Məhkəmə qərarları › İş №e-2(060)-623/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-623/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-623/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh Bahdur oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) Cavabdeh Bahdur oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən “Hyundai” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1710 manat pulun və ödənilmiş 37,50 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən idarə olunan “QAZ 33021” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı vasitələri ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İddiaçı dəymiş zərəri aradan qaldıraraq, “Hyundai” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1710 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, cavabdeh xx.xx.1975-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. AD seriyalı, 021278 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 33021” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi səfərov Aris Əlisəfdər oğludur. Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, sürücüsü Cavabdeh olan “QAZ 33021” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh həmin yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, “QAZ 33021” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı və “Hyundai” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. “QAZ 33021” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan cavabdehin sürücülük vəsiqəsi olmamaışdır. İddiaçı tərəfindən tərtib edilmiş 075323 nömrəli sığorta aktına əsasən “Hyundai” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1710 manat müəyyən edilmişdir. 11465 saylı ödəniş tapşırığına əsasən iddiaçı X2 1710 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti baş inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardadla inzibati xəta haqqında protokolun baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-4337/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. İş materialına yol nəqliyyat hadisəsinin sxemi əlavə edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 37,50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh“QAZ 33021” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. İddiaçı bununla bağlı 1710 manat sığorta ödənişi həyata keçirmişdir. Hazırda iddiaçı həmin məbləği subroqasiya qaydasında cavabdehdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Göründüyü kimi subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Beləliklə, müəyyən olunur ki, cavabdeh vurulmuş ziyana görə mülki məsuliyyət daşımalı olan şəxsdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində göstərilir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. İşin mübahisəsiz halları ilə müəyyən edilir məlum yol-nəqliyyat hadisəsi baş verərəkən cavabdehin sürücülük hüququ olmamışdır. Bu səbəbdən iddiaçı ona qarşı subroqasiya tələbi irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı etiraz bildirməmiş və bununla bağlı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi 1710 manat sığorta ödənişi məbləğinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 37,50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1710 (min yeddi yüz on) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37 (otuz yeddi) manat 50 (əlli) qəpik dövlət rüsumu Cavabdeh Bahdur oğlundan tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar