Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-54/2024 30.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Toyota Camry” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3900,9 manat pulun və ödənilmiş 59,01 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 20 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı ** UO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Camry” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində iddiaçıda könüllü sığortalı “Toyota Camry” markalı, ** AA *** dövlət qeydiyyat nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı dəymiş zərəri aradan qaldıraraq sığortalanmış “Toyota Camry” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 8845 manat sığorta ödənişi həyata keçirmişdir. 20 dekabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cavabdehin icbari sığorta şirkəti olaraq "xxxx" Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 4944,1 manat hissəsini ödəmişdir. Ödənişin geri qalan 3900,9 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Hesab edirlər ki, 3900,9 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, həqiqətən 20 dekabr 2022-ci ildə idarə etdiyi “Toyota Prius” markalı ** UO *** dövlət qeydiyyat nişanı olan avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir, nəticədə “Toyota Camry” markalı, avtomobilə maddi zərər dəymişdir, hadisə zamanı təqsirkar hesab olunaraq 60 manat inzibati qaydada cərimə olunmuşdur, ekspert tərəfindən verilmiş rəylə tanış olmuş və həmin rəylə razıdır. Odur ki, dəymiş zərərlə qismən razıdır. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli, 121841 nömrəli sığorta aktından görünür ki, “Toyota Camry” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 14 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2023-cü tarixədək faydalanan şəxs "xxxx" MMC-nin xeyrinə “avtonəqliyyat vasitələrinin sığortası” (könüllü) növündə sığortalanmışdır. Sığorta məbləği 60000 manat, azadolma məbləği 100 manat müəyyən edilmişdir. 20 dekabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə maddi zərər dəymiş, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8945 manat müəyyən edilmişdir. İş materiallarında olan “Toyota Camry” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC tərəfindən tərtib olunmuş 21 dekabr 2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, avtomobilin ehtiyat hissələri və görülmüş işləri, cəmi 8917,80 manat təşkil edir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli, 9852 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 8945 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərruatları barədə 22 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, 20 dekabr 2022-ci il tarixdə, saat 01:20-də Bakı şəhəri, Bakı şəhəri X.Şuşinsiki və Vaqif küçələrinin kəsişməsində “Toyota Prius” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X3 avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, Cavabdeh hadisə baş verdiyi anda sürücüsü kimi göstərilmişdir. İşdə olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən 20 dekabr 2022-ci il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 28 aprel 2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdehdən iddiaçı tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan hissəsi, 3900,9 manatı 10 gün ərzində iddiaçıya ödənilməsi xahiş olunmuş, zərər məbləği qeyd edilən müddət (10 gün) ərzində ödənilmədikdə iddiaçının müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi göstərilmişdir. İş materiallarında olan MAPS şöbəsinin 31 avqust 2023-cü il tarixli arayışından və AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, cavabdeh, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 9/1407 nömrəli ekspert rəyindən (məhkəmə-əmtəəşünaslıq) görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2020-ci il buraxılışlı, “Toyota” markalı, “Camry” model, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təminbərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiyməti müvafiq hesablanmaqla 8917,79 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8438,87 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi sığortaçının vurulmuş zərərin əvəzini cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sığortaçı dəymiş zərərə görə sığortalıya yuxarıda göstərilən pul məbləğini ödəmiş, buna görə də həmin məbləği zərər vuran şəxsdən tələb edə bilər. Digər tərəfdən, sığorta aktında dəyən zərərin 8945 manat, qiymətləndirmə aktında 8917,80 manat olması göstərilsə də ekspert rəyi ilə 8438,87 manat olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, hüquqi şəxsin sahibliyində olan nəqliyyat vasitəsi iddiaçı tərəfindən sığorta olunmuş və sığorta müddətində sığortalının sahibliyində olan nəqliyyat vasitəsinə cavabdehin təqsiri nəticəsində 8917,80 manat deyil, 8438,87 manat məbləğində zərər dəymiş, iddiaçı tərəfindən sığortalıya delikt nəticəsində vurulmuş zərər ödənilmiş və sığortalı da öz növbəsində zərər vuran şəxsə qarşı tələbini subroqasiya qaydasında sığortaçıya vermişdir. Həmçinin, iddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" Şirkəti ASC tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 4944,1 manat hissəsi iddiaçıya ödənilmişdir. Bununla da sığortaçınıniddiaçının sığortalıya ödədiyi ödənişi zərər vuran şəxsdən tələb etmək hüququ vardır. Ekspert rəyində avtomobilə dəymiş zərərin 8438,87 manat, sığorta şəhadətnaməsində azadolma məbləğinin, habelə "xxxx" Şirkəti ASC tərəfindən sığorta ödənişinin bir hissəsinin ödənilməsi nəzərə alınmalı, buna görə də iddia qismən təmin edilməklə cavabdehdən dəymiş zərərə görə 3421,97 manat və ödənilmiş dövlət rüsumuna görə 59,01 manat, cəmi 3480,98 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməli, habelə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 3421 (üç min dörd yüz iyirmi bir) manat 97 (doxsan yeddi) qəpik və ödənilmiş dövlət rüsumuna görə 59 (əlli doqquz) manat 01 (bir) qəpik, cəmi 3480 (üç min dörd yüz səksən) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-54/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-54/2024
30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver