Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-38/2025 25.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200 manat azadolma məbləği çıxılmaqla “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 6652,83 manat sığorta ödənişinin və ödənilmiş 86,52 manat dövlət rüsumunun iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 30 oktyabr 2023-cü il tarixdə “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 05 dekabr 2012-ci il tarixdən 05 dekabr 2027-ci il tarixədək könüllü sığorta müqaviləsi növü ilə sığortalanmışdır. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 11652,83 manat məbləğində zərər dəymişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə "xxxx" MMC-yə 11652,83 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən zaman "xxxx" ASC-də sığortalandığından ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə 4800 manat sığorta ödənişi ödənilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Yasamal Rayon DYPŞ-nin əməkdaşı X1 tərəfindən qəbul olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh yolnəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, zərərçəkən sığortalı nəqliyyat vasitəsinə görə sığorta ödənişi ödənildiyindən İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə olan halda, 200 manat azadolma (franşiza) məbləği çıxılmaqla 6652,83 manat sığorta ödənişi cavabdehdən alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, iclasın İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin və cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddia tələbini yalnız 6000 manat hissədə təmin edilməsinə etiraz etmir (bu barədə yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, icbari sığorta bürosunun sistemindən edilmiş icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması ilə bağlı çıxarışın surətindən görünür ki, “Toyota Prius” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. İşdə olan 19 yanvar 2024-cü il tarixli, 127844 nömrəli sığorta aktının surətindən görünür ki, “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 11652,83 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan 01 fevral 2024-cü il tarixli, 14840 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına 11652,83 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdə olan mötəbər sübutlardan, o cümlədən yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş sxemin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrütları barədə arayışın, həmçinin Bakı şəhər Yasamal Rayon DYPŞ-nin əməkdaşı X1 tərəfindən qəbul olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh “Toyota Prius” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 30 oktyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ərazisində yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan "xxxx" MMC-nin 30 sentyabr 2025-ci il tarixli, 02-245/25 nömrəli rəyindən görünür ki, 30 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Sığorta Şirkəti” ASC-də sığorta olunmuş “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği işçilik pulu daxil olmaqla 11652,59 manat məblğində müəyyən olunmuşdur. İşdə olan 07 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti” ASC məhkəməyə müraciət edərkən 86,52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından aydın olur ki, yol-nəqliyyat hadisəsi baş verərkən “Toyota Prius” markalı, ** ON ***dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Toyota Prius” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə 11652,83 manat məbləğində zərər dəymişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq “Changan SC75” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə "xxxx" MMC-yə 11652,83 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən zaman "xxxx" ASC-də sığortalandığından ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə 4800 manat sığorta ödənişi ödənilmişdir. Hazırda vurulmuş ziyana görə Cavabdeh oğlunun İddiaçı Sığorta Şirkəti ASC-yə 6652,83 manat borcu vardır. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi üçün şirkət cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə haqlıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh 6652,83 manat sığorta ödənişi və ödənilmiş 86,52 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6652,83 (altı min altı yüz əlli iki manat səksən üç qəpik) manat sığorta ödənişi və ödənilmiş 86,52 (səksən altı manat əlli iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-38/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-38/2025
25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver