Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6872/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı “A-X1 Təşkilatı” MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, iddiaçı “A-X1 Təşkilatı” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “A-X1 Təşkilatı” MMC-nin xeyrinə 60 manat məbləğində əsas overdraft borcunun, 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı “A-X1 Təşkilatı” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli İstifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2024-cü il tarixdə 60 manat vəsait kartdan digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. “A-X1 Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləsinə əsasən "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-X1 Təşkilatı” MMC-yə güzəşt etmişdir. Eyni zamanda tələb hüququnun “A-X1 Təşkilatı” MMC-yə keçməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İstifadəçi müqaviləsinin 1-ci yarımbəndinə əsasən İstifadəçinin cihazı serverə bağlandığı zaman Şirkət sizə qabaqcadan dəyişiklik haqqında məlumat verməklə hazırkı Müqavilə şərtlərinə dəyişiklik edə və onu yeniləyə bilər. Hazırki müqaviləyə edilmiş dəyişikliklərdən sonra sizin Tətbiqə daxil olmağınız və ya ondan istifadə etməyiniz sözügedən dəyişiklikləri razı olaraq qəbul etməyiniz və dəyişikliklərə riayət etməyə dair öz üzərinizə öhdəlik götürdüyünüzü ifadə edir. Tərəflər arasında bağlanmış Ödəniş xidmətinə dair müqavilənin “Elektron pula dair şərtlər” adlı 5-ci yarımbaşlığının 5.1.7-ci maddəsinə əsasən Təchizatçı, İstifadəçinin Hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada İstifadəçinin Hesab(lar)ından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər və eyni zamanda həmin müqavilənin 5.1.8-ci maddəsinə əsasən İstifadəçi, Hesabında yaranmış overdraftı ödənmədiyi halda Təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq İstifadəçidən tələb edə bilər. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və cavabdeh öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
b) iddiaya etiraz
3. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
4. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli İstifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir.
5. İddiaçı (faktor) ilə "xxxx" MMC (müştəri) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 2024-0665 nömrəli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləsinə əsasən "xxxx" MMC-nin tələb hüququ “A-X1 Təşkilatı” MMC-yə keçmişdir.
6. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “A-X1 Təşkilatı” MMC-yə xx.xx.2025-ci il tarixə cəmi 60 manat borcu mövcuddur.
7. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Kartın istifadəsi zamanı xx.xx.2024-cü il tarixdə 60 manat vəsait kartdan digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün 60 manat məbləğində overdraft yaranmışdır.
8. Overdraft üzrə borcun qaytarılması barədə pretenziyadan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
b) tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
c) məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, istifadəçi müqaviləsi ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
14. Beləliklə, işin hallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli İstifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir.
15. Həmin müqavilə üzrə tələb hüququ xx.xx.2024-cü il tarixli, 2024-0665 nömrəli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləsinə əsasən “A-X1 Təşkilatı” MMC-yə keçmişdir.
16. İş materiallarından görünür ki, cavabdeh kartdan karta köçürmə edərkən overdraft yaranmış və yaranmış borcu müəyyən edilmiş vaxt ərzində geri ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir.
17. Odur ki, iddiaçının tələb etdiyi 60 manat overdraft borcu cavabdehdən tutulmalıdır.
18. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, ödənilmiş dövlət rüsumu və rüsumun ödənilməsi üçün xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
20. Göstərilənləri və MPM-nin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 60 manat overdraft borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 90 manat məbləğində pul Cavabdeh tutularaq “A-X1 Təşkilatı” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva