Məhkəmə qərarları › İş №e-2(060)-567/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-567/2024

01.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-567/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı yaxın tanışıdır. Tanışı Kəmalə iddiaçıdan 12.000 manat məbləğində qızıl-zinət əşyalarını alıb apardı, o məqsədlə ki, alver edib pulunu iddiaçıya qaytaracaq. Cavabdeh İddiaçı etimadından istifadə edərək götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə malını, mülkünü mənimsəmişdir. Sonralar məlum oldu ki, Cavabdeh başqa şəxsləri də aldatmış, onların pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İddiaçı kiçik ticarətlə məşğul olmaqla bir təhər ailəni dolandırırdı. İndi əlində olanları mənimsəyən Cavabdeh iddiaçının pulunu qaytarmamaqla iddiaçının ağır olan maddi durumunu bir qədər də ağırlaşdırır. Bu barədə lazımi sübutları və yazışmaları vardır. Artıq başa düşmüşdür ki, cavabdeh iddiaçını aldatmışdır. Göstərilənlərə əsasən Cavabdeh 12.000 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, o, qızıl satışı ilə məşğul olur və cavabdeh ondan qızıllar almışdır. Belə ki, o, aldığı 12 700 manatlıq qızılları üç dəfəyə götürmüşdür. Qızılları götürən zaman heç bir əlyazma olmamışdır. Belə ki, cavabdeh qonşu olduğu üçün qızılları ona vermişdir. Təxminən 2021-ci ilin noyabr ayında cavabdehin atası borcdan 7000 manatı qaytarmışdır. Belə ki, əvvəlcə cavabdeh atasına məbləğin 10.000 manat olduğunu bildirməyini istədi. Cavabdehin atası bundan sonra 7000 manatı məbləğində pulu verdi və 3000 manatın isə olmadığını bildirdilər. Cavabdeh yerdə qalan məbləği isə ona qaytaracağını bildirdi. Cavabdeh tərəfindən ödənişlər məhkəməyə müraciət etməmişdən əvvəl edilib. Cavabdehin hazırda 5200 manat borcu var. 12.000 manatdan ödənişlər edilib. Ödənişlərin edilməsi ilə bağlı hər hansısa rəsmi sənəd yoxdur. Belə ki, borcla bağlı özü qeydlər aparmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, onun cavabdehə 12.000 manat borcu var idi. Lakin həmin məbləğdən 7000 manat ödəniş edilmişdir. Hal-hazırda isə maddi vəziyyətində sıxıntı olduğu üçün pulu geri qaytara bilməmişdir. Hazırda iddiaçıya 5200 manat məbləğində borcu vardır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehə qızıl-zinət əşyalarını nisyə olaraq satmış, cavabdeh həmin əşyaların dəyərini hissə-hissə ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Bir müddət aralarında hər hansı mübahisə olmamış, cavabdeh aldığı əşyaların dəyərini əvvəllər vaxtı-vaxtında ödəmişdir. Sonradan tərəflər arasında münasibətlər pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsi üzrə aldığı malların dəyərini ödəmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

10. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.

11. Belə ki, tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.

12. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən al qı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

19. Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. İşin hallarından görünür ki, iddiaçı cavabdehə verdiyi qızıllara görə ona 12000 manat borcunun olduğunu qeyd etsə də, cavabdeh aralarında borc münasibətinin olduğunu, lakin borcunun 5200 manat olduğunu bildirir. Belə bir nəticəyə gəlinir ki, cavabdehin iddiaçıya 5200 manat borcunun olması cavabdehin izahatı ilə təsdiq olunur.

21. MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçı bu halı sübut etmək vəzifəsindən azad olunur, belə ki, cavabdeh bu faktı təsdiq edir.

22. Məhkəmə iddia tələbinin “qalan 6800 manat alınması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

23. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

24. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

25. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

26. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

27. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun 63 (altmış üç) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan 63 (altmış üç) manat hissəsi İddiaçı aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun 63 (altmış üç) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan 63 (altmış üç) manat hissəsi İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar