Məhkəmə qərarları › İş №e-2(060)-732/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-732/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-732/2024 30.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə 30 sentyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5415 AZN (beş min dörd yüz on beş manat) məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 74.45 (yetmiş dörd manat qırx beş qəpik) manat dövlət rüsumunun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra- Şirkət) kasko sığorta növü ilə sığortalanmış “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X3 tərəfindən idarə edilərkən Cavabdeh tərəfindən idarə edilən “Nissan X-Trail” minik markalı, 99FH397 dövlət qeydiyyat avtomobillə toqquşmuş nəticədə sığortalı “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Dəymiş zərərin hesablanmasına dair akta əsasən, “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə 5515 AZN (beş min beş yüz on beş manat) zərər dəyməsi müəyyən edilmişdir. Şirkət tərəfindən dəymiş zərər aradan qaldırılaraq “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5415 AZN (beş min dörd yüz on beş manat) sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmiş, barəsində ******* saylı X8 Protokol tərtib edilmiş və ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4019 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 74.45 manat dövlət rüsumunun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə bir neçə dəfə etiraz təqdim edərək sonuncu etirazında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Nissan X-Trail” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 tərəfindən idarə edilmiş “Mitsubishi Outlander” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Mitsubishi Outlander” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5415 manat ziyan vurulması ilə razı deyil. Hesab edir ki, iştirakı olmadan hesablanmış ziyanın məbləği 2-3 qat şişirdilmişdir. Hazırki etiraz ərizəsindən əvvəl məhkəməyə etiraz ərizəsi və yazılı vəsatətlər təqdim etsə də, onlardan yalnız biri, yəni məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi təmin olunmuş, lakin digər məsələlərə aydınlıq gətirilməmiş, müvafiq sənədlər tələb edilməmiş, iddiaçının nümayəndəsi dəvət olunsa da məhkəmədə iştirak etməmiş, onun tərəfindən məhkəməyə hadisə barədə rəsmi sənədlər və qəza yerində çəkilmiş fotoşəkillər, videogörüntülər təqdim olunmamışdır. Əgər bu görüntülər təqdim olunsaydı, ekspert tərəfindən də obyektiv rəy verilmiş olardı. Aydınlaşdırılması üçün aşağıdakı məsələlərin araşdırılmasını xahiş edir: 1) Yol-nəqliyyat qəzası nəticəsində “Mitsubishi Outlander” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan barədə müvafiq sənədiəşmə nə üçün dərhal tərtib olunmamış, bu məqsədlə hadisənin baş verdiyi Qusar rayonunda, eləcə də ona yaxın Quba və Xaçmaz rayonlarında çox sayda servislər, avtomobil təmiri müəssisələri, ehtiyyat hissələri mağazaları olduğu halda, onun iştirakı təmin edilmədən və hansı məqsədlə 1 aydan sonra Bakı şəhərində yerləşən “Hermes Auto” müəssisəsindən Servis Kartı alınmışdır? Servis Kartının xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yerləşən müəssisəsindən alınması şübhə doğurur. 2) “Nissan X-Trail” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Plastik materialdan olan ön qoruyucunun sol hissəsi ilə “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa qanadların, sol iki qapıların, sol ayaqaltının tamamilə yararsız vəziyyətə düşməsi mümkündürmü? Halbuki, hadisə vaxtı “Mitsubishi Qutlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa qanadları, sol iki qapıları tam sıradan çıxmamış, qismən əzilmiş və cızıqlar yaranmışdır. Həmin vaxt avtomobilin ayaqaltısına zərər dəyməsi müşahidə olunmamışdır. 3) “Mitsubishi Qutlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği Sığorta şirkəti tərəfindən avtomobilin mənsub olduğu müəssisənin hesabına və ya guya əzilmiş hissələri yenisi ilə əvəz etmiş “Hermes Auto” müəssisəsinin hesabına köçürülməmişdir. Hansı məqsədlə fiziki şəxsin hesabına köçürülmüşdür? Bu onu göstərir ki, Sığorta şirkəti ilə “Hermes Auto” müəssisəsi arasında şübhəli əlaqələr vardır. 4) Məhkəməyə təqdim etdiyi vəsatət əsasında əmtəəşünaslıq ekspertizası təyin olunaraq rəy alınmışdır. Rəylə tanışlıqdan sonra məlum olmuşdur ki, rəy “HERMES AUTO” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Servis Kartında göstərilmiş rəqəmlər əsasında tərtib olunmuşdur. Aydınlaşdırılması üçün onun ekspertiza qarşısında qaldırdığı vəsatətlərin heç biri nəzərə alınmamışdır. Belə ki, “Mitsubishi Outlander” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə baxış keçirilməmiş, faktiki hansı hissələrin dəyişdirilməsi barədə iddiaçının təqdim etdiyi sənədlərə əsasən rəy tərtib olunmuşdur. Ekspert rəyində yalnız avtomobilin istismarda olduğu 9 il müddəti üçün (sürücünün deməsinə görə, onun idarə etdiyi avtomobil 2007-ci ildən, rəydə isə 2012-ci ildən istismarda olduğu qeyd edilmişdir) aşınmanın 4 %-dən nəzərə alındığı göstərilmişdir. Bu hesabla 4015 manatdan çıxılacaq məbləğ (9 x 4 = 36 %, yəni 4015-1445 = 2570 manat təşkil etməlidir. Lakin rəydə bu məbləğ 4019- 1346= 2669 manat qeyd olunmuşdur. Hadisə yerində DYP bölməsinin və Sığorta şirkətinin əməkdaşları tərəfindən hadisə yeri və avtomobillərin fotoşəkilləri çəkilmiş və ümumi görüntülər diskə köçürülmüşdir. Həmin disk və fotoşəkillərdə əks olunmuş görüntülərin onun tərəfindən əldə edilməsi mümkün olmadığından, qeyd olunan təşkilatlardan tələb edilməklə ekspertizaya təqdim olunaraq obyektiv rəy verilməsini xahiş etmişdi. Lakin görüntülər məhkəməyə və ekspertizaya təqdim olunmamışdır. 5) O, 2021-ci ilin mart ayının 06-da Bakı şəhərində yaşayan vətəndaş X1 adına olan “Nissan X-Trail” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili notariatda təsdiq olunmuş rəsmi Etibarnamə ilə almışdır və həmin vaxt avtomobilin 2022-ci ilin mart ayına kimi sığortasının olduğu bildirilmiş və bu fakt Etibarnamədə də qeyd olunmuşdur. Sığorta şirkəti tərəfindən həmin avtomobilin sığorta olunub-olunmaması, müddətinin nə vaxta kimi olması dəqiqləşdirilməmiş və bu barədə iddiaçı tərəfindən ona və məhkəməyə rəsmi olaraq məlumat verilməmişdir. 6) Məlum hadisə vaxtı “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa qanadları, sol iki qapıları səthi olaraq əzilmişdir. Onun idarə etdiyi avtomobilin də plastik materialdan olan ön qoruyucunun sol hissəsi, sol ön və arxa qanadları və ön və arxa qapılar eyni dərəcədə əzilmişdir. Lakin ona sığorta ödənişi verilməmişdir. Avtomobili aldığı vaxtdan qəza törədilmiş 28 fevral 2022-ci il tarixə kimi, yəni 1 ilə bir neçə gün qalmış müntəzəm olaraq Şəmkir-Gəncə-Göygöl, Şəmkir-Gəncə-Bakı, Bakı-Quba-Qusar və əks istiqamatlərə idarə edib. Lakin, həmin magistralda olan minlərlə radar avtomobilin sığortasız olmasını qeydə almamış, DYP əməkdaşları tərəfindən ona şəxsən bildirilməmiş və mobil telefonuna SMS daxil olmamışdır. Məlum olduğu kimi, sığortasız avtomobillər radarlar vasitəsilə dərhal aşkar olunaraq DYP-nin müvafiq qurumlarına məlumatlar ötürülür. Lakin Sığorta şirkəti onun idarə etdiyi avtomobilin hadisə vaxtı sığortasız olduğunu iddia edir. Bununla da Şirkət, qeyd etdiyi rayon və şəhərlərdə DYP-nin quraşdırdığı radarların dəqiq işləməsini şübhə altına almış olur. Qeyd olunanlara əsasən “Hermes Auto” tərəfindən hesablanmış məbləğin həddindən artıq şişirdilməsi, ziyan hesablanarkən iştirakının təmin edilməməsi, bunun 2 ilə yaxın vaxt keçdikdən sonra bəyan edilməsi iddiaçının hesablamalarına əsaslı şübhələr yaranmışdır. O, 1995-ci ildən hərbi qulluqda olub, 2023-cü ilin əvvəlində 28 illik xidmətdən sonra polkovnik-leytenant hərbi rütbədə ehtiyata buraxılıb. Ailəsi 4 nəfərdən ibarətdir, oğlu Məhəmmədəli Əmirzadə anadangəlmə xəstədir, xəstəliyi müxtəlif tibb müəssisələrində qeydiyyatda olmaqla, xəstəliyi Respublika TSEK-sı tərəfindən təsdiqlənmişdir. Onu da nəzərə çatdırır ki, uzun illər Azərbaycan Ordusunda mənfur düşmənə qarşı mübarizə apardığı, səngərlərdə və ağır şəraitlərdə Vətəninə şərəflə xidmət etdikləri dövrlərdə, evində və ailəsinin yanında rahat yaşamış şəxslərdən Qalib Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı hörmət gözlədiyi halda, əksinə, ədalətsizliyə məruz qalıb. Artıq 9 aydır ki, bu ədalətsizlik ona rahatlıq vermir, əzab çəkir. Cavabdeh yuxarıda göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hadisə baş verən gün hava şəraiti pis olmuşdur. Belə ki, hərəkət istiqamətində bir sürü qoyun var idi. Qoyunları qarşı tərəfə keçirən şəxsi vurmamaq üçün maşını kənara çəkəndə digər maşına ziyan vurmuşdur. Həmin maşın da onun hərəkət zolağına qismən girmişdi. Ona vurduğu ziyan barədə bir il sonra məlumat verilib. O, idarə etdiyi maşını 2021-ci ilin mart ayında alıb və maşın sığortalı olmuşdur. O, hadisə yerindən qaçmayıb. Ziyan dəyən Avtomobil 2007-ci ildən istifadə edilir. Bazar dəyəri 12000 (on iki min) manat təşkil edir. Ondan tələb edilən məbləğ isə 5000 (beş min) manatdır. Hesab edir ki, ondan tələb edilən miqdar ziyana nisbətdə çoxdur. Onun avtomobilinə də həmin vaxt ziyan dəymişdi, lakin o, təmir sexlərində öz hesabına təxminən 1000 manata maşınını təmir etdirmişdir. Buna görə də qarşı tərəfin iddia etdiyi məbləği absurd hesab edir. Onun tərəfindən mübahisəli avtomobilə yüngül zərər vurulub. Sözügedən maşına dəymiş ziyanı 1500 manat hesabına tam şəkildə ödəmək olar. Qiymətlər demək olar ki, çox şişirdilib. Maşının qapılarının dəyəri 500 manat olduğu halda 1000 manat məbləğində qiymətləndirilib. Bundan başqa “petlə” üçün ayrı qiymət müəyyən edilib. Halbuki “petlə” maşının elə qapısının üzərində olur. Bundan başqa 10 il və ya daha çox müddətdə istifadə olunan maşınlarda 6% aşınmanın olması da nəzərə alınmalıdır. Lakin hazırkı vəziyyətdə qiymət yuvarlaqlaşdırılaraq 100 manat daha yüksək məbləğ göstərilib. Əslində ekspert müstəqil şəkildə rəy verməyib. Belə ki, ekspert istinad etdiyi mənbələri qeyd etməyib. Ekspert yalnız “Hermes Auto” şirkətinin mütəxəssis rəyinə istinad edib. Ekspert qarşısında qoyulan bütün suallar cavablandırılmayıb. Ekspert həqiqətən hansı detalların dəyişdirilməsini bildirməyib. Həmçinin ekspert sübut etməlidir ki, qeyd edilən detallar həqiqətən dəyişdirilib. Həmçinin, qeyd edilən avtomobildə sol “padnuşka” olmayıb. Sığorta həmçinin onu dəvət edib ziyanı ödəyə biləcəyini soruşmalı idi. Sığorta şirkəti isə hadisədən sonra ona getməyini və onun bu məsələdə heç bir iş olmadığını bildirmişdi. Hadisə baş verən vaxt onun maşınının hansı sığorta şirkətində sığortalandığı araşdırılmalı idi. Lakin bu məsələ də araşdırılmayıb. O, özü hadisə vaxtı sığorta şirkətinə müraciət etməyib. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 5415 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İşdə olan 04912/2022 saylı Sığorta ödənişi ilə bağlı Aktdan görünür ki, "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək kasko sığorta qaydasında sığortalanmış “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə “Nissan X-Trail” minik markalı, 99FH397 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 5515 manat, azadolma məbləği 100 manat, hesablanmış sığorta ödənişi 5415 manatdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 46954 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5415 manat məbləğində pul X2 hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli Hermes Auto tərəfindən verilmiş servis kartından görünür ki, “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 5515 manat qiymətləndirilmişdir. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “Nissan X-Trail” minik markalı, 99FH397 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdır. İş materialında olan X8 İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Cavabdeh idarə etdiyi “Nissan X-Trail” minik markalı, 99FH397 dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. İşdə olan Rövşən Talıbov tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin sığorta şirkətinin müqavilə bağladığı, avtomobillərin təmir işləri üzrə mütəxəssisi X6 tərəfindən təmir olunduğu nəzərə alınaraq ayrılan vəsaitin X2 hesabına köçürülməsinə sərəncam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (İcraçı) ilə X6 (sifarişçi) arasında bağlanmış 21 iyun 2022-ci il tarxili xidmət müqaviləsindən görünür k, həmin müaviləyə əsasən “İcraçı" “Sifarişçi” tərəfindən sığorta olunmuş və sığorta hadisəsi nəticəsində zədələnmiş nəqliyyat vasitələrinə, həmçinin sığorta olunmuş nəqliyyat vasitələrinin zərər vurmuş olduğu digər zədələnmiş nəqliyyat vasitələrinə 1.2-ci bənddə qeyd olunan xidmətləri göstərməyi, “Sifarişçi” isə göstərilən xidmətləri qəbul edib xidmət haqqını ödəməyi öhdəsinə götürür. Bu Müqavilə üzrə göstərilən xidmətlər aşağıdakılardan ibarətdir: 1.2.1. zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirilməsi; 1.2.2. zərərin qiymətləndirilməsi və zərər aktının tərtib edilməsi; 1.2.3. təmir işlərinin aparılması (ehtiyat hissəsinin dəyişdirilməsi tələb olunduğu halda); 1.3. Göstərilən xidmətlərin həcmi bu Müqaviləyə elavə edilən qiymətlilərin Razılaşma Protokolu ilə müəyyənləşdirilir. 1.4. Xidmət Haqqı və ödəmə qaydaları göstərilən xidmətlərin dəyəri hazırki Müqaviləyə əsasən manatla (AZN) müəyyən olunur. 1.5. Xidmət haqqı Tərəflər arasında qarşılıqlı Təhvil-Təslim aktı imzalandığı tarixində “İcraçı” tərəfindən müvafiq hesab-faktura və elektron qaimə təqdim olunandan sonra 15 (on beş) gün ərzində ödənilir. İşdə olan “X9” QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cəmiyyətə məxsus “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirə yönəldilməsi və təhvil-təslim işlərinin aparılması Cəmiyyətin Nəqliyyat Şöbəsinin müdiri X5 həvalə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Cavabdeh idarə etdiyi “Nissan X-Trail” minik markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi Outlander” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5415 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (926.1). Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (926.2). Həmin Məcəllənin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2). Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir (936.3). Beləliklə məhkəmə hesab edir ki, sığorta olunana (zərərçəkənə) dəymiş zərərin (dəyən zərərin aradan qaldırılması üçün göstərilən xidmətin) əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkəti ödədiyi sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin cavabdeh etirazında “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğini mübahisələndirmiş, bununla əlaqədar məhkəmə tərəfindən maşına dəymiş ziyanın (avtomaşının ehtiyat hissələrinin pərakəndə satış qiyməti və avtomaşının bərpa olunması üçün təmir xərci göstərilməklə) tam və dəqiq şəkildə müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininm 06 may 2024-cü il tarixli, 9/2516 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan edilmiş “Hermes Auto” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5365,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 4015 manat, təmir- bərpa işlərinin qiyməti - 1350 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə -4019,00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti 2669 manat, bərpa işlərinin qiyməti - 1350 manat. Göründüyü kimi ekspert rəyində “Mitsubishi Outlander” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği dəyişilməli hissələrin qiyməti 2669 manat və bərpa işlərinin qiyməti 1350 manat olmaqla, 4019 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Ekspert rəyinin məzmunundan görünür ki, ekspert Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 10 il (2012-2022) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyərini təxminən 2669,00 manat müəyyən etmişdir. Bu məbləği (4015,00-4%)-9 dəfə qaydasında hesablanmaqla müəyyən etdiyini qeyd etmişdir. Halbuki həmin qaydada hesablandıqda, yəni hər il üçün 4% aşınma tətbiq edilməklə (4015*4%=160,6 manat) avtomaşının dəyişilməli hissələrinin qiyməti 9 dəfə azaldıqda (160,6*9=1445,4 manat) həmin məbləğ 2569,60 (4015-1445,4) manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 3919.60 (2569,60+1350) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə cavabdehin avtomobilinin hadisə vaxtı icbari qaydada sığortalandığı, bu səbəbdən həmin sığorta şirkətinin müəyyən edilərək ziyanın həmin şirkət tərəfindən ödənilməli olması barədə etirazının dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt icbari sığorta şirkətinə məlumat verilməsi, o cümlədən zərərçəkənə müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verilməsi sığortalının, hazırki halda cavabdehin vəzifələrinə aid olmuşdur (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.4 və 22.2.5-ci maddələri). Məhkəmə iclasında məhkəmənin suallarına əsasən isə müəyyən edilmişdir ki, cavabdeh həmin vaxt sığorta şirkətinə müraciət etməmiş, ümumiyyətlə həmin vaxt maşının hansı şirkətdə icbari sığorta olunduğundan məlumatsız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin etirazının bu dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən (təxminən 70% həcmində) təmin edildiyindən (ilkin tələbə münasibətdə) iddiaçı tərəfindən ödənilən 74.45 manat dövlət rusumunun 52 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 22.45 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə (təxminən 70% həcmində) münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 35 manatı cavabdehə, 15 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 3919,60 (üç min doqquz yüz on doqquz manat, altmış qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 52 (əll iki) manat hissəsi tutulsun. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh 35 (otuz beş) manat, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ********************saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar