Məhkəmə qərarları › İş №e-2(060)-4315/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4315/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4315/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ona qarşı dələduzluq edərək aldığı 2000 ABŞ dolları və dövlət rüsumu olaraq ödədiyi 55 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" X5 Cəmiyyətinin Sumqayıt filialndan onunla bağlanmış xx.xx.2015-ci il tarixli, 07/5549/NBK saylı kredit müqaviləsi üzrə 110000 ABŞ dolları məbləğində kredit alarkən, həmin bankın mütəxəssisi, Sumqayıt şəhər sakini Cavabdeh ona verilməli olan 11000 ABŞ dolları kreditdən "xxxx"-ın Sumqayıt filialına olan 4000 ABŞ dolları borcunu bağlamaq adı ilə onu aldadaraq, 4000 ABŞ dollarını özünə götürərək özündə saxlamış, yalnız 2000 ABŞ dollarını "xxxx"a ödəmiş və 2000 dollarını isə qanunsuz yolla dələduzluq edərək ələ keçirib mənimsəmişdir. Bundan əlavə o, avtomobil qəzası keçirdiyi müddətdə evinə gedərək, yoldaşını aldadıb qızıllarını "Lombarda" qoydurmuş, ordan 500 ABŞ dolları pul götüzdürüb aldatmışdır. Dəfələrlə Sumqayıt polis və prokrorluq orqanlarına müraciət etsə də, müxtəlif yalan bəhanələrlə işi bağlamışdırlar. Bununla bağlı məhkəməyə müraciət edərək polisin qərarın ləğv etdirsə də, nəticə dəyişməmişdir. Faktiki olaraq güc orqanlarının təsiri ilə bu iş baxılmamış qalmışdır. Cavabdeh özü borcu danmır, dəfələrlə guya ödəyəcəyini bildirsə də, pulun 530 manatını ödəmiş, qalanı hələ də ödənilməmiş qalmışdır. Cavabdehin etdiyi bu dələduzluğa görə ona hərtərəfli ziyan dəymişdir. Kreditin üstünə faiz hesablanmış, onu ziyana salmışıdır. Bu vəziyyətin polis və prokrorluqda nəticəsi olmayacağını görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə polisin qanunsuz qərarı ləğv edilsə də, buna əhəmiyyət verilməmiş və iş yenidən bağlanmışdır. Bununla bağlı özü ilə telefon danışığı zamanı bütün bunları boynuna almışdır. Həmin səs yazıları, məhkəmə qərarı və digər müraciətlərnmi məhəkəmədə təqdim edəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Aralarında olan səs danışığını məhkəməyə təqdim edəcəkdir. Faktiki olaraq cavabdehin ona ödəmədiyi 2000 ABŞ dolları borcu mövcuddur. Hər gün telefonla danışır və bidirir ki, verəcək az-az narahat olma, amma ödəmir. Beləliklə, bundan sonra məhkəməyə müraciət etmək qararına gəlmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2015-ci ilin iyun ayında bankdan 11000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh "xxxx" ASC-yə borcu olduğu üçün həmin məbləğdən 4000 ABŞ dolları məbləğində pul vəsaitinin ona verilməsini xahiş etmişdir. Onun xahişini yerinə yetirmiş və həmin pul vəsaitini ona borc olaraq vermişdir. 2023-cü ildə iltizam vermişdir ki, ona olan 2000 manat borcu 3-4 ay ərzində ödəyəcəkdir. Lakin qeyd olunan məbləği hələ də qaytarmamışdır. Cavabdehə məxsus olan əmək kitabçasını həmin banka borcu olduğu üçün geri qaytarmırdılar. İsgəndər adlı şəxs bankdan çıxdıqdan sonra əmək kitabçası ona təhvil verilmişdir. İltizam imzalandıqdan bir müddət sonra 45, 50, 130 və 300 manat məbləğlərində ayrı-ayrı vaxtlarda ödəniş etmişdir. 785 manat 2015-ci ildə ödənilmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2015-ci ildə iddiaçı ona 2000 dollar məbləğində borc vermişdir. Borcu ödəmədiyi üçün işdən çıxan zaman əmək kitabçası ona təqdim edilməmişdir. Borcun ödənilməsi ilə əlaqədar iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Ödəniş etdiyini təsdiq edən sənədi tapmağı, qalan məbləğin isə qaytarılmasını bildirmişdirlər. 780 ABŞ dolları məbləğində ödəniş etdiyini təsdiq edən çeki onlara təqdim etmişdir. Qalan 1225 manat borcdan isə 540 manat məbləğində ödəniş etmişdir. Həmin ödənişlərin çeki həm onda, həm də qarşı tərəfdə var. Məhkəməyə müraciət etməməsi üçün iltizamı imzalamışdır. Qalan 630 manat məbləği isə yayda ödəyəcəyini bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, iddiaçı onun qaynatasıdır. Cavabdehi bu proseslər boyu tanımışdır. Qaynatası ona deyirdi ki, cavabdeh ona pul götürməkdə köməklik etmişdir. Sonradan isə ona olan borcunu verməmişdir. 2024-cü ildə ona demişdir ki, işləmədiyi üçün borcunu verə bilmir. Sonradan o, qaynatası ilə onların evinə getdikləri zaman o 2000 manat pulu aldığını etiraf etmiş və qaytaracağını bildirmişdir. O, ödənişlərin ödənilməsinin birbaşa şahidi olmamışdır. Cavabdehin dediyinə görə 1000 manat bir, 750 manat da bir ödəmişdir. Lakin çekləri təqdim etməmiş, iddiaçıda təsdiq etməmişdir ki, həmin borcu ödəyib. 2024-cü ilin may ayının axırlarında cavabdeh 1225 manat borcu qaldığını bildirmiş, həmin borcu da hissəhissə ödəyəciyini bildirmişdir.

Tədqiq olunan sübutlar:

6. Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-102/2023 saylı qərarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və qərarın surətinin material üzrə yenidən araşdırılmasının təmin edilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

7. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

8. xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 2000 manat borcunu qaytaracağını, əks halda məsuliyyət daşıyacağını bildirmişdir.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. -882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

12. Tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, cavabdeh tərəfindən tərtib edilmiş 07 yanvar 2023-cü il tarixli iltizama əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 2000 manat borcunu qaytaracağını, əks halda məsuliyyət daşıyacağını təsdiq etmişdir. Məhkəmə iclası zamanı cavabdeh işdə olan xx.xx.2023-cü il tarixli əlyazmanın ona məxsus olmasını etiraf etmişdir.

13. İddiaçı hazırda 2000 dollar məbləğində pul vəsaitinin ona ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə iclasında iddiaçı qeyd olunan məbləğdə borcun tələb edilməsi əsası kimi "xxxx" bank ASC-dən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11000 ABŞ dolları məbləğində kredit götürdüyünü, həmin pul vəsaitinin 4000 ABŞ dollarını "xxxx" ASC-yə ödənilməsi üçün cavabdehə verdiyini, lakin cavabdehin onu aldadaraq qeyd edilən vəsaiti 4000 ABŞ dollarını deyil, 2000 ABŞ dollarını "xxxx" ASC-yə ödədiyini qeyd etmişdir. Bundan başqa cavabdehin həmçinin arvadını aldatdığını ona məxsus qızılları lombarda qoyaraq 500 ABŞ dolları pul götürdüyünü bildirmişdir. İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən qeyd olunan məbləğdən 525 (45+50+130+300) manat məbləğində pul vəsaitinin ödənildiyini bildirmişdir.

14. Cavabdeh iddiaçıya borclu olduğu pul vəsaitini iddiaçının "xxxx" ASC-yə borclu olduğu kredit müqaviləsi üzrə ödədiyini bildirmiş, ödənişi təsdiq edən qəbzlərin təqdim edilməsi mümkün olmadığından 2000 (iki min) manat məbləğində borcunun olması barədə iltizama imza etdiyini və sonradan banka sözügedən kredit müqaviləsi üzrə ödəniş etdiyini təsdiq edən 780 ABŞ dolları məbləğində pul vəsaitinin qəbzini taparaq iddiaçıya təqdim etdiyini bildirmişdir.

15. Məhkəmə qeyd eddir ki, öhdəliyin hansı əqdə əsasən yaranmasından asılı olmayaraq onun mövcudluğu və məbləği cavabdehin etirafı ilə öz təsdiqini tapır. İddiaçının hazırkı tələbi “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə əsaslanır. Həmin müqavilənin anlayışı Mülki Məcəllənin 882-ci maddəsində verilmişdir.

16. Həmin normaya əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

17. Məhkəmə hesab edir ki, cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli yazılı iltizam “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilədir. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etmişdir.

18. Məhkəmə iclasında iddiaçı iltizam imzalandıqdan, yəni xx.xx.2023-cü il tarixindən sonra müxtəlif vaxtlarda cavabdeh tərəfindən 45, 50, 130 və 300 manat məbləğlərində ödəniş edildiyini bildirmişdir.

19. Cavabdehin 780 ABŞ dolları məbləğində ödəniş etməsi ilə balı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

20. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 780 ABŞ dolları məbləğində ödənişin həyata keçirildiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa cavabdeh qeyd etdiyi qəbzin 2015-ci ildən əvvələ aid olduğunu bildirmişdir. Lakin məhkəməyə təqdim edilmiş iltizam isə cavabdeh tərəfindən 2023-cü il tarixdə imzalanmışdır. Həmin məbləğin iddiaçı tərəfindən 2023-cü il tarixli iltizam üzrə borcun ödənişi kimi qəbul edilməsi isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, başqa sözlə iddiaçının məhkəmə iclaslarında verdiyi izahatı əsasında qeyd olunan məbləğin həmin məbləğdən çıxması bildirilməmişdir. Bununla da cavabdeh qeyd edilən iltizam üzrə 780 ABŞ dolları məbləğində vəsaiti ödəməsini sübut edə bilməmişdir.

24. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin şifahi vəsatəti üzrə Əmanətlərin Sığortalanması Fondunda sorğu göndərilərək "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı Cavabdeh tərəfindən hər hansı ödənişlərin edilib-edilməməsi barədə məlumat verilməsi xahiş edilmiş, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş ödəniş qəbzləri və hesabdan çıxarış məlumatları əsasında cavabdeh tərəfindən həmin müqavilə üzrə hər hansı ödənişlərin ödənildiyi müəyyən edilməmişdir.

25. Şahid ifadəsinə gəlincə isə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 cavabdeh tərəfindən ödənişlərin olunmasının şahidi olmadığını, cavabdehin deməsinə görə onun iddiaçıya 1200 manat borcunun qaldığını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, borcun verilməsinin, habelə alınmasının birbaşa şahidi olmadığından onun ifadəsi 780 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehə ödənildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz.

26. Məhkəmə iclasında səsləndirilmiş, cavabdehin Whatsap tətbiqi vasitəsilə iddiaçıya məxsus telefon nömrəsinə göndərilmiş səs yazma ilə bağlı məhkəmə qeyd edir ki, həmin səs yazısında iddiaçı cavabdehdən 900 ABŞ dolları məbləğində pul vəsaiti tələb etdiyini bildirmişdir ki, ABŞ dollarının cari kursu nəzərə alındıqda həmin məbləğin Azərbaycan manatına konvertasiyası 1530 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, həmin səs yazısı da cavabdeh tərəfindən 780 ABŞ dolları məbləğində vəsaitin xx.xx.2023-cü il tarixli iltizam üzrə ödənildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz.

27. İddiaçının tələb etdiyi məbləğə gəldikdə isə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi cavabdeh tərəfindən 2000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı yazılı iltizam verilmiş, iddiaçı həmin iltizam verildikdən sonra cavabdeh tərəfindən 525 manat məbləğində pul vəsaitinin ödənildiyi bildirmişdir. Lakin o iddiaçının ona borcunun məhz 2000 ABŞ dolları məbləğində olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə iddiaçı cavabdehin ona olan borcunun məhz 2000 ABŞ dolları təşkil etməsini sübut edə bilməmişdir.

28. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1475 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat, 75 (yetmiş beş) qəpik pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1475 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat, 75 (yetmiş beş) qəpik pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar