Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5082/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh oğundan bazar satış qiyməti 60.000 manat olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 9 saylı evin 23 saylı mənzilin ½ hissəsi, yəni yarı dəyəri 30.000 (otuz min) manat, mediasya ödədiyi 50 manat, məhkəməyə ödədiyi 130 manat, cəmi 180 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü Aytən və xx.xx.2007-ci il təvəllüdlü Orxan adlı iki uşaqları var. Ailə münasibətləri ciddi şəkildə pozulduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-374/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında Sumqayıt şəhər Nikah evində 05 sentyabr 2005-ci il tarixdə, 1029 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Cavabdehlə bir mənzildə yaşamaq mümkün olmadığına görə 2018-ci ilin yanvar ayında uşaqları ilə yaşadıqları mənzildən çıxmağa məcbur olmuşlar. Həmin vaxtdan bu günə kimi kirayədə yaşayırlar. Birgə nikah dövründə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 9 saylı evin üç otaqlı 23 saylı mənzilini əldə etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5932/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən həmin mənzildə mülkiyyət hüququ üzrə 1/2 hissədə iddiaçının və 1/2 hissədə Cavabdeh payı müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, həmin mənzildə mülkiyyət hüququ üzrə 1/2 hissədə iddiaçının və 1/2 hissədə Cavabdeh payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ½ hisssəsində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Mənzildə mülkiyyət hüququ üzrə payları məlum olmasına, iki ilə yaxın müddət danışıqlar aparmaqlarına baxmayaraq, ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Cavabdeh bazar qiymətinə uyğun mənzilin yarı dəyərinin pulunu iddiaçıya vermir. Mənzili razılıqla satıb onun satışından əldə edilən pul vəsaitini aralarında bərabər bölünməsini də istəmir. Bu səbəbdən mənzilin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-452/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mənzilin naturada bölünməsi mümkün olmadığına görə iddia təmin edilməmişdir. Sumqayıt şəhər 2-mikrorayon ərazisində fəaliyyət göstərən alqı-satqı ofisinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, paylı mülkyyətdə olan mənzilin bazar satış qiyməti 60.000 manat təşkil edir. Mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış vermişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh oğundan bazar satış qiyməti 60.000 manat olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 9 saylı evin 23 saylı mənzilin ½ hissəsi, yəni yarı dəyəri 30.000 (otuz min) manat, mediasya ödədiyi 50 manat, məhkəməyə ödədiyi 130 manat, cəmi 180 manat dövlət rüsumu alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-452/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “ümumi əmlakdan payın naturada ayrılması” tələbibə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4495/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi tələbinə dair iddiası təmin edilərək birgə nikah dövründə əldə edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh oğunun adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 9 saylı evin 23 nömrəli mənzilində mülkiyyət hüququ üzrə payları ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi tələbinə dair iddiası təmin edilərək Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 9 saylı evin 23 nömrəli mənzilində mülkiyyət hüququ üzrə payları ½ hissədə İddiaçı 1\2 hissədə Cavabdeh olmaqla müəyyən edilmişdir. Kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 9, mənzil 23 xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı ½ hissədə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci il məhəllə, 9 saylı binada üç otaqlı orta təmirli mənzilin bazar satış qiyməti 60.000 (altmış min) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci tarixli arayışların surətlərindən görünür ki, Cavabdeh və İddiaçı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Nizami küçəsi, ev 9, mənzil 23də qeydiyyatdadırlar və yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəlləsinin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 215.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 220.1.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə əsasın paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3.-cü maddəsinə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bu səbəbdən də iddiaçı kimi cavabdehdə sözügedən mənzil üzərində bərabər paya malik olmaqla mülkiyyətçidir. Heç kim mülkiyyətindən qanunsuz olaraq məhrum edilə və həmin mülkiyyətin satılmasına məcbur edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Məhkəmə işin bütün hallarının məcmusuna, hər tərəfli, tam və obyektiv baxaraq, hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün təqdim olunmuş hər bir sübutu iki cəhətdən (birinci iddiaçı tərəf nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci iddiaçı tərifin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi)yoxlamağı məqsədə müvafiq hesab edir. Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh oğundan bazar satış qiyməti 60.000 manat olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 9 saylı evin 23 saylı mənzilin ½ hissəsi, yəni yarı dəyəri 30.000 (otuz min) manat, mediasya ödədiyi 50 manat, məhkəməyə ödədiyi 130 manat, cəmi 180 manat dövlət rüsumu alınıb ona verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-5082/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5082/2022
12.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver