Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7558/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, rüsum) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32975 (otuz iki min doqquz yetmiş beş) manat borc məbləğinin, 1 ədədinin dəyəri 400 manat olan 2 ədəd 200 litrlik, bir ədədinin dəyəri 450 manat olan 38 ədəd 300 litrlik, bir ədədinin dəyəri 480 manat olan 16 ədəd 330 litrlik, bir ədədinin dəyəri 550 manat olan 47 ədəd 400 litrlik, bir ədədinin dəyəri 600 manat olan 7 ədəd 500 litrlik, bir ədədinin dəyəri 650 manat olan 3 ədəd 600 litrlik 113 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 57580 (əlli yeddi min beş yüz səksən) manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 189 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 325 manat olmaqla, cəmi 514 manat məhkəmə xərcinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
5. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 189 manat dövlət rüsumu ödənilmişdir.
6. Lakin iddia tələbindən görünür ki, iddiaçı 32975 manat borc məbləği, həmçinin, bir neçə əmlak, olmadıqda isə onların dəyəri olan 57580 manat pul və 325 manat hüquqi yardıma ödənilən xərci tələb edir. Yəni iddianın qiyməti 90880 manat təşkil edir.
7. Qanunun tələbinə görə də, hazırkı iş üzrə 362.64 manat dövlət rüsumu ödənilməli idi.
8. Göründüyü kimi, iddiaçı tərəfindən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir.
9. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir.
10. Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır.
11. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı əmlakların naturada və ya olmadıqda onların dəyəri 57580 manat pulun cavabdehdən alınıb ona verilməsi xahiş etsə də, əmlakların ayrı-ayrı qiymətləri ilə bağlı mütəxəssis rəyini ərizəyə əlavə etməmişdir.
12. Odur ki, bütün bunlar iddia ərizəsinin geri qaytarılması üçün əsasdır.
13. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 189 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. İddiaçınə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva