Məhkəmə qərarları › İş №e-2(060)-6934/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6934/2024

17.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6934/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə 17 oktyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01774 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahları Sumqayıt “ASAN” Xidmət Mərkəzində xx.xx.2018-ci il tarixdə 2801 nömrə ilə qeydiyyatdan keçməklə ailə qurublar. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü oğlu X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024- 01774 saylı barışıq sazişinə əsasən maraqlı şəxslə azyaşlı uşaqların onun himayəsində olması, hər ay hər uşağa 230 manat olmaqla, ümumilikdə 460 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə razılaşmışdırlar. Həmin sazişin 7-ci bəndinə əsasən əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən saziş tərəflər üçün məcburidir. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən on təqvim günü müddətində icra olunmalıdır. xx.xx.2024-cü il tarixində alimentin ödənilməsi barədə tərəfindən maraqlı şəxsə təklif göndərilmişdir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi qızı ərizəyə uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh alimenti ödəmir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, boşanma ilə bağlı iddia ərizəsi ilə iyun ayında məhkəməyə müraciət edib. Həmin iddia ərizəsi hal-hazırda məhkəmənin icraatındadır. Ərizəçi qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs iddia tələbinə dair izahat verərək bildirdi ki, ona alimentin iddia ərizəsi daxil olduğu vaxtdan tutulacağı barədə şərt izah edilməmişdi. Cavabdeh qərar qəbul edərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan MŞS/MT030/2024-01774 saylı, xx.xx.2024-ci il tarixli barışıq sazişindən görünür ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 2801 saylı xx.xx.2018-ci il tarixli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflər birgə nikahdan olan xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2016-ci ii təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa görə 230 (iki yüz otuz) manat ümümilikdə, cəmi 460 (dörd yüz altmış) manat sabit pul məbiəğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsini mümkün hesab edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə...ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məhkəmə qeyd edir ki, hər iki tərəf mediasiyada bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulması barədə razılaşıblar. Eyni zamanda iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə qarşı nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müracət etdiyini bildirmişdir. Göstərilənlərə əsaəsn məhkəmə hesab edir ki, barışıq sazişi tərəflər arasında nikahın pozulması hissəsində təsdiq edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması ərizəçinin barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2024-01774 saylı, xx.xx.2024ci il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər birgə nikahdan olan xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.

2. Maraqlı şəxs xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa görə 230 (iki yüz otuz) manat olmaqla ümümilikdə, cəmi 460 (dörd yüz altmış) manat sabit pul məbiəğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar