. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Mübahisə predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzilin naturada bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mübahisəli mənzilin faktiki vəziyyəti üzrə tərəflər arasında 1/3 hissədə paylara uyğun qaydada naturada bölünməsinin mümkün olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 28 fevral 2023-cü il tarixli 10/378 saylı rəyi verilmişdir. Ekspert bunu onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzilin planlı yerləşməsini, o cümlədən beş mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx və bir sanitar qovşaq olduğunu nəzərə alaraq həmin mənzildən 1/3 hissədə payın naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən cəhətdən mümkün deyildir. Məhkəmə hesab edir ki, mənzilin naturada bölünməsinin mümkün olub-olmadığının müəyyən edilməsi xüsusi bilik tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101-ci maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.2). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.3). Həmin Məcəllənin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edlmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza xərci də iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının xərci olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar