Məhkəmə qərarları › İş №e-2(060)-413/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-413/2024

08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-413/2024 08.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə 08 yanvar 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 5070,40 (beş min yetmiş manat qırx qəpik) manat məbləğin iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 12.00-da Saray-Novxanı yolunda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh məxsus olan “Szap” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən idarə edilən zaman yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Toyota Rav-4 minik” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində, “Toyota Rav-4 minik” markalı, ** NN *** dövlət qeydiyyan nişanlı avtomobilə 8915 (səkkiz min doqquz yüz on beş) manat məbləğində maddi zərər dəymiş, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 56.1.2-ci maddəsinə əsasən dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğdə sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. Abşeron rayon DYP-in TP4943024 nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.1 və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə əsasən inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün Şirkətin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o, böyük maşın idarə edir və onun tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Həmin vaxt ondan irəlidə hərəkət edən maşınla toqquşaraq 20 metr keçib qabaqda dayanmışdır. Bununla əlaqədar hadisə yerinə polis əməkdaşları gəlib, ondan izahat almışdırlar. Qeyd edir ki, ona cərimə yazılmamışdan öncə təxminən 5000 manat sığorta ödənişi edilmiş, qalan məbləği isə o özü ödəmişdir. Əslində o, hadisə yerindən yayınmamış, lakin onun barəsində qəbul edilmiş qərarda guya hadisə yerindən yayındığı qeyd edilmişdir. X3 tərəfindən ona tətbiq edilmiş 100 manat cəriməni ödəsə də, həmin qərarı almamışdır. Bundan başqa iddiaçının iki il sonra belə bir tələblə məhkəməyə müraciət etməsinin səbəbini də başa düşmür. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxıb tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 5000 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan 06952 saylı Sığorta ödənişi ilə bağlı Aktdan görünür ki, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sığortalanmış “Szap” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə “Toyota Rav-4 minik” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 8915 manat, hesablanmış sığorta məbləği 5000 manatdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 36010 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat məbləğində pul “Toyota Rav-4 minik” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X1 hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Szap” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə “Toyota Rav-4 minik” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sonuncu avtomobilə 8915 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Szap” yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Bu səbəbdən iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 5000 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 70.40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 5000 (beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar