Məhkəmə qərarları › İş №e-2(060)-4284/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4284/2025

30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4284/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah zamanı əldə edilmiş əmlakda mükiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin faktiki nikahı dövründə xx.xx.2020-ci il tarixdə əldə etdikləri 1996-cı il buraxılışlı “Mercedes Benz minik markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobil üzərində onun mülkiyyət hüququnun müəyyən olunmasına və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1994-cü il tarixdə faktiki nikahda olmaqla ailə qurmuşdur. Birgə nikahdan 1997-ci və 2001-ci ildə iki uşaq olmuşdur. 2007-ci ildə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tikmişlər. xx.xx.2020-ci il tarixdə onun adına avtomobil almışlar. xx.xx.2020-ci il tarixdən etibarən avtomobil etibarnamə əsasında onun faktiki istifadəsində və sahibliyində olmuşdur. Cavabdehlə ailə daxili problemlər yaşadığına görə cavabdeh avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirərək avtomobili DYP saxlanma məntəqəsində saxlamışdır. Hal-hazırda cavabdeh avtomobli DYP saxlanma yerindən cıxardaraq yaşadığı fərdi yaşayış evinə aparmışdır. Həmin avtomobil (birgə nikah dövründə əldə olunmuş əmlak) üzərində qanunla müəyyən edilmiş qaydada onun da mülkiyyət hüququ mövcuddur ki, avtomobil cavabdehin mülkiyyətində olmasına baxmayaraq, xx.xx.2020-ci il tarixdə birgə nikah dövründə onun tərəfindən alınmışdır. Avtomobilə dair ½ hissədə pay hüququnun müəyyən olunması barədə onun tərəfindən Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırılmış, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 4471/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah olmadığından iddia tələbi rədd edilmişdir. Bu qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin isə təmin olunması xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-106/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ məhdud deyil, geniş mənada mülkiyyət hüququnun məzmununu təşkil edən səlahiyyətlərə də şamil edilir. Mülkiyyət hüququnun tanınmasına dair iddialarda iddiaçı tərəfdən müəyyən edilən əmlak üzərində mülkiyyət hüququ pozulan və yaxud mübahisələndirilən mülkiyyətçi və yaxud başqa sahib, cavabdeh isə əşya barəsində müstəqil tələb irəli sürən və yaxud belə tələb irəli sürməsə də, iddiaçının əşya hüququnu qəbul etməyən şəxsdir. Bu cür iddianın predmetini iddiaçının cavabdehə qarşı irəli sürdüyü mülkiyyət hüququnun tanınması və iddianın əsasını isə iddiaçının əmlak üzərində hüquqlarını təsdiq edən hallar təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, bir qayda olaraq əmlak üzərində mülkiyyət hüququ, Mülki Məcəllənin 153.1-ci maddəsində nəzərdə tutulduğu kimi, bir şəxsə, yəni fiziki və hüququ şəxsə, bələdiyyələrə və ya dövlətə məxsus olur. Lakin Mülki Məcəllənin 213-cü maddəsində əşya üzərində iki və ya bir neçə şəxsin ümumi (birgə) mülkiyyət hüququ olmasımüəyyən edilir. Tərəflər arasında olan digər mübahisə ilə bağlı (mənzilə köçürülmə) Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4423/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Birgə faktiki nikah münasibətlərində olduqları dövrdə mübahisəli mənzil - ünvan 1 saylı fərdi yaşayış evi tikilmişdir. 2023-cü ilin noyabr ayına kimi həmin ünvanda yaşamış, sonradan mübahisəli mənzildən çıxarılmışdır. Bu səbəbdən də iddia təmin edilmiş, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Onlar rəsmi nikahda olmasalar belə göründüyü kimi, faktiki birgə nikah dövründə fərdi yaşayış evi əldə etmişlər və məhkəmə bu faktı qəbul edərək onun mənzilə köcürməsi barədə qətnamə qəbul etmiş, həmin qətnamə qanuni qüvvəsini alaraq icra olumuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh ilə faktiki birgə nikah dövründə, xx.xx.2020-ci il tarixdə əldə edilmiş 1996-cı il buraxılışlı “Mercedes Benz minik markalı, ** DT *** dövlət nömrə nişanlı avtomobil üzərində onun ½ hissədə mülkiyyət hüququnun müəyyən olunmasına və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi. O, əlavə etdi ki, mübahisəli avtomobili özü alıb və artıq 2 ildir ki, onu başqa şəxsə satmışdır. İşin materiallarında olan: - ƏN-V 363178 saylı xx.xx.2020-ci il tarixli etibarnamənin sürətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən “Mercedes Benz” minik markalı, **-DT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 9 il 11 ay 30 gün müddətinə idarə etmək səlahiyyəti etibar edilmişdir. - AD919872 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” minik markalı, **-DT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsininin mülkiyyətçisi xx.xx.2020-ci ildən Cavabdehdır. Məhkəmə işlə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. İşdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah dövlət qeydiyyatına alınmamışdır. İş materiallarından habelə görünür ki, mübahisəli avtomobilin mülkiyyətçisi 2020-ci ildən cavabdehdir. Bu nəqliyyat vastəsinin alınmasına hansı məbləğdə pul xərcləməsi barədə iddiaçı məhkəməyə mötəbər yazılı sübut təqdim etməmişdir. Onun istinad etdiyi yeganə sənəd avtomobilə dair verilmiş etibarnamədir ki, bu sənəd yalnız nəqliyyat vasitəsinin idarə edilməsi məqsədilə verilmişdir. Beləliklə də, məhkəmə iclasında iddiaçı mübahisəli avtomobilə dair mülkiyyət hüququnun yaranmasına əsas ola bilən qanuni və legitim sübut təqdim etmədiyindən məhkəmə onun hazırki iddiasının rədd olunması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı birgə nigah dövründə, xx.xx.2020-ci il tarixdə əldə etdikləri “Mercedes Benz minik markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobil üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququnun müəyyən olunmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar