Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7227/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Prado” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 271.75 AZN (iki yüz yetmiş bir manat yetmiş beş qəpik) pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prado” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Toyota Prado” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Prado” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5177 AZN (beş min yüz yetmiş yeddi manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC şirkəti subroqasiya qaydasında dəymiş zərərin 4905.25 AZN (dörd min doqquz yüz beş manat iyirmi beş qəpik) hissəsini ödəmişdir. Qalan 271.75 AZN (iki yüz yetmiş bir manat yetmiş beş qəpik) hələ də ödənilməmiş qalmışdır. Bildirilir ki, xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına da əlavə edilmiş Səbail rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarı və inzibati xəta haqqında protokoluna əsasən, Cavabdeh İXM-nin 327-1 ci maddəsi ilə təqsirli bilinmişdir. Hesab edir ki, 271.75 AZN (iki yüz yetmiş bir manat yetmiş beş qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta tərəfindən sığortalanmış “Toyota Prado” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5277 AZN (4472.03+804.97) sığorta ödənişi həyata keçirmişdir. İşdə olan 099074 saylı Sığorta Aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış “Toyota Prado” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə “Toyota Prius” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 5277 manatdır. Avtonəqliyyat vasitəsinə dəyən zərər üzrə franşiza (azadolma məbləği) 100 manatdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, O-A-2022-1641 saylı pretenziya məktubunun surətindən görünür ki, ödənilməmiş sığorta ödənişinin sığorta şirkətinə ödənilməsi cavabdehə təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prado” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə sonuncu avtomobilə maddi zərər vurulmuşdur. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Prado” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5177 AZN sığorta ödənişi həyata keçirmişdir. İddiaçının etirafına əsasən “Toyota Prius” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC şirkəti subroqasiya qaydasında dəymiş zərərin 4905.25 AZN (dörd min doqquz yüz beş manat iyirmi beş qəpik) hissəsini iddiaçı şirkətə ödəmişdir. 100 manat franşiza (azadolma məbləği) nəzərə alınmaqla dəymiş ziyanın 271.75 manat hissəsi isə ödənilməmiş qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, sözügedən zərərin aradan qaldırılması üçün iddiaçının ödədiyi sığorta ödənişindən ödənilməyən 271,75 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manatdır. Mülki Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (926.1). Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (926.2). İşin hallarından göründüyü kimi “Toyota Prius” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci ildə baş vemiş yol-nəqliyyat hadisəsi Cavabdeh tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından icbari sığorta müqaviləsində nəzərdə tutulan sığorta məbləğindən artıq məbləğdə vurulmuş zərər Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2). Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir (936.3). Beləliklə məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi sığorta ödənişindən qalan 271,75 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30.40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 271,75 AZN (iki yüz yetmiş bir manat yetmiş beş qəpik) pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-7227/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7227/2023
07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver