Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-956/2024 25.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun adına qeydiyyatda olan və ona məxsus ** GD *** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “VOLKSWAGEN PASSAT minik markalı”, ban nömrəsi WWWAD63B45P004785 olan avtomobilin alınaraq ona geri təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan **-GD-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “VOLKSWAGEN PASSAT” minik markalı, ban nömrəsi WWWAD63B45P004785 olan avtomobilini satmaq qərarına gəlmiş və xx.xx.2023-cü il tarixində kürəkəni X5 ilə Sumqayıt şəhərində yerləşən Avtomobil bazarına aparmışdır. Bazarda cavabdeh olan Cavabdeh1 yaxınlaşaraq avtomobilinə baxaraq almaq istədiyini, lakin pulunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Biraz avtomobil ətrafında aparılan söhbətdən sonra cavabdehlə müəyyən şərtlər daxilində razılaşmışdır. Cavabdeh olan Cavabdeh1 ilə razılaşması ondan ibarət olmuşdur ki, avtomobilini 8000 (səkkiz min) manata dəyərləndirərək yalnız idarə edilməsi üçün verilmiş etibarnamə əsasında satmağı, Cavabdeh1 isə ilkin olaraq 500 (beş yüz) manat beh kimi olmaqla etibarnamə verən günü ödəyir və qalan 7500 (yeddi min beş yüz) manat pulu isə 5 (beş) ay müddətinə hər ay 1500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən də o elə həmin günü xx.xx.2023-cü il tarixində avtomobil bazarından cavabdehin tanışı olan Sumqayıt şəhəri 3 saylı Notariat ofisində etibarnamə vermiş və cavabdeh isə ilkin olaraq 500 (beş yüz) manat beh kimi ilkin ödənişini etmişdir. O və oğlu isə noyabrın əvvəlindən cavabdehə pulun ödənilməsi ilə bağlı əlaqə saxlamış və Cavabdeh1 ticarət işi ilə məşğul olduğunu Pekindən mal vurduğunu və bank hesabına pul vurulan kimi ödəniş edəcəyi bəhanələri ilə ödənişdən yayınmış və bugünə kimi də heç bir ödəniş etməmişdir. Hətta guya pul vəsaitini qarantiya alıb güvənini qazanmaq üçün özü əlyazma ilə ondan maşının dəyəri olan 7500 (yeddi min beş yüz) manat borc aldığını və hər ay 1500 manat olmaqla ödəniş edəyəcəyini qeyd edərək kağız formasında ona vermişdir. O isə Cavabdeh1 tərəfindən pul vəsaitinin vermədiyini və əlaqə saxlanılmasının artıq mümkünsüzlüyünü və aldadıldığını hiss edərək ona verilmiş etibarnaməni xx.xx.2023-cü il tarixində ləğv etdirmişdir. Bundan bir neçə gün keçdikdən sonra digər cavabdeh olan Cavabdeh2 ona guya avtomobili 7000 manat başqa şəxsdən aldığını və xx.xx.2023-cü il tarixində də etibarnamə aldığını bildirmişdir. Hətta avtomobilini idarə edərkən DYPİ-nin əməkdaşları tərəfindən saxlanılan vaxt etibarnamənin ləğv edildiyini bildirərək idarə etməməyini bildirdiklərini qeyd etmişdir. Hazırda da avtomobilin saz vəziyyətdə həyətində olduğunu bildirmişdir. Cavabdehin bu əməli onun mülkiyyət hüquqlarını pozur və o razılaşdırılmış öhdəliklərini yerinə yetirmir ki, aralarında olan razılaşma artıq qüvvəsini itirmiş hesab edilir. Bu səbəbdən də iddiası təmin edilməli və cavabdehlərdən mülkiyyətində olan **-GD-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı “VOLKSWAGEN PASSAT” minik markalı, ban nömrəsi WWWAD63B45P004785 olan avtomobili alınaraq ona geri təhvil verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edirlər. İddiaçı tərəfindən baş etibarnamə verilmiş, həmin etibarnaməni verməkdə niyyət də sadəcə sürmək məqsədi olmuşdur. Lakin Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisində bu barədə məlumat verilməmiş və etibarnamə verildikdən sonra etibarnamənin ləğvi üçün gəlinmiş, lakin artıq notarius ləğv olunduğu üçün bunun ləğvi üçün müraciət mümkün olmamışdır. 29 oktyabr tarixində etibarnamə verilmiş, lakin noyabr ayında ödəniş olmadığından dəfələrlə iddiaçı Cavabdeh1 ilə əlaqə saxlamaq istəsə də, yayınmış və hər hansı bir ödəniş etməmişdir. Bu səbəbdən də niyyətdə tutulmuş alğı-satqı müqaviləsinin ləğvi kimi etibarnaməni ləğv elətdirmişdir. Daha sonra bilinmişdir ki, əmlak üçüncü bir şəxsə satılmışdır. Cavabdeh2 istifadəsinə verilmiş, ona görə də hal-hazırda onun mülkiyyətində olan avtomobilin geri qaytarılması ilə bağlı cavabdehlərə qarşı iddia qaldırmışlar. Cavabdeh1 əlyazma formasında ərizəsi vardır. Dekabr ayının 5-i də etibarnamə ləğv edilmişdir. Əmlakın kimdə olduğunu məhkəməyə qədər müəyyən edə bilməmişlər. Məhkəmə zamanı isə müəyyən olunmuşdur ki, əmlak faktiki olaraq Cavabdeh2 istifadəsindədir. Mülkiyyətçi iddiaçıdır. Satmaq istədikləri şəxs tərəfindən artıq ödəniş olunmamışdır. İddia tələbinə etiraz yazmayıbsa o zaman iddia tələbini qəbul etmiş sayılır. İddiaçının niyyəti sürmək üçün etibarnamə vermək olmuşdur. Etibarnamənin isə baş etibarnamə olduğunu bilməmişdir. Bildiyi zaman notariat ofisinə getmiş, notarius ofisi ləğv olunduğu üçün də ləğv etmək mümkün olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qarşı tərəfin nümayəndəsi yalan ifadə verir. Belə ki, etibarnamə bir illik verilmişdir. Altı aydır ki, axtarmır, lakin indi axtarır. 7000 manat pulu Rahibə notariusda kameranın qabağında vermişdir. Novruza zəng edərək sual vermişdir ki, etibarnaməni ləğv etdirmişdir. Demişdir ki, o kimdir. O da demişdir ki, maşını o almışdır. Maşının həmin maşın olub-olmamasını müəyyən etmək üçün şəkilin çəkilərək atılmasını demişdir. O da çəkərək şəkili ona atmışdır. Anardan pulu alan kimi ona etibarnamə verəcəkdir. Maşın təmirdən çıxdıqdan sonra avtomobili istəmişdir. Novruz kürəkəni ilə gəlmişdir. O da taksi fəaliyyəti ilə məşğul olur. O onun baş etibarnamə olduğunu görməmişdir ki, Rahib demişdir ki, atasının maşınıdır. Rahib də alış-satış ilə məşğul olur. Avtomobili də ondan almışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, Cavabdeh1 4800 manata avtomobili almışdır. Baş etibarnamə də verilmişdir. Tarix yadında deyildir. Baş etibarnamə də pul yazılmamışdır. Bütün maşınları aldıqda bilinir ki, mülkiyyətçi onlar olmur. Etibarnamə ilə alınır və satılır. İddia tələbini qəbul etmir. Səhvən etibarnamənin verilməsi məntiqə uyğun deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisində İddiaçı Cavabdeh1 xx.xx.2023-cü il tarixdə etibarnamə vermiş və xx.xx.2024-cü il tarixə qədər qüvvədə olma müddəti nəzərdə tutulmuş və xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə əlyazma ilə yazılmış yazıdan görünür ki, o, Cavabdeh1 İddiaçı 7500 manat pul almışdır. Onun pulu ayda 1500 manat olmaq şərti ilə 5 ay müddətinə İddiaçı qaytaracaqdır. İş materiallarında olan BA seriyalı, 273178 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-GD-*** dövlət qeydiyyat nişanlı “Wolkswagen passat” minik markalı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Sumqayıt Şəhəri 1 saylı Notariat Ofisində mülkiyyətçi İddiaçı olmaqla Cavabdeh3 tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etibarnamə vermiş və xx.xx.2024-cü il tarixə qədər qüvvədə olma müddəti nəzərdə tutulmuş və xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən ünvan ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron Notariat” İnformasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsi ilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-43440/2024 nömrəli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabdan görünür ki, X4 mülkiyyətində olmuş “Wolkswagen Passat” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun adından qeydiyyatdan çıxarılaraq İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin sürətini və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən göndərilmiş kompüter çıxarışından görünür ki, “Wolkswagen Passat” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə X4 adına qeydiyyatdan keçmiş, həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixə alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, iş üzrə mülki işin icraatı dayandırılmış, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16-2-9/3105/2024 nömrəli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə təqdim olunmuşdur. Həmin məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün xx.xx.2024-cü il tarixli 9/3105 nömrəli vəsatət göndərilmişdir. Həmin iş üzrə xx.xx.2024-cü il tarixdə mərkəzə məktub daxil olmuş, lakin vəsatət təmin edilməmişdir. İşin həm iddiaçının özünün bildirdikləri, həm də iş materialları ilə müəyyən edilən hallarına görə, İddiaçı avtomobilə dair etibarnaməni könüllü iradə ifadəsi əsasında vermiş, lakin etibarnamənin məzmununda yanılmış, bu yanılma Cavabdeh1 Əziz oğluna olan inamı (etibarı) nəticəsində baş vermiş, Cavabdeh2 bu yanılmadan xəbərdar olmamışdır. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiq edilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının iddiasına görə aldadılma ondan ibarət olmuşdur ki, o, avtomobili Cavabdeh1 Əziz oğluna başqa məqsədlə (borcu qaytaracağını düşünərək) vermiş, lakin Cavabdeh1 Əziz oğlu müvafiq etibarnamədən istifadə edərək ondan xəbərsiz avtomobili Cavabdeh3, sonuncu isə Cavabdeh2 satmışdır. Məhkəmə hesab edir ki, hətta Cavabdeh1 Əziz oğlunun avtomobilə dair verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal Cavabdeh3 Cavabdeh2 ilə bağladığı müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünkü işin hallarından görünür ki, Cavabdeh2 müqaviləni bağladığı zaman etibarnamənin Cavabdeh3 hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Adı çəkilən şəxsin avtomobili vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh3 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı, avtomobilin aldatma yolu ilə mülkiyyətindən çıxarılması nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasına istinad edərək nəqliyyat vasitəsini tələb etməsi əsassızdır. Belə ki, “Wolkswagen Passat” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olmaqla, etibarnamə əsasında sərəncam verməyi və sair etibar etmiş, cavabdehlərin qanunsuz sahibliyində olması sübut olunmayaraq, öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçı cavabdehlərin sahibliyində olan avtomobilin qaytarılmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, “Wolkswagen Passat” markalı **- GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur. Sonuncu 29 oktyabr 2023-cü il tarixli etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsini Cavabdeh1 sahibliyinə vermiş, həmin etibarnaməyə əsasən iddiaçının səlahiyyətlərini başqa şəxsə verə bilməsi nəzərdə tutulmuş, etibarnamə 29 mart 2024-cü il tarixədək qüvvədə olma müddəti nəzərdə tutulmuşdur. Eyni zamanda, 05 dekabr 2023-cü il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş etibarnamə İddiaçı 05 dekabr 2023-cü il tarixli ərizəsinə əsasən ləğv edilməsi qeyd olunmuşdur. Sonuncu dəfə nəqliyyat vasitəsinə dair Cavabdeh1 adına verilmiş etibarnaməyə 05 dekabr 2023-cü il tarixli ərizəyə əsasən xitam verilməsi işin mübahisə edilməyən halı olub, sonuncu etibarnamənin qüvvədə olduğu dövrdə ona verilmiş səlahiyyət həddində hərəkət etməsi ilə nəticələnmişdir. Yəni avtomobilin mülkiyyətçisi İddiaçı Cavabdeh1 nəqliyyat vasitəsinə dair sərəncam hüququ (baş etibarnamə) ilə etibarnamə vermiş, o da öz növbəsində Cavabdeh2 avtomobil üzərində sərəncam verməyi etibar etmiş, Cavabdeh3 da vicdanlı alıcı kimi Cavabdeh2 avtomobilin dəyərini ödəməklə almışdır. Bundan əlavə sübut etmə yükünün bölüşdürülməsinə münasibətdə iddiaçı iddia tələbinin əsasını təşkil edən dəlilləri, onun dəyəri və sair hallarla bağlı sübutları məhkəməyə təqdim edilməsi öhdəliyi daşımasına baxmayaraq bunu etməmiş, yəni aralarında razılaşdırılmış pul məbləğini Cavabdeh1 almaması kimi halları öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması gedişatında iddiaçı nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz və faktiki sahibliyində olduğunu sübut edə bilməmiş, bunu təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-956/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-956/2024
25.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver