Məhkəmə qərarları › İş №e-2(060)-693/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-693/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-693/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı burun tənəffüsünün çətinləşməsi, baş ağrıları, iybilmənin itirilməsi şikayəti ilə ünvan 1 ünvanında yerləşən “Liman Klinikası”na müraciət etmişdir. Burada ona burun boşluğu polipi, polipozsinus degernasiyası, maksillar, frontal, etmoidal və sfenoidal polipoz, sol tərəfli daxiliçəpgözlük diaqnozu qoyulmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixində “Liman Klinikası”nın həkimi Cavabdeh2 tərəfindən “ikitərəfli inrtanazal, endoskop antrumotomiya, endoskopik etmoidotomiya, endoskopik sfenoidotomiya əməliyyatı aparılmışdır. İddiaçı narkozdan ayıldıqdan sonra sol gözünün görmə qabiliyyəti itmiş, gözləri və üzü olduqca şişmiş, şiddətli ağrılardan gözünü hərəkət etdirə bilməmişdir. Əfqan həkimdən bunun səbəbini soruşduqda sonuncu “gözdə yüngülvariçəplik” var demişdir. Onlar həkimə gözdə yaranan çəpliyin yüngülvari olmayıb, dərin olduğunu, sol gözün burun tərəfə sürüşdüyünü dedikdə Cavabdeh2 onlara dərman yazacağını, əməliyyatla əlaqədar üz-gözünün şişdiyini, şişlər çəkildikdə gözün də düzəlcəyini və yazdığı dərmanın 1 ay müddətində istifadə etməli olduğunu bildirmişdir. Bundan sonra, iddiaçı xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində Cavabdeh2 yanına həkim müayinəsinə getmiş və sonuncu hər şeyin yaxşı olacağını deyib 1-2 dərman yazmışdır. Şişlər çəkildikdən sonra iddiaçı gözündə yaranmış çəpliyin düzəlməyəcəyini görüb xx.xx.2024-cü il tarixində sonuncu dəfə Cavabdeh2 yanına həkim müayinəsinə getmişdir. Burada etiraz etdikdə Cavabdeh2 çəpliyin düzəlməsinin 4 ay çəkəcəyini bildirmişdir. İddiaçı sonra digər həkimlərə müraciət edərək KT müayinəsindən keçmiş və məlum olmuşdur ki, əməliyyat zamanı gözün arxa divarının zədələndiyi və çəpliyin yalnız əməliyyatla düzələ biləcəyi bildirilmişdir. İddiaçı Cavabdeh2 qanunsuz əməlləri ilə bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etmişdir. Burada komisiyon məhkəmə tibbi eksperizası təyin edilmiş və komisyon məhkəmə-tibb ekspertizanın xx.xx.2024-cü il tarixli, 670/KEŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, əməliyyat zamanı etmoidal cibin lateral, göz yuvasının medial divarındakı destruksiya (sol xəlbr sümüyünün kağız səhifəsinin mexaniki zədələnməsi səbəbindən, hesabına göz alması daxilinə doğru yerini dəyişmiş və bu da əməliyyatın qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 70 saylı əmri ilə təsdiq edilmiş “tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatının 24.1-ci bəndinin (Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə) tələbləri pozulmuşdur. Buna məsul şəxs cərrahiyyə əməliyyatını qüsurlu icra edən həkim-otorinolarinqoloq (LOR həkimi) olmuşdur. Bu həkim səhvini aradan qaldırmaq üçün İddiaçı xx.xx.2024-cü il tarixində ATU X2 üz-çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekontruksiyası” əməliyyatı olunub. İddiaçı tərəfindən əməliyyatönü müayinələrə 74 manat, xəstəxanada stasionar müalicə xidmətlərinə 350 manat ödənilib. Orbitaya yerləşdirilən orbital implant setinin sifarişi üçün 2650 manat ödəniş edilib. Dərmanlar və müayinələr üçün müxtəlif vaxtlarda 74 manat, 53 manat, 34 manat, 60 manat ödəniş edilmiş, həmçinin yenidən əməliyyatlar ediməsi üçün gələcədə ən az 4000 manata ehtiyac var. Ümumi olaraq iddiaçıya həkim səhvi nəticəsində 10.000 manatdan çox maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən 10.000 manat maddi zərərin, 40.000 manat mənəvi zərərin, 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, 40.000 manat maddi zərərin, 10.000 manat mənəvi zərərin, 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

5. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı xx.xx.2024-cü il tarixdə “Liman” klinikasına müraciət etmişdir. Bundan öncə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər 1 saylı xəstəxanada burunətrafı ciblərin kompüter tomoqrafiyası müayinəsindən keçmişdir. Müayinədə bütün burun boşluğunu və burunətrafı cibləri dolduran və burun tənəffüsünü tam pozan poliplər aşkar olunmuşdur. Bu müayinənin nəticəsi İlə İddiaçı bir neçə həkimə müraciət etmiş və xəstəliyin ağırlıq dərəcəsini nəzərə alaraq digər həkimlər öhdəlik götürməmişdirlər. İddiaçı “Liman” klinikasına müraciət etmişdir və cavabdeh ona İTS-dan göndərişlə gəlməsini tövsiyə etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı klinikaya gəlmiş və ona deyildiyi kimi burunətrafı ciblərin kompüter tomoqrafiyasi müayinəsinin diskini də gətirmişdir. Qeyd etmək istəyir ki, İddiaçı allerqoloji xəstədir ve xroniki bronxial astma xəstəsi olduğundan uzun illərdir fasiləsiz yüksək dozada qlükokortikpsteroidler qəbul edir. Kompüter tomoqrafiya diskinin incələnməsi zamanı radioloqun rəydə qeyd etdiyindən əlavə olaraq, rəydə öz əksini tapmayan ve xəstənin uzun müddət aldığı qlükokortikosteroid müalicəsi nəticəsi olaraq bütün sümüklərdə əhəmiyyətli dərəcəli incəlmə ve sol xəlbir sümüyünün kağız səhfəsinin kiçik deffekti və polipin bu deffektə birləşməsi aşkar olunmuşdur. Bu barədə İddiaçı məlumat vermiş, eyni zamanda icra olunacaq əməliyyatın sümüklərdə nazilmə olması səbəbindən gözyuvası daxili və qanaxma kimi ağırlaşmaların olma riski barədə məlumat vermişdir. Xəstə bu barədə şifahi və yazılı razılıq vermişdir. xx.xx.2024-cü it tarixdə “FESC-ikiterefli intranazal antrumotomiya, ikitərəfli sfenoidotomiya, ikitərəfli etmoidotomiya" cərrahı əməliyyatı icra olunmuş və əməliyyatın gedişində bütün burun boşluğu və burunətrafı ciblər polipoz toxumalardan tam təmizlənmiş, burun tənəffüsü tam bərpa olunmuşdur. Əməliyyatın gedişində polipoz toxuma sol xəlbir sümüyünün kağız səhfəsinə çox sıx birləşdiyindən xəstəliyin gözlənilən əməliyyat daxili orbital ağırlaşmasıyumşaq toxumanın poliplə birlikdə burun boşluğuna doğru yerdəyişməsi və nəticə kimi zəif daxili çəplik əmələ gəlmişdir. Bu xüsusat görməni pozmur. Əməliyyatdan sonrakı dövrdə xəstəyə təyinat verilmişdir və xəstənin dediyinə görə mədəsi ağrıdığından dərmanları qabul etməmişdir. Sumqayıt şəhər Prokurorluğu tərəfindən şikayət materialları məhkəmətibbi ekspertizaya göndərilərkən ekspert qarşısında qoyulan sualın hər birində “gözün zədələnməsi, görmə qabiliyyətinin zəifləməsi” şikayətlərinin əməliyyatla bağlılığı vurğulanmışdır ki, bu da şikayətçinin doğru olmayan ifadəsinin nəticəsidir. Məhkəmə-Tibbi Ekspertiza zamanı xəstə ilə yanaşı ancaq kompüter tomoqrafiyaların rəylərinə baxılmış və yaranmış çəpliyin xəstəliyin ağırlıq dərəcəsinə müvafiq gözlənilən tibbi risk kimi deyil, icra olunmuş cərrahı əməliyyatın qüsurlu icrası kimi qiymətləndirilmişdir. O, uzun illərdir ki, həkim kimi fəaliyyət göstərir. Bu cür hal ilk dəfədir baş vermişdir. Bununla əlaqədar olaraq “Məhkəmə Tibbi Ekspertiza və X6” X11 və Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişdir. “Məhkəmə Tibbi Ekspertiza və X6” X10 cavab məktubunda bildirilmişdir ki, rəylə razı olmadıqları halda təkrar ekspertizanın keçirilməsi barədə müraciət edilməsi bildirilmişdir. Ekspertiza keçirilən vaxt tərəfindən suallar verilməsinə icazə verilməmişdir. Ekspert rəyi natamam olmuş, düzgün araşdırılma aparılmamışdır. Sumqayıt şəhər Prokurorluğu tərəfindən şikayət materialları Məhkəmə-tibbi ekspertizaya göndərilərkən ekspert qarşısında qoyulan sualın hər birində “gözün zədələnməsi, görmə qabiliyyətinin zəifləməsi” şikayətlərinin əməliyyatla bağlılığı vurğulanmışdır ki, bu da şikayətçinin doğru olmayan ifadəsinin nəticəsidir. Məhkəmə-tibbi ekspertiza zamanı xəstə ilə yanaşı ancaq kompüter tomoqrafiyaların rəylərinə baxılmış və yaranmış çəpliyin xəstəliyin ağırlıq dərəcəsinə müvafiq gözlənilən tibbi risk kimi deyil, icra olunmuş cərrahi əməliyyatın qüsurlu icrası kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Firudin oğlu iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları

10. İş materiallarında olan İcbari Tibbi üzrə Dövlət Agentliyinin “tibbi xidmətə göndəriş vərəqəsi”ndən görünür ki, Sumqayıt şəhəri 1 saylı xəstəxana tərəfindən İddiaçı “sinusun digər polipləri” diaqnozu qoyulmuşdur.

11. İş materiallarında olan Sumqayıt Tibb mərkəzi PHŞ 1 nömrəli xəstəxana tərəfindən İddiaçı paranazal sinus KT müayinəsinin nəticəsinin surətindən görünür ki, hər iki burun boşluğunu dolduraraq hər iki maksillar, frontal, sfenoidal sinusları və etmoidal hücrələri əhatə edən poliploid toxuma mövcuddur. Maksillar və sfenoidal sinusların divarları qalınlaşıb. Bilateral olaraq osteomeatal komplekslər və lateral reseslər açıqdır. Burun çəpərində sağa deviasiya izlənilir. Bilateral olaraq konxalar təbiidir. Ətraf sümüklərdə KT olaraq destruktiv, litik proses aşkar edilmir. Hər iki tərəf mastoid hücrələrin pnevmatizasiyası adidir.

12. İş materiallarında olan tibbi sənədlərdən (TQS № 003 saylı xəstəlik tarixi və s.) görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə “burun tənəffüsünün çətin olması, ağızla nəfəs alma, bronxial asma” şikayətləri ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, ona “burun boşluğu polipi, polipoz sinus degenerasiyası, maksillar, frontal, etmoidal və sfenoidal polipoz, sol tərəfli daxili çəpgözlük” diaqnozu qoyulmuş, xx.xx.2024-cü il tarixdə həmin MMC-nin həkimi Cavabdeh2 tərəfindən ümumi intubasyon anesteziya ilə “ESC, ikitərəfli intranazal, endoskopik antrumotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik frontal sinusostomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik etmoidotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik sfenoidotomiya” cərrahi əməliyyatı icra olunmuşdur.

13. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli “Liman klinikasında cərrahi müdaxiləyə razılıq” ərizəsindən görünür ki, o, cərrahi əməliyyatın həcmi ilə bağlı olan mümkün risklərə razıdır.

14. İş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti ilə bağlı toplanmış 228c-24 saylı material üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibinin mövcudluğu müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə ona həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmə hüququnun olması izah edilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna təqdim edilməsi qərara alınmışdır.

15. Həmin qərardan görünür ki, İddiaçı göstərmişdir ki, “burun tənəffüsünün çətinləşməsi, baş ağrıları, iybilmənin itməsi’’ şikayətləri ilə ünvan 2 ünvanında yerləşən "Liman Klinikası”- na müraciət etmişdir. Burada ona "burun boşluğu polipi, polipoz sinus degenerasiyası, maksillar, frontal, etmoidal və sfenoidal polipoz, sol tərəfli daxili çəpgözlük’’ diaqnozu qoyulmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə “Liman Klinika”nın həkimi Cavabdeh2 tərəfindən “ikitərəfli intranazal, endoskop antrumotomiya, endoskopik etmoidotomiya, endoskopik sfenoidotomiya” əməliyyatı aparılmışdır. O, narkozdan ayıldıqda əri Natiq, qızları Nərgiz və Ramilə də yanında olmuşlar. Narkozdan ayıldıqdan sonra sol gözünün görmə qabiliyyəti itmiş, gözləri və üzü olduqca şişmiş, şiddətli ağrılardan gözünü hərəkət etdirə bilməmişdir. Əfqan həkimdən bunun səbəbini soruşduqda sonuncu "gözdə yüngülvari çəplik var” demişdir. X12 həkimə "gözdə yaranan çəpliyin yüngülvari olmayıb, dərin olduğunu, sol gözün burun tərəfə sürüşdüyünü” dedikdə sonuncu burun yaralarının sağalması üçün dərman yazacağı, əməliyyatla əlaqədar üzgözünün şişdiyini, şişlər çəkildikdə gözün də düzələcəyini və yazdığı dərmanları 1 ay müddətində istifadə etməli olduğunu bildirmişdir. Bundan sonra müayinə məqsədilə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə həkim müayinəsinə getmişlər, həkim hər şeyin yaxşı olacağını deyib əlavə olaraq 1-2 dərman yazmışdır. Şişlər çəkildikən sonra gözündə yaranmış çəpliyin düzəlmədiyini görüb, xx.xx.2024-cü il tarixdə sonuncu yoxlanışa getmişlər. Sonuncu yoxlanışda Əfqan həkimə çəpliyin düzəlmədiyi ilə bağlı etiraz etdikdə sonuncu 4 ay da gözləməliyik demişdir. O, Əfqan həkimin yalan danışdığını, məsələni gərəksiz yerə uzatdığını düşünüb gözündə yaranmış çəpliyin düzəlməsi ilə bağlı əməliyyat üçün lazımi məbləği qarşılamasını istəmiş, lakin Əfqan həkim “bu əməliyyatın qarşılığında icbari tibbi sığortadan heç bir ödəniş alamamışam, ona görə sizə heç bir borcum yoxdur” demişdir. O, “DTX” Hospitalda Zərifə həkimin yanına getmiş. Zərifə həkim bu çəpliyin özözünə düzəlməyəcəyini deyərək dərman yazmış, lakin gözündə heç bir irəliləyiş olmamışdır. Bundan sonra Çingiz həkimin yanına getmiş, sonuncu onu KT müayinəsinə göndərmişdir. KT-nin nəticələri çıxdıqdan sonra əməliyyat zamanı gözün arxa divarlarının zədələndiyini, yaranmış çəpliyin yalnız əməliyyatla düzələ biləcəyini, əməliyyatın isə 3000 manat tutacağını bildirmişdir. Daha sonra Əfqan həkimə zəng edərək əməliyyatı qarşılamasını istəmiş, sonuncu isə cavabında “bundan sonra məni narahat etməyin” demişdir.

16. Həmin qərardan görünür ki, Cavabdeh2 göstərmişdir ki, 1993-1999-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika 1 fakültəsini bitirmişdir. 1999- 2000-ci illərdə Sumqayıt şəhərində yerləşən Onkoloji Dispanserdə həkim, 2000-2006-cı illərdə N saylı hərbi hissənin cərrahiyə şöbəsinin baş ordinatoru, 2006-2012-ci illərdə Sumqayıt şəhəri, 1 saylı poliklinikada otorinolarinqoloq, 2012-2015-ci illərdə “Mc.X8 İncorporation”-da həkim, 2015-2021-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkimotorinolarinqoloq vəzifəsində işləmişdir. 2022-ci ildən etibarən isə ünvan 2 ünvanında yerləşən Liman Klinikasında həkim-otorinolarinqoloq kimi işləyir. Sonuncu dəfə xx.xx.2019-ci ildə Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasında sertifikasiyadan keçmişdir. xx.xx.2024-cü il tarixdə X9 Tibbi Sığortanın göndərişi ilə Liman Klinikasına “burun tənəfüssünün olmaması, ağızla nəfəsalma” şikayətləri ilə müraciət etmişdir. Nuridə bildirmişdir ki, bu şikayətlərlə bağlı müxtəlif həkimlərə müraciət etmiş, lakin həkimlər bu əməliyyatı etməkdən imtina etmişlər. Xəstənin müayinəsi zamanı “burun boşluğunu və burun ətrafı ciblər tam dolduran poliplər” aşkar olunmuşdur. Xəstənin təqdim etdiyi və xx.xx.2024-cü il tarixdə keçdiyi Kompüter Tomoqrafiya müayinəsi diskinin incələnməsi zamanı polipin burun ətrafı ciblərin divarlarına sıx yapışdığı və hissəvi dağıtdığı aşkar olunmuşdur. Eyni zamanda xəstə müraciət zamanı uzun illərdir ki, revmatoloqun və ailerqoloqun dərman müalicəsində olduğunu qeyd etmişdir. Xəstənin vəziyyətini nəzərə alaraq xx.xx.2024-cü il tarixə cərrahi əməliyyat planlaşdırılmış, xx.xx.2024-cü il tarixdə səhər saat 08:30 radələrində xəstə əri Natiq Zülfüqarov ilə birlikdə klinikaya gəlmişdir. İcrası planlaşdırılan cərrahi əməliyyat və onun, gözlənilən fəsadları və ağırlaşmaları barədə xəstəyə məlumat verilmişdir. Xəstədən əməliyyata razı olub-olmaması barədə fikrini soruşduqda razılığını bildirmiş və müvafiq sənədi imzalamışdır. xx.xx.2024-cü il tarixdə ümumi anesteziya ilə "FESC ikitərəfli intranazal antrumotomiya, ikitərəfli sfenoidotomiya, ikitərəfli etmoidotomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Uzun illər steroid iltihab əleyhinə dərmanlar və revmatizmə görə dərmanlar qəbul etdiyi üçün bütün sümük strukturlar sərtliyini itirmişdir. Əməliyyatın gedişində sol göz yuvasının divarını təşkil edən xəlbir sümüyünü kağız səhfəsinə yapışmış poliplər xaric ediləndə kağız səhfə nazikləşmiş olduğundan dartılmış, özü ilə birlikdə sol göz almasının daxili düz əzələsini çəkmiş, şişkinlik əmələ gəlmiş, bu səbəbdən də çəplik yaranmışdır. Cərrahi əməliyyat tam başa çatdıqdan sonra xəstə palataya köçürülmüş və Natiqə əməliyyatın fəsadı barədə məlumat vermişdir. Bu zaman Natiq və qızları aqressiv formada davranaraq ona hədəqorxu gəlmişlər, sonunculara izah etmişdir ki, təyin olunmuş dərmanları vaxtında və düzgün qəbul edərsə əmələ gəlmiş fəsad aradan qalxacaqdır. xx.xx.2024-cü il tarixdə Nuridə ilk müayinəyə gəlmiş, xəstənin yaxınları oftomoloq Cahid Şahbazov müraciət etdiklərini, əməliyyat üçün 1500 manat pul lazım olduğunu demişlər. xx.xx.2024-cü il tarixdə Nuridə sonuncu müayinəyə gəlmiş və burun boşluğundan çoxlu qartmaqlar xaric olunmuşdur. Xəstə mədəsi ağrıdığı üçün dərmanları qəbul etmədiyini demiş, növbəti həftə ərzində xəstəyə müayinəyə gəlməli olduğu deyilsə də, buna əməl etməmişdir. Nuridə professor oftomoloq Çingizin qəbulunda olduğunu deyib, əməliyyat üçün lazım olan 3000 manat pulu tələb etmişdir. O, isə öz cavabında pul verməyəcəyini, İcbari Tibbi Sığorta ilə ixtisaslaşmış Zərifə Əliyev adına Göz İnstitutuna müraciət etməli olduqlarını demişdir.

17. Həmin qərardan görünür ki, komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 679/KEŞ saylı rəyinə görə "Liman Klinika”sında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən ona "Polipar sinus defenerasiyası. Etmoid, ang, alın və əsas ciblərin polipozu" diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində "ESC, İkitərəfli intranazal, endoskopik antrumotomiya", "ESC. İkitərəfli intranazal, endoskopik frontal sinusostomiya", "ESC, İkitərəfli intranazal, endoskopik etmoidotomiya", "ESC, İkitərəfli intranazal, endoskopik sfenoidotomiya" cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat zamanı etmoidal cibin lateral, göz yuvasının medial divarındakı destruksiya (sol xəlbir sümüyünün kağız səhfəsinin mexaniki zədələnməsi səbəbindən) hesabına göz alması daxilə doğru yerini dəyişmiş və bu da əməliyyatın qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümünəvi vəzifə təlimatı"nın "Həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatı"nın 24.1-ci bəndinin ("Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") tələbləri pozulmuşdur. Buna məsul şəxs cərrahiyyə əməliyyatını qüsurlu" icra edən həkim-otorinolarinqoloq (LOR həkim) olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır.

18. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X5 tərəfindən verilmiş məlumatın surətindən görünür ki, xəstə İddiaçı 1970-ci il təvəllüdlü, xx.xx.2024 tarixində ATU X2 üz-çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı olunub. Xəstə tərəfindən əməliyyatönü müayinələrə 74 manat, xəstəxanada stasionar müalicə xidmətlərinə 350 manat ödənilib. Orbitaya yerləşdirilən orbital implantat setinin sifarişi üçün xəstə tərəfindən 2650 manat ödəniş edilib.

19. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “kompyuter tomoqrafiya müayinə protokolu”na əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı paranazal sinuslar KT burun cibləri müayinəsi nəticəsinə əsasən sol orbitanın medial divarında solda anterior etmoid hücrələrə açılan 4 mm ölçüdə sümük defekti, solda medial restus əzələsinin defektə doğru çəkilməsi, buna bağlı olaraq sol orbitin mediala doğru yerdəyişməsi, sağ maksillar sinusun medial divarında burun boşluğunun sağ yarısına açılan 17 mm ölçüdə, sol maksillar sinusun medial divarında burun boşluğunun sol yarısına açılan 19 mm ölçüdə sümük defekti, hər iki maksillar sinusda, sfenoid sinusun hər iki yarısında və hər iki tərəfdə etmoid hücrələrdə daxilində sərbəst hava qabarcıqlarının izlənildiyi maye yığıntısı, hər iki frontal sinusu dolduran qatı maye yığıntısı, burun çəpərində minimal S-varı deviasiya, hər iki orta və alt konxanın postop rezeksiyası müəyyən edilmişdir.

20. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6” X10 352/KEŞ saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Nuridə Zülfiqarovanın mütəxəssis müayinəsi zamanı hazırda onun “Sümük defektinin bərpası və sıxılan medial rectum əzələsinin azad olunması” cərrahiyyə əməliyyatına ehtiyacı olduğu müəyyən edilmişdir. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Qeyd olunan cərrahiyyə əməliyyatının Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində icrasının mümkün olub-olmamasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

21. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq “İstanbul NS” Klinikasının cavab məktubundan görünür ki, İddiaçı Klinikaya müraciət etməmiş və bu səbəbdən də sözügedən şəxsə “sümük defektinin bərpası və sıxılan medial rectum əzələsinin azad olunması” cərrahi əməliyyatı klinikada aparılmadığından onun dəyərinin və məsrəflərinin xərci barədə məlumat verilməsi imkan xaricindədir.

22. İş materiallarında olan göz xəstəlikləri üzrə mütəxəssis prof. Dr. Şafak Karslıoğlu tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı müayinəsi nəticəsinə əsasən Nuridə Zülfiqarova keçirdiyi əməliyyatdan sonra sol gözündə ciddi anoftalmiya və hərəkətin demək olar ki, tamamilə məhdudlaşdırılması inkişaf edən xəstənin müayinəsində və görüntüləmələrin təhlilində sol göz almasının orbitanın daxili alt divarı ilə birləşdiyi yerdə tam şəkildə yapışdığı müşahidə olunmuşdur. Xəstəyə orbitotomiya + sınığın bərpası + yapışmaların aradan qaldırılması üçün öz piy toxumasının köçürülməsi planlaşdırılır. Təxmini xərc 15000 ABŞ dolları civarında olacaqdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

29. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

30. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

31. Bu maddədə nəzərdə tutulmuş “Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir” ifadəsi, təqsirli tərəfin məsuliyyətdən azad olunmasının yalnız mötəbər sübutlarla mümkünsüz olduğunu göstərir.

32. Eyni Məcələnin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Həmin Məcəllənin 1113.2-ci maddəsinə əsasən zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.

34. Eyni Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

35. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir.

36. Həmin Qanunun 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “burun tənəffüsünün çətin olması, ağızla nəfəs alma, bronxial asma” şikayətləri ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, ona “burun boşluğu polipi, polipoz sinus degenerasiyası, maksillar, frontal, etmoidal və sfenoidal polipoz, sol tərəfli daxili çəpgözlük” diaqnozu qoyulmuş, xx.xx.2024-cü il tarixdə həmin MMC-nin həkimi Cavabdeh2 tərəfindən ümumi intubasyon anesteziya ilə “ESC, ikitərəfli intranazal, endoskopik antrumotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik frontal sinusostomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik etmoidotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik sfenoidotomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra xəstədə etmoidal cibin lateral, göz yuvasının medial divarındakı destruksiya (sol xəlbir sümüyünün kağız səhfəsinin mexaniki zədələnməsi səbəbindən) hesabına göz alması daxilə doğru yerini dəyişmişdir. Hazırda iddiaçı səhhətində yaranan problemin səbəbi kimi yanlış aparılmış əməliyyatı əsas gətirərək, cavabdehlərdən vurduqları zərərin əvəzini tələb edir.

39. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə iş üzrə komisyon məhkəmə-tibbi ekspertizası və məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Ekspert rəylərindən görünür ki, əməliyyat zamanı etmoidal cibin lateral, göz yuvasının medial divarındakı destruksiya (sol xəlbir sümüyünün kağız səhfəsinin mexaniki zədələnməsi səbəbindən) hesabına göz alması daxilə doğru yerini dəyişmiş və bu da əməliyyatın qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümünəvi vəzifə təlimatı"nın "Həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatı"nın 24.1-ci bəndinin ("Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") tələbləri pozulmuşdur. Buna məsul şəxs cərrahiyyə əməliyyatını qüsurlu" icra edən həkim-otorinolorinqoloq (LOR həkim) olmuşdur. Həmçinin, Nuridə Zülfiqarovanın mütəxəssis müayinəsi zamanı hazırda onun “Sümük defektinin bərpası və sıxılan medial rectum əzələsinin azad olunması” cərrahiyyə əməliyyatına ehtiyacı olduğu müəyyən edilmişdir.

40. Məhkəmə hesab edir ki, həmin hal (ekspert rəyləri) mübahisəsiz xarakter daşıyır.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı üzərində xx.xx.2024 tarixində ATU X2 üz-çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı olunub. Xəstə tərəfindən əməliyyatönü müayinələrə 74 manat, xəstəxanada stasionar müalicə xidmətlərinə 350 manat ödənilib. Orbitaya yerləşdirilən orbital implantat setinin sifarişi üçün xəstə tərəfindən 2650 manat ödəniş edilib. Ümumi məbləğ 3074 manat təşkil edir.

42. Göründüyü kimi "Liman Klinika”sında keçirilən əməliyyatın qüsurlu icra edilməsi nəticəsində iddiaçının (baxmayaraq ki, ATU X2 üz-çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı olunub) təkrar cərrahi əməliyyata ehtiyacı olduğu müəyyən edilmişdir.

43. Həmçinin, göz xəstəlikləri üzrə mütəxəssis prof. Dr.Şafak Karslıoğlu tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı müayinəsi nəticəsinə əsasən xəstəyə orbitotomiya + sınığın bərpası + yapışmaların aradan qaldırılması üçün öz piy toxumasının köçürülməsi əməliyyatının təxmini xərcinin 15000 ABŞ dolları civarında olması müəyyən edilmişdir.

44. Məhkəmə iddiaçı tərəfindən sonuncu əməliyyata çəkilmiş 3074 manat xərci və orbitotomiya + sınığın bərpası + yapışmaların aradan qaldırılması üçün öz piy toxumasının köçürülməsi əməliyyatı ilə bağlı tarif üzrə qiymətin 25500 manat (15000 ABŞ dolları) təşkil etməsini nəzərə alaraq, hesab edir ki, ümumilikdə 28574 manat iddiaçıya ödənilməlidir.

45. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

46. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

47. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

48. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

49. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

50. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

51. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.

52. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh2 həkim-otorinolorinqoloq kimi Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından digər cavabdeh olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisidir. Burada Cavabdeh2 əmək müqaviləsi, yaxud mülki hüquqi müqavilə əsasında hansısa şəxsin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o müvafiq hüquqi, yaxud fiziki şəxsin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də həkim Cavabdeh2 məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən hazırkı iddiaya cavab verməli olan şəxs deyil və bu iddia üzrə törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımır və etmiş olduğu əməliyyat nəticəsində iddiaçıya vurulan zərərin əvəzini işçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ödəməlidir. Əlbəttə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən həkim Cavabdeh2 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququna malikdir.

53. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

54. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 184,72 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

56. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 28574 (iyirmi səkkiz min beş yüz yetmiş dörd) manat maddi və 3000 (üç min) manat mənəvi zərərin, habelə 184,72 (bir yüz səksən dörd manat, yetmiş iki qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

57. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

63. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 28574 (iyirmi səkkiz min beş yüz yetmiş dörd) manat maddi və 3000 (üç min) manat mənəvi zərərin, habelə 184,72 (bir yüz səksən dörd manat, yetmiş iki qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar