Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-695/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ona "xxxx"ın Suraxanı rayonu filialından “Birkart” kredit kartı vasitəsilə kredit götürərək verdikləri əsas borc və ona hesablanmış faiz borcundan qalan 2000 manat pul vəsaitinin, cavabdehin pul vəsaitini qaytarmaqdan boyun qaçırdığına görə 5% bank uçot dərəcəsinə uygun 75 manat, mənəvi ziyan əvəzi olaraq 2000 manat pul vəsaitinin, cəmi 4075 manat pul vəsaitinin, o çümlədən də məhkəmə xərci olaraq 61 manat məhkəməyə ödənilmiş dövlət rüsumu məbləğinin tutularaq iddiaçılardan İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində onlara maddi və mənəvi zərər yetirmişdir. Aylıq kredit ödənişlərini vaxtlı-vaxtında ödəyəcəyini vəd edib qarşılarında öhdəlik götürərək İddiaçı1 adına 2022-ci ilin may ayında "xxxx"ın Suraxanı rayonu filialından “Birkart” kredit kartı vasitəsilə iş yoldaşı Cavabdeh götürdüyü kredit məbləği üzrə qismən, yəni 4500 manat ödəniş apardıqdan sonra qalan faiz borcu ilə birlikdə yaranmış 1500 manat məbləği ödəməkdən yayınmışdır. Törətdiyi qanunsuz əməl barəsində İddiaçı2 müraciəti əsasında Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparan təhqiqatçı, polis mayoru Zaur Cəfərov qarşısında bundan sonra öhdəsinə düşən kredit ödənişlərini vaxtlı-vaxtında yerinə yetirəcəyini bildirdikdən sonra da Cavabdeh banka ödənişlər etməmişdir. Cavabdeh yalan vədləri nəticəsində kredit ödənişləri üzrə gecikmələr yarandı, hazırkı vaxta qədər bank tərəfindən İddiaçı1 adına gecikmə üzrə faizlər hesablanmaqda davam edir, banka ödəniləcək məbləğ artır. Cavabdeh götürdüyü kredit məbləği İddiaçı1 adına olduğu üçün əsas və faiz borclarını bank haqlı olaraq ondan tələb edir və cavabdehin qanunsuz əməli nəticəsində əsas və faiz borcları, cərimələri əri İddiaçı2 ilə ümumi gəlirləri hesabına ödəməyə məcbur olmuşdur. Hər dəfə də cavabdehin ödəməli oldugu pul məbləğləri İddiaçı2la ailə büdcəsinin pulunu, necə deyərlər “uşaqlarının boğazından kəsərək” banka ödəyəndə əsəbləşir, mənəvi sarsıntılar keçirir, dincliyi, istirahəti, əhval ruhiyyəsi pozulur. Belə hallar cavabdehin qanuna zidd hərəkətləri nəticəsində onlara vurduğu mənəvi zərərin ifadəsidir, törədilmiş hüquq pozuntusunun bilavasitə nəticəsidir. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh digər iddiaçının iş yoldaşıdır. Hər ikisi Suraxanı rayon Yanğından Mühafizə İdarəsində maliyyəçi vəzifəsində işləyirlər. Ona zəng edərək bildirmişdir ki, atası onkoloji xəstədir, ona pul lazımdır, bankdan kredit götürərək kömək istəmişdir. "xxxx"ın Suraxanı filialından 5000 manat pul götürmüşdürlər. Krediti götürüb ona vermişdirlər. Sonradan həyat yoldaşı ona bildirmişdir ki, Cavabdeh kimisə aldatmış, FHN-ə düzəltmək adı ilə 5000-6000 manat məbləğində pul mənimsəmişdir. Həmçinin Cavabdeh dələduzdur. O, 4 nəfər Quba sakininə qarşı dələduzluq etmiş və onları işə düzəltmək adı ilə onlardan pul almışdır. Həmin pulu da onların kartına atmışdır. Ona görə Sumqayıt prokurorluğuna da çağırılmışdırlar. Hal-hazırda da bununla bağlı cinayət işi davam edir. 3 ay ödənişləri ödəmədikdən sonra xx.xx.2024-cü il tarixdə polis idarəsinə yaxınlaşıb ərizə yazmışdır. Gecikməyə görə 500 manat məbləğində faiz borcunu ödəmişdir. 2000 manat məbləğində olan tələbləri 2023-cü ilin dekabr ayından 2025-ci ilin yanvar ayına qədər olan borcdur. Banka olan borcu təxminən yanvar ayında bitirmişdir. Hər ay banka ödənişlər etmişdir. Gecikmələr olduğu üçün faizlər üzrə borcları da ödəmişdir. Məhkəməyə təqdim etdiyi çıxarışı 13 dekabr 2024cü ildə əldə etmişdir. Keçirdiyi əsəb-stres, həkimlərə xərclədiyi pullar və gəlib-getmək üçün yola xərclədiyi pulları isə mənəvi zərər kimi tələb edir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt ŞPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmmasının rədd olunması, İddiaçı2 dəymiş maddi ziyanla bağlı yaranmış mübahisə ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ilə Azərbaycan Respublikasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunması qərara alınmışdır.
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, 2500 manat məbləğində pulun və mənəvi ziyanın əvəzi olaraq 3000 manat məbləğin bildiriş ünvana çatdırıldığı vaxtdan etibarən üç gün müddətində onlara ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarı:
Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
10. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı:
Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
12. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı1 2022-ci ilin may ayında "xxxx" ASC-dən 5000 manat məbləğində kredit götürərək hazırki iş üzrə cavabdeh Zamanlı Nihad Zaman oğluna vermişdir. Zamanlı Nihad Sumqayıt şəhər Polis İdarəsində izahatında banka qeyd edilən kredit borcuna görə faizlərlə birlikdə yaranmış 6000 manat məbləğdən 4500 manat ödədiyini, işdən çıxdışğı üçün 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayları üçün yaranmış 90 manat aylıq kredit ödənişini ödəmədiyini bildirmişdir. İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilən "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan və xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən göründüyü kimi sözügedən kredit xəttinin üzrə borcun ödənilməsi üçün sonuncu tərəfindən 1782 manat, 45 qəpik məbləğində pul ödənilmişdir.
13. Göründüyü kimi, İddiaçı1 ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı aralarındakı şifahi razılaşmaya uyğun olaraq pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
14. İddiaçı1 qeyd olunan vəsaiti cavabdehə verməsi, habelə həmin pul vəsaitinin ödənilməsi qaydası ("xxxx" ASC-yə olan borcun ödənilməsi) ilə bağlı tərəflər arasında razılaşmanın olması cavabdehin Sumqayıt şəhər Polis İdarəsində verdiyi izahatı ilə öz təsdiqini tapır.
15. Həmin pulun geri qaytarılmasına gəldikdə isə iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməyərək qeyd olunan halları təkzib edəcək, habelə tərəfindən hər hansı ödəniş edildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
16. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 1782,45 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması hissəsində əsaslıdır. İddiaçı cavabdehin borcunun əvəzi olaraq tərəfindən banka 2000 manat məbləğində pul vəsaitini ödədiyini bildirsə də, ödənilən məbləğin qeyd edilən miqdarda olması iş materialları ilə sübut olunmur.
17. Məhkəmə yuxarıda qeyd edilən borc müqaviləsi ilə bağlı münasibətlərin İddiaçı1 ilə Cavabdeh arasında yarandığını nəzərə alaraq hesab edir ki, İddiaçı2 həmin münasibətlərin tərəfi olmadığından hazırki iddianın irəli sürülməsində subyektiv hüquqa malik deyildir.
18. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.
19. Hazırki işdə isə yuxarıda qeyd edildiyi kimi iddiaçı digər iddiaçı ilə cavabdeh arasında yaranmış müqavilə münasibətinin tərəfi olmamaqla həmin müqavilədən irəli gələn öhdəliyin icra edilməsini tələb etmək hüququna malik deyildir. Başqa sözlə desək qeyd olunan münasibətlərin onun hüquqlarına və mənafelərinə toxunması halı müəyyən olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia İddiaçı2 aid hissədə təmin edilməməlidir.
20. Məhkəmə iddiaçının cavabdehdən mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, şəxsə mənəvi zərərin dəyməsi digər şəxsin qanunsuz hərəkəti və bu hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olduğu halda mümkündür. Bu hərəkətin qanunsuzluğunu sübut etmək və eyni zamanda həmin hərəkətlə onun mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübut etmək vəzifəsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən bunu iddia edən tərəfin üzərinə düşür.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Lakin hazırki işdə İddiaçı1 cavabdehin ona olan borcunu gec qaytarması ilə ona mənəvi zərərin dəyməsi (mənəvi sarsıntı və ya mənəvi iztirab keçirməsi) arasında səbəbli əlaqənin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
23. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
24. Hazırki halda iddiaçının mənəvi zərərlə bağlı tələbi yalnız onun izahatına əsaslanır. Belə olan halda məhkəmə qeyd edir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
25. Beləliklə iddiaçı tərəfindən ona mənəvi zərərin dəyməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir.
26. Bundan başqa məhkəmə iddiaçının cavabdehin pul vəsaitini qaytarmasını gecikdirməsinə görə 5% bank uçot dərəcəsinə uygun 75 manat məbləğində pul vəsaitinin ondan tutulmasına dair tələbi ilə bağlı qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borc müqaviləsi tərəflər arasında şifahi formada bağlansa da, onlar həmin razılaşma ilə bağlı öhdəliklərin icrası müddətini bankdan götürülmüş kreditin ödənilməsi müddətinədək razılaşdırmışlar.
27. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə öhdəliklərin icrası müddəti bitdikdən sonra və ya bu müddət bitənədək müqavilədən imtina edilməsi halında iddiaçının yuxarıda qeyd edilən normnın tələbinə uyğun olaraq gecikmə faizini tələb etmək hüququ vardır. Hazırki halda qeyd olunan normanın dispozisiya şərtlərinin ödənilməsi müəyyən edilmir. Belə ki, hazırki tələbin əsaslığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən verilmiş borc hesabına ödənilməsi nəzərdə tutulan kredit müqaviləsinin tələb olunmasına baxmayaraq, həmin müqaviləni məhkəməyə təqdim etməmiş, bununla da tərəflər arasında bağlanmış borc müqaviləsinin bitmə tarixini müəyən etmək olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1782 (min yeddi yüz səksən iki) manat, 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat, 82 (səksən iki) qəpik pul vəsaiti tutularaq İddiaçı1 ödənilməlidir.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1782 (min yeddi yüz səksən iki) manat, 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat, 82 (səksən iki) qəpik pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva