Məhkəmə qərarları › İş №e-2(064)-628/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-628/2025

03.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-628/2025 03.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş evdən ona çatan payın və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin ½ hissəsinin ona qaytarılması barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-557/2024 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2009-cu il tarixdə Horadiz Şəhər İcra Nümayəndəliyində 08 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 ataları Cavabdeh himayəsinə verilmiş və onun yanında saxlanılmışlar. Hazırda Cavabdehin yaşadığı, Horadiz şəhərində yerləşən 4 otaqlı mənzil birgə nikah dövründə əldə edilmişdir. Odur ki, sözügedən mənzildən ona çatan payı tələb edir. İddiaçı xx.xx.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Məhkəməyə müraciət edərək Cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilində ½ hissədə payının müəyyən olunması və həmin mənzilə köçürülməsi barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəni qanunamüvafiq hesab edərək mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən: İddiaçı izahat verərək bildirdi ki, 18-19 il həmin evdə Cavabdehlə birlikdə yaşayıb. Ev Cavabdehin adına olsa da, birgə nikah dövründə onun adına rəsmiləşdirilib, bütün əşyaları bir yerdə alıblar, həmçinin İddiaçıya məxsus cehiz, qızı-zinət və s. digər əşyalar da hazırda həmin mənzildədir. Odur ki, hesab edir ki, həmin məzildən onun da istifadə etmək hüququ vardır. Cavabdeh izahat verərək bildirdi ki, sözügedən mənzil nikah dövründə onun adına rəsmiləşib. Hazırda həmin evdə anası və övladları da olmaqla cəmi 5 nəfər yaşayırlar. Evi satarsa, qalmağa başqa yeri yoxdur, həmçinin yeni mənzil almağa da gücü çatmır. Qarşı tərəfin qeyd etdiyi əşyalara münasibətdə isə bildirir ki, qızıllar da daxil olmaqla qeyd olunan əşyaları İddiaçı özü satıb. İddia tələbini qəbul etmədiyini bildirdi. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-557/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Horadiz Şəhər İcra Nümayəndəliyində 08 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 ataları Cavabdeh himayəsinə verilmiş və onun yanında saxlanılmışlar. - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş “sorğuya baxılması barədə” məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında ünvan 2 ünvanda yerləşən 3 nömrəli mənzil 22 noyabr 2012-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh xüsusi mükiyyətinə keçmişdir. Məhkəmə iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının: 1.3-cü bəndinə görə əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. 3.2-ci bəndinə görə nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.11-ci bəndinə görə ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 6.18-ci bəndinə görə Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ərarvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquqi aktları rəhbər tutaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Horadiz Şəhər İcra Nümayəndəliyi tərəfindən 08 nömrə ilə nikah aktı qeydə alınmış, onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. İdddiaçı ilə Cavabdeh arasında qeydə alınmış nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-557/2024 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 ataları Cavabdeh himayəsinə verilmiş və onun yanında saxlanılmışlar. Hazırda Cavabdeh himayəsinə verilmiş 3 övladı və anası ilə birlikdə ünvan 3 ünvanda yerləşən 3 nömrəli mənzildə yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında müəyyən olunur ki, qeyd olunan mənzil xx.xx.2012-ci il tarixdə, tərəflərin nikahda olduğu dövrdə Cavabdeh adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Cavabdeh İddiaçının həmin mənzildə yaşamasına razı deyildir. Belə olan halda, Məhkəmə yuxarıda göstərilən hüquqi aktlara istinad edərək hesab edir ki, İddiaçı ilə Cavabdehin mübahisəli mənzilə olan mülkiyyət hüquqları bərabər hesab olunaraq tərəflərin sözügedən mənzildə ½ hissədə payları müəyyən olunmalıdır. Həmçinin İddiaçının mübahisəli mənzildə ½ hissədə payı müəyyən edildiyindən həmin məzilə mülkiyyət hüququ yaranmış olur ki, bu da onun mənzilə köçürülmə tələbinin təmin edilməsinin hüquqi əsasını təşkil edir. İş materiallarından Cavabdehin iddia tələbini qəbul etmədiyi müəyyən olunur. Lakin Cavabdehin İddiaçıya mənzildən istifadə hüququna maneə yaratmasının heç bir qanuni əsası yoxdur. Belə olan halda da, Məhkəmə hesab edir ki, İddiaçının mənzilə köçürülmə tələbi də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanda yerləşən 3 nömrəli mənzildə İddiaçı ½ hissədə payı, Cavabdeh isə ½ hissədə payı müəyyən olunmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia tələbinin dəyişdirilməsinə dair ərizə nəzərə alınmaqla iddia tələbi təmin edilsin. ünvan 2 ünvanda yerləşən 3 nömrəli mənzildə İddiaçı ½ hissədə payı, Cavabdeh isə ½ hissədə payı müəyyən olunsun. İddiaçı ünvan 2 ünvanda yerləşən 3 nömrəli mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar