Məhkəmə qərarları › İş №e-2(063)-889/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-889/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-889/2024 03.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında tələb edilməsi barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında tələb edilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən faydalanan şəxsə ğdənilmiş 1160 manat sığorta ödənişi və ödənilmiş 32 manat dövlət rüsumu olmaqla, cəmi 1192 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Opel Astra” minik markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil 10 aprel 2021-ci il tarixli, PDS********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sğortalanmışdır. Cavabdeh 29 dekabr 2021-ci il tarixdə, saat 16:49 radələrində həmin avtomobili Bakı şəhəri ərazisində idarə edərkən “Mercedes Benz” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Binəqədi Rayon Dövlət X6 “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından, Binəqədi Rayon Dövlət X6 03 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından görünür ki, 29 dekabr 2021-ci il tarixdə, saat 16:49 radələrində həmin avtomobili Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zərər dəymiş “Mercedes Benz” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbarı sığortalar haqqında” Qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10-cu maddələrinin tələblərinə əsasən şirkət tərəfindən qiymətləndirilərək 1160 manat məbləğində müəyyən edilmişdir. 07 fevral 2022-ci il tarixli, 27066/2021 saylı sığorta ödənişi aktına və 18 fevral 2022-ci il tarixli, 28908 saylı ödəniş tapşırığına əsasən 1160 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci, “İcbarı sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 26 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 02 avqust 2024-cü il tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 09 avqust 2024-cü ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 27066/2021 nömrəli sığorta ödənişi ilə bağlı aktdan, PDS********** nömrəli şəhadətnamənin təfsilatından görünür ki, “OPEL ASTRA minik” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 10 aprel 2021-ci il tarixdən 10 aprel 2022-ci il tarix üzrə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığorta edilmişdir. Sığorta hadisəsi 29 dekabr 2021-ci il tarixdə, saat 16:49-da baş vermiş, zərərlə bağlı maddi ziyanın ümumi məbləği və sığorta ödənişinin məbləği 1160 manat və sığorta ödənişini alan X4 göstərilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 29 dekabr 2021-ci il tarixdə, saat 16:49-da “OPEL ASTRA minik” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, İsmayılov Aslan Ağasəməd oğlu avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, Cavabdeh isə hadisə baş verdiyi anda sürücü kimi göstərilmişdir. İşdə olan Binəqədi Rayon Dövlət X6 vəzifəli şəxsi tərəfindən 03 yanvar 2022-ci il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair 20 yanvar 2022-ci il tarixli aktından görünür ki, avtomobilin təmir olunan ehtiyat hissələri və işçilik haqqı, cəmi 1160 manat təşkil edir. İşdə olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı 18 fevral 2022-ci tarixdə, 28908 nömrəli ödəniş tapşırığı ilə X2 hesabına akta əsasən 1160 manat məbləğində pul köçürmüşdür. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 07 iyun 2024-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehdən şirkət tərəfindən ödənilmiş ümumilikdə 1160 manat sığorta ödənişinin subroqasiya hüquqlarını təmin edərək 5 gün müddətində bank hesabına köçürülməsini və məlumat verilməsi xahiş olunmuş, əks təqdirdə həmin borcun onun tutulması üçün aidiyyatı üzrə məhkəməyə müvafiq iddia tələbi ilə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3-də qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları, habelə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 25.1-ci və 25.1.8-ci maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda-bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi verilmiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi verilmiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu və bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsininin sürücüsü kimi yolnəqliyyat hadisəsi yerindən yayınmağa görə cərimə edilmişdir, nəqliyyat vasitəsi icbari sığorta növündə sığorta olunduğundan dəymiş zərərə görə iddiaçı tərəfindən faydalanan şəxsə 1160 manat sığorta ödənişi köçürülmüşdür. Qanunun tələbinə görə də subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır, həmçinin, qanunvericiliyin tələbinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi verilmiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən sığorta ödənişinə görə 1160 manat və ödənilmiş dövlət rüsumuna görə 32 manat, cəmi 1192 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 1160 (bir min yüz altmış) manat və ödənilmiş dövlət rüsumuna görə 32 (otuz iki) manat, cəmi 1192 (bir min yüz doxsan iki) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar