Məhkəmə qərarları › İş №e-2(060)-908/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-908/2023

26.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-908/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və ya onların dəyəri olan pulun verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı – Cavabdeh1 iddiaçıya məxsus olan qızıl( italyan) komplekt ( üzük, sırğa, boyunbağı,klon, qolbaq) – 750AZN; qaşlı briliant – 6500 AZN; qolbaq( italyan qızılı) –1200 AZN Nişan üzüyü (italyan qızılı, qaşlı briliant) - 850 AZN qızıl-zinət əşyalarını və ya onların dəyəri olan pulun İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarındandan bir övladları-xx.xx.2015-ci il təvəllüdlü X7 vardır. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan ailə daxili münasibətləri pisləşmiş, aralarında söz-söhbət yaranmışdır, tərəflər boşanmaq qərarına gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 2285/2022 saylı qətnaməsi ilə Cavabdeh1 ilə X4 arasında Sumqayıt nikah evində xx.xx.2014-cü il tarixdə bağlanmış, 192 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası X1 yanında qalması və xx.xx.2022-ci il tarixdən etibarən tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat miqdarında aliment Cavabdeh1 tutularaq X3 verilməsi qət edilmişdir. Aralarındakı nikahın pozulmasına baxmayaraq, cavabdeh iddiaçıya məxsus qızılları alaraq özündə saxlamışdır. Bir neçə dəfə ona müraciətlər edilsə də cavabdeh qızılları qaytarmaqdan imtina etmişdir. İddiaçıya məxsus aşağıda göstərilən qızıl-zinət əşyaları hazırda cavabdehdədir. Həmin qızıl-zinət əşyalarının dəyəri aşağıdakı kimidir: Qızıl( italyan) komplekt ( üzük, sırğa, boyunbağı, klon, qolbaq) – 750AZN, qaşlı briliant – 6500 AZN, qolbaq ( italyan qızılı) –1200 AZN, nişan üzüyü (italyan qızılı, qaşlı briliant) - 850 AZN. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində texniki səhvə yol verilərək qızıl-komplekt ilə qaşlı briliyantın qiyməti səhv göstərilmişdir. Belə ki, qızıl-komplektin qiyməti 6500 manat, qaşlı briliyantın qiyməti isə 750 manatdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının qayınanası Cavabdeh2 (xx.xx.1965-ci il tarixdə anadan olmuş) ikinci cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Onun ünvanı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66/67 mənzil 31 ünvanıdır. İddiaçı məhkəmə bildirişinin kötüyünə xx.xx.2023-cü il tarixdə imza atmış və məhkəmə iclası barədə məlumatlandırılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasının vaxtı və yeri barədə SMS xəbərdarlığı göndərilmişdir. Lakin iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbini cavabdeh və onun nümayəndəsi və vəkilinə izah etmiş, lakin onlar işin baxılmamış saxlanılmasına etiraz edərək, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə mülki işə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, keçən məhkəmə iclasında iş kifayət qədər araşdırılmışdır. İddia tələbi heç bir halda öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iddiaçı fərqli-fərqli ifadələr vermişdir. 6500 manat dəyərində olan qızılın cavabdehin digər gəlininə aid olduğu, həmin tarixə aid olduğu şəkillər ilə öz təsdiqini tapmışdır. 3 növ qızıla münasibətdə isə qeyd edir ki, əvvəlcə iddiaçı iddia vermişdir ki, həmin qızıllar Cavabdeh1dır. Daha sonra isə özü-özünü təkzib edərək digər cavabdeh də əlavə olunmuşdur. Xanım keçən prosesdə izahat vermişdir ki, cəmi bir il onlarla birgə yaşamışdır. Adı gedən qızılın heç bir dəyəri yoxdur. Onlar bir yerdə yaşamış, daha sonra ailənin birgə yaşaması mümkün olmamış, qadın getmiş, gedərkən də qızılları özü ilə aparmışdır. İddia tələbinin tam əsassız olduğunu qeyd edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 izahatında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 dediklərinə əlavəsi olmadığını qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından olan: AA seriyalı, 182498 nömrəli məcburi köçkün vəsiqəsinin sürətindən görünür ki, Sərxanlı X2 rayonunda 1991-ci il tarixdə anadan olmuşdur. Cəbrayıl rayonunu 1993-cü il tarixdə tərk etmişdir. Hazırda Binəqədi rayonunda məskunlaşmışdır. AZ-İ 428587 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin avqust ayının 11-ci günündə 334 nömrə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Sərxanlı Soyadı verilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər qeydiyyat şöbəsində qeyd edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB-5-03472 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci Ərəbli (Sərxanlı) Elnarə Nəriman qızı tərəfindən ödənilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi iki ədəd fotoşəkildən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində toyunda, onun üzərində bir ədəd boyunbağı, bir ədəd qaşlı üzük, bir ədəd qızıl qolbaq, iki ədəd sırğa vardır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi üç ədəd fotoşəkildən görünür ki, cavabdehin birinci gəlininin boynunda bir ədəd boyunbağı vardır. Bu şəkil xx.xx.2012-ci il tarixdə çəkilmişdir. xx.xx.2012-ci il tarixdə eyni boyunbağı həmin şəxslərin toy mərasimində gəlninin üzərindədir. xx.xx.2015-ci il tarixdə ailəvi çəkilmiş şəkildən görünür ki, boyunbağı birinci gəlinin boynundadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinin tələbinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət birgə əmlakın bölünməsiları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iki ədəd fotoşəkildən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində toyunda, onun üzərində bir ədəd boyunbağı, bir ədəd qaşlı üzük, bir ədəd qızıl qolbaq, iki ədəd sırğa vardır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi üç ədəd fotoşəkildən görünür ki, cavabdehin birinci gəlininin boynunda bir ədəd boyunbağı vardır. Bu şəkil xx.xx.2012-ci il tarixdə çəkilmişdir. xx.xx.2012-ci il tarixdə eyni boyunbağı həmin şəxslərin toy mərasimində gəlininin üzərindədir. xx.xx.2015-ci il tarixdə ailəvi çəkilmiş şəkildən görünür ki, boyunbağı birinci gəlininin boynundadır. Cavabdeh2 məhkəmə iclasında bildirdiyi fikirlər, xüsusən mübahisə predmeti olan boyunbağının iddiaçıya deyil, onun oğlunun birinci gəlininə alınması haqqında bildirdiyi fikirlər məhkəmənin bu qənaətə gəlməsinə əsas vermişdir. Belə ki, cavabdeh tərəfindən bu halları təsdiq edən fotoşəkil qismində sübutların məhkəməyə təqdim edilməsi, iddiaçı tərəfindən isə bu halları təkzib edən sübutların məhkəməyə təqdim edilməməsi iddianın təmin edilməməsi qənaətinə gəlməyə əsas vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə obyekti olan boyunbağı cavabdehin birinci həyat yoldaşına mənsub olduğu, digər sözü gedən üzüyün,sepin və klonun isə iddiaçının özündə deyil, cavabdehlərdə olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən verilmiş iddia tələbi sübut olunmadığı üçün verilmiş iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olması; 3) özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır; 5) geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalıdır; 6) əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Göstərilən altı şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı fərdi-müəyyən əşya olan mübahisə edilən qızıl-zinət əşyalarının və pul vəsaitinin mövcud olub-olmamasını, mövcud olduğu halda konkret olaraq hansı cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir. Belə ki, hazırki mülki iş üzrə qeyd edilən hallar öz təsdiqini tapmadığından, iddia tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarını və ya onların dəyəri olan pulun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar