Məhkəmə qərarları › İş №e-2(067)-3060/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3060/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3060/2024 25.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 315 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 30 aprel 2022-ci il tarixli MAS-5177 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22565 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 20 iyul 2022-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-5177 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 aprel 2022-ci il tarixli MAS- 5177 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli e-2(067)- 386/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 398.01 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PS-***dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X4 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir:

1. EQ 12640466 saylı protokola görə 45 manat; 2. EQ 12975827 saylı protokola görə 45 manat; 3. EQ 12975825 saylı protokola görə 45 manat; 4. EQ 14288471 saylı protokola görə 45 manat; 5. EQ 13876318 saylı protokola görə 9 manat; 6. EQ 13733997 saylı protokola görə 18 manat; 7. EQ 13151773 saylı protokola görə 9 manat; 8. EQ 13876419 saylı protokola görə 9 manat; 9. EQ 12975830 saylı protokola görə 9 manat; 10. EQ 12975822 saylı protokola görə 9 manat; 11. EQ 13352073 saylı protokola görə 9 manat;

12. EQ 13022297 saylı protokola görə 9 manat; 13. EQ 13531078 saylı protokola görə 9 manat; 14. EQ 12975829 saylı protokola görə 9 manat; 15. EQ 12975831 saylı protokola görə 9 manat; 16. EQ 12975826 saylı protokola görə 9 manat; 17. EQ 12975828 saylı protokola görə 9 manat; 18. EQ 12975824 saylı protokola görə 9 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 315 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr cəmiyyət tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X3 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə cavabdehə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri, həmçinin prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanılmışdır. Lizinq obyekti qismində 22565 manat dəyərində olan **-PS-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” markalı avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq alan cavabdeh isə bunun müqabilində 48 ay müddətində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, 407.60 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, lizinq müqaviləsinin şərtlərini pozmuşdurt. Mübahisəli əmlak lizinq alan cavabdehin istifadəsindədir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. -748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. - 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. - 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. X3 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 315 manat həddində olması ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bu Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 315 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar