Məhkəmə qərarları › İş №e-2(064)-1082/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1082/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1082/2024 10.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 250 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehin idarə etdiyi “DAEWOO BS 090” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədərək yol kənarında yerləşən aptekin reklam şitini zədələmişdir. Araşdırma zamanı həmin hadisənin cavabdehin təqsirindən baş verdiyi, sonuncunun hadisə yerindən yayındığı, həmin aptekin reklam şitininin zədələnməsi nəticəsində sonuncuya 750 manat məbləğində maddi zərər vurulduğu müəyyən edilmiş, cavabdeh tərəfindən vurulmuş 250 manat ziyan ödənilməmişdir. Cavabdeh inzibati tənbeh vermə haqqında xx.xx.2018-ci il tarixli, TYP 126996 nömrəli qərarla Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Cavabdeh həmin bildirişi elektron kabinet vasitəsilə qəbul etmiş, göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 883.1-ci maddəsində deyilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - sığortalı cavabdehin idarə etdiyi “DAEWOO BS 090” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (050838 nömrəli sığorta aktına əsasən). - Cavabdeh xx.xx.2017-ci il tarixdə saat 13:18-də Bakı şəhəri, Qarayev prospekti 34 ünvanı ərazisində idarə etdiyi “DAEWOO BS 090” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək yolun sağında yerləşən aptekin reklam şitini vurmuş və hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir (xx.xx.2018-ci il tarixli, TYP 126996 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən). - Göstərilən inzibati xəta nəticəsində işıqlı reklam lövhəsinə görə çəkilən xərc cəmi 250 manat təşkil etmişdir (Dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli hesabata əsasən). Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh tərtib edilmiş xx.xx.2018-ci il tarixli, TYP 126996 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayındığına və bu halı həmin inzibati xəta hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı verdiyi izahatında etiraf etdiyinə görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş şəxsə ödədiyi 250 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh tərtib edilmiş xx.xx.2018-ci il tarixli, TYP 126996 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayındığına və bu halı həmin inzibati xəta hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı verdiyi izahatında etiraf etdiyinə görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş şəxsə ödədiyi 250 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 77.1, 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 250 manat və dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar