Məhkəmə qərarları › İş №e-2(064)-1323/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1323/2025

30.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1323/2025 30.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı verdiyi maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona məxsus “Hyundai Accent” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4245 manat məbləğində maddi ziyan, 3000 manat miqdarında əldən çıxmış fayda, zədənin dəyərləndirilməsi üçün ödənilmiş 91 manat rüsum və məhkəməyə ödənilmiş 93,36 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılımışdır ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Qayıdış-7 qəbəsində hərəkətdə olarkən iddiaçıya məxsus olan “Hyundai Accent” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil Füzuli rayonu qeydiyyatında olan Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ” 21013 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının avtomibilinin hərəkət istiqamətində hərəkət edərək qəza törətmişdir. Qəza nəticəsində iddiaçıya məxsus olan avtomobilə 4045 manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa iddiaçının avtomobilinin 200 manat miqdarında bir ədəd arxa işığı özünə götürərək, ona qarşı quldurluq etmişdir. İddia ərizəsinə əlavə edilən inzibati xəta haqqından İXP ******* saylı protokoldan və TP ******* saylı qərardan görünür ki, Cavabdeh törətmiş olduğu qəzada birbaşa günahkar olduğu üçün barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa iddiaçıya məxsus “Hyundai Accent” markalı, **-VG- *** dövlət qeydiyyat nişanlı avtomobil sürülə bilməz hala gəlmişdir və satılması qeyri mümkündür, bazar dəyəri dəfələrlə azalmışdır, təqribən 3000 manat miqdarında enmişdir. Ona görə də iddiaçı hesab edir ki, əldən çıxmış faydanı tələb etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-da Cavabdeh tərəfindən “VAZ 21013 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-in 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. - xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - xx.xx.2025-ci il tarixli, 059 nömrəli ziyan aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 4045 manat təşkil edir. İddiaçı tərəfindən zədənin dəyərləndirilməsi üçün 91 manat rüsum ödənilmişdir. Məhkəmə iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə “Hyundai Accent” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləğinin müəyyən olunması ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını qərara almış və ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən “Hyundai Accent” markalı, **- VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 3920 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 14.2.6-cı maddəsinə görə başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından. 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-da Cavabdeh tərəfindən “VAZ 21013 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsini idarə edərkən hadisənin qarşısını almaq imkanı olmasına baxmayaraq iddiaçıya məxsus “Hyundai Accent” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq qəza törətmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya məxsus “Hyundai Accent” markalı, **- VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı tərəfindən zədənin dəyərləndirilməsi üçün 91 manat rüsum ödənilmişdir. Məhkəmənin təşəbbüsü ilə "xxxx" MMC tərəfindən aparılan qiymətləndirmə nəticəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli rəyə əsasən “Hyundai Accent” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 3920 manat müəyyən edilmişdir. İddia tələbinin əldən çıxmış fayda hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 3000 manat əldən çıxmış fayda məbləğinə dair mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 60,11 manat məbləğinin əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyana görə 3920 manat, iddiaçı tərəfindən zədənin dəyərləndirilməsi üçün ödənilmiş 91 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,11 manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar