Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-745/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma kimi özündə saxladığı iddiaçıya məxsus olan mühərrik nömrəsi: 2UZ1227396, BAN nömrəsi: JTJHT00ÜX74028533, buraxılış ili 2007-ci il, dövlət qeydiyyat nişanı **-OB-***, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi AB 578489 olan “Lexus LX470” minik markalı avtomobilinin satılmasından əldə etdiyi 40000 manat vəsaitin onun xeyrinə tutulması, cavabdehdən iddiaçının məhkəmə xərcləri olan 250 manat hüquqi xidmət haqqı və 210 manat dövlət rüsumu olmaqla, cəmi 460 manat məhkəmə xərclərinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı - direktoru olduğu "xxxx" MMC şirkətində müvəqqəti maliyyə çətinliyi ilə əlaqədar olaraq işçilərə əmək haqqı vermək məqsədilə öz şəxsi mülkiyyətində olan 50000 manata qədər bazar dəyəri olan “Lexus LX470” minik markalı avtomobilini xx.xx.2022-ci ildə Bakı şəhəri, 51 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş etibarnamə əsasında 35000 manat borc müqabilində avtomobil alqı-satqısı ilə məşğul olan cavabdehə girov kimi vermişdir. Cavabdeh aralarında olan razılaşmanın şərtlərinə əməl etməmiş, hətta onun avtomobilini sataraq əldə etdiyi pul vəsaitini də qaytarmamışdır. Onun tələbi müqabilində isə cavabdeh bildirmişdir ki, avtomobilin satışından əldə etdiyi gəliri onun razılığı və icazəsi olmadan iddiaçının tanışı Mustafa Qoxmaz adlı şəxsin cavabdehə olan borcunun bağlanılmasına sərf etmişdir. Göründüyü kimi cavabdeh ona girov kimi etibar edilmiş özgə əmlakını israf etmə və özbaşınalıq kimi cinayət əməlləri törətməklə ona külli miqdarda maddi zərər vurmuş, yəni heç bir qanuni və ya müqavilə əsası olmadan ona məxsus olan avtomobili qanunsuz olaraq satsa da satış dəyərini də ona qaytarmamış və bunun da nəticəsində əsassız olaraq varlanmışdır. Onun yalnız satış dəyərini tələb etməyinə, yəni avtomobilin geri qaytarılması haqqında iddia tələbi irəli sürməməyinə səbəb ondan ibarətdir ki, cavabdehə onun tərəfindən qanuni əsaslarla etibarnamə verilmiş və cavabdehin onun avtomobilini qanunsuz olaraq satmağına baxmayaraq həmin avtomobilin alıcısı vicdanlı alıcı olmuşdur. Onun satılmış avtomobilinin alıcısı haqqında məlumat almaq üçün X18 etdiyi müraciətinə həmin məlumatın verilməsinin mümkün olmaması haqqında cavab verilmişdir. Satılmış avtomobilin dəyəri onun tərəfindən 50000 manat dəyərləndirilsə də mövcud bazar qiymətləri haqqında müxtəlif internet saytlarda bu tip avtomobilin dəyərinin 35000-40000 manat və ya 21000-22000 ABŞ dolları arasında olduğundan iddia tələbi 40000 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və onun təmin olunmasını xahiş etdilər. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. O “Forsaj” avtosalonunda işləyir. 2022-ci ilin may ayında iddiaçı ilə Mustafa Korkmaz adlı şəxs avtosalona gəlmiş, “Mercedes-Benz S-class” markalı avtomobili almaq istədiklərini bildirmişdirlər. Mustafa Korkmaz adlı şəxs avtomobil qarşılığında 30000 ABŞ dolları ödəməli idi. Lakin, Mustafa Korkmaz pulu ödəməkdən boyun qaçırmışdır. Avtomobil lizinq ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Daha sonra iddiaçı öz avtomobilini baş etibarnamə əsasında ona vermiş və onlar həmin avtomobilə qarşılıq Mustafa Korkmazın borcundan 20000 manat çıxmışdırlar. Hazırda avtosalona 31000 manat borcu qalmışdır. Həmçinin qeyd etdi ki, notariat kontoruna gedərkən o içəri daxil olmamış, iddiaçını çöldə gözləmişdir. Avtomobilin kimin adına rəsmiləşdirilməsi yadında deyildir. İddiaçının ona deyil, Vüqar adlı şəxsə borcu olmuşdur. Ona görə də iddiaçının “Lexus LX470” minik markalı avtomobilinin satışından əldə olunan pulu avtosalonun yiyəsi Vüqar götürmüşdür.“Mercedes-Benz S-class” markalı avtomobil lizinqdə olduğundan bank tərəfindən alınmış və həmin avtomobil artıq başqasına satılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. O, “Forsaj” adlı avtosalonu işlədir və cavabdeh də onun işçisidir. Mustafa Korkmaz adlı şəxs iddiaçı ilə avtosalona gələrək sonuncuya avtomobil lazım olduğunu bildirmişdirlər. İddiaçı qara rəngli “Mercedes-Benz Sclass” markalı avtomobili bəyənmiş, avtomobilin pulunu uzağı iki aya bağlayacağını bildirmişdir. Onlar banka getmiş, lizinq müqaviləsi əsasında avtomobili iddiaçıya satmışdır. 10 gün sonra iddiaçı avtosalona gəlmiş və avtomobilin akkumlyatorunu dəyişdirmək istədiyini demiş, onlar da akkumlyatoru dəyişdirmişdirlər. Bir müddət sonra bankdan zəng edərək ödənişlərin edilmədiyini bildirmişdirlər. O bu barədə Mustafa Korkmaza zəng edərək heç olmasa 25000 ABŞ dolları ödəməsini tələb etmişdir. Mustafa Korkmaz isə ondan cavabdeh İddiaçı “Lexus” markalı avtomobilini hansı qiymətə ala biləcəyini soruşmuşdur. O həmin avtomobili 20000 manat məbləğində qiymətləndirmiş və həmin məbləği borcdan çıxmışdır. Avtomobil pis vəziyyətdə olmuşdur. Daha sonra Mustafa ondan borc pul istəmişdir. O isə keçmiş borcunu qaytaracağı təqdirdə Mustafaya yenidən borc verə biləcəyini bildirmişdir. Heydər onun işçisi Elçinə baş etibarnamə vermiş və o da pul lazım olduğundan avtomobili həmin gün satmış, pulu da özü götürmüşdür. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, o, iddiaçı ilə birgə işləmişdir. Cavabdehi tanımır. 2022-ci ilin payız aylarında şirkətin işçilərinin əmək haqqları yubanırdı. Heydər ona işçilərin əmək haqqlarını ödəyə bilmək üçün özünə məxsus “Lexus” LX470 markalı avtomobili girov qoyaraq Vüqar adlı şəxsdən pul götürəcəyini bildirmişdir. Bunun üçün Heydər, cavabdehə baş etibarnamə verərək özünə məxsus avtomobili cavabdehə təhvil vermişdir. Cavabdeh pulu gətirmək üçün getsə də, ondan xəbər çıxmamışdır. O, Heydər və Mustafa Korkmaz cavabdehə zəng etsələr də cavab verməmişdir. Elçin onun deyil Mustafa Korkmazın otağında olmuşdur. Mustafa Korkmaz "xxxx" MMC-nin direktorudur. Mustafanın avtosalona borcu olub-olmaması barədə onda məlumat yoxdur. Mustafanın “Mercedes-Benz S-class” markalı avtomobili olub-olmadığını bilmir. Vüqar və Heydər onun otağında olmuşlar. Vüqar 35000 manat pul verməli idi. Borc verilməsi ilə bağlı şərtləri xatırlamır. Mustafa da həmin vaxt onun otağında olmuşdur. Vüqarın danışığından bilmişdir ki, baş etibarnamə Elçinin adına veriləcəkdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, o, iddiaçının işçisidir, cavabdehi tanımır. İşlədiyi şirkət Ağdam şəhərində tikinti işi ilə məşğul olduğundan orada işləyirdilər. İşçilərin əmək haqqlarının verilməsində problem yarandığına görə rəhbərlik “Lexus” LX470 markalı avtomobili girov qoyaraq Vüqar adlı şəxsdən pul götürəcəyini bildirmişdir. Həmin gün axşama qədər gözləsələr də həmin şəxs söz verdiyi pulu gətirməmişdir. Hadisələrin yaşandığı tarix yadında deyildir. Avtomobil girov qoyularaq pul götürüləcək idi. Avtomobilin girov qoyulmasının canlı şahidi olmamışdır. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, o, iddiaçını tanımır, Elçin və Vüqar ilə birgə işləmişdir. O, Vüqarın işçisi olmuşdur. O, avtosalonda işləyən vaxt sözügedən qara rəngli “Mercedes-Benz S-class” markalı avtomobil lizinq müqaviləsi əsasında Vüqara məxsus idi və avtomobili özü sürürdü. Vüqarın istəyi ilə o, avtomobilin texniki işlərini görmuş və onu satışa qoymuşdurlar. Həmin avtomobil ilə maraqlananlar çox idi. 2 gün sonra avtomobil iddiaçıya satılmışdır. Avtomobilin neçəyə satılması ilə bağlı məlumatı yoxdur. İddiaçının oğlu gələrək texpasport almışdır. “Lexus” markal avtomobillə bağlı heç nə bilmir. Məhkəmə, tərəflərin, iddiaçının nümayəndəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin məhkəmənin göndərilən soruğusuna əsasən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Lexus LX470” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı adına şəhadətnamə verilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixədək etibarnamə verilmiş, sözügedən avtomobil barədə xx.xx.2022-ci ildə X5 adına alqı-satqı müqaviləsi əsasında şəhadətnamə verilmiş, avtomobilin dövlət qeydiyyat nişanı **-EH-*** olmuşdur. Sözügedən avtomobil barədə xx.xx.2022-ci il ildə X2 adına alqı-satqı müqaviləsi əsasında şəhadətnamə verilmiş, avtomobilin dövlət qeydiyyat nişanı **-GB-*** olmuşdur. - Həmin məktubla göndərilən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “Lexus LX470” minik markalı, **-OB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili X6 xx.xx.2022-ci il tarixdə 20000 manat qiymətinə satmışdır. - Həmin məktubla göndərilən xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı “Lexus LX470” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə (xx.xx.2023-cü il tarixədək) sürücülük hüququ olduqda idarə etməyi, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyi Cavabdeh etibar etmişdir. - Həmin məktubla göndərilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı adına xx.xx.2011-ci ildə “Lexus LX470” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. - Həmin məktubla göndərilən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X9 “Lexus LX470” minik markalı, **-OB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili X4 xx.xx.2022-ci il tarixdə 22500 manat qiymətinə satmışdır. - Həmin məktubla göndərilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X5 adına xx.xx.2022-ci ildə “Lexus LX470” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. - İş üzrə xx.xx.2023-cü il tarixli, 9/2337 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2022-ci il tarixdə mülkiyyətindəki “Lexus LX470” minik markalı, **-OB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair cavabdehin idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ nəzərdə tutulan etibarnamə vermiş, sonuncu isə həmin etibarnamə əsasında bu əmlakı digərinə həmin tarixdə satmışdır. xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitəsinə dair yenidən alqı-satqı müqaviləsi bağlanılmış və nəqliyyat vasitəsi X3 adına rəsmiləşdirilmişdir. Cavabdeh avtomobilin satışından əldə olunan vəsaiti özündə saxlamamış, iddiaçıya təqdim etməmiş, Vüqar (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) adlı şəxs həmin pulu götürmüşdür. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2337 saylı rəyindən görünür ki, “Lexus LX470” markalı, 2007-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış,təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 34000 manat, likvid qiyməti 32000 manat müəyyən olunur. Qeyd edilən avtomobilin 2022-ci ilin iyun ayına orta bazar qiyməti 36000 manat, likvid qiyməti 34000 manat müəyyən olunur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Bu Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Bu Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 34000 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının avtomobilinin özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına əmlak əldə etmədiyindən, eləcə də etibarnamə ilə təmsil etdiyi və adından alqı-satqı müqaviləsi bağladığı iddiaçıya satış məbləğini vermədiyindən, həmin pulu başqa şəxs (Vüqar Kazımov) mənimsədiyindən mübahisə üzrə yaranmış öhdəlik delikt nəticəsində əmələ gəlmişdir. Odur ki, iddianın qanuni əsası qismində Mülki Məcəllənin 1096cı və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Qanunvericilik, delikt öhdəliyinin ziyan vuranın varlanıb-varlanmamasından asılı olmayaraq yaranmasını müəyyən etdiyi halda, əsassız varlanmanın əmələ gəlməsi üçün zərər vuranın varlanmasını zəruri əlamət kimi təsbit etmişdir. Belə ki, iddiaçının avtomobilinin cavabdehə verilmiş etibarnamə əsasında sonuncu tərəfindən özgəninkiləşdirilməsi, lakin yalnız təmsilçilik funksiyasını yerinə yetirməsinə baxmayaraq əldə olunmuş vəsaiti cavabdehin iddiaçıya verməməsi, habelə bu pulun digər şəxsin mənimsəməsi işin mübahisəsiz faktiki hallarıdır. Göründüyü kimi cavabdeh iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl törətməklə mülki hüquq pozuntusuna yol vermişdir. Sözügedən avtomobilin etibarnamə verilən gün özgəninkiləşdirilməsi, əldə olunan pulun iddiaçının borcundan silinməsi, qısa müddətdə başqasına daha baha (22500 manat) satılması, onun digər şəxsin mülkiyyətində olduğundan ekspertizaya təqdim edilə bilməməsi halı, habelə alqı-satqı müqaviləsində göstərilən qiymətlə (20000 manat), ekspert rəyində müəyyənləşdirilən həmin dövr üçün likvid dəyər (34000 manat) arasındakı kəskin fərq, əmlakın dərhal, dəyər-dəyməzinə satılması nəticəsinə gəlməyə əsas verir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, real zərərin məbləği ekspert rəyində müəyyən edilmiş sözügedən avtomobilin likvid dəyərinə uyğun olaraq 34000 manat təşkil edir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tələb bu hissələrdə də qismən təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 170 manat məbləğində pul və 163.2 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 42.50 manat, İddiaçı isə 7.50 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 34000 manat, hüquqi yardıma görə ödənilmiş 170 manat pul və 163.2 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 7.50 manat, Cavabdeh 42.50 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-745/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-745/2023
15.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver