Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-368/2025 21.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq cavabdehdən 10035.00 AZN zərərin ödənilməsi və dövlət rüsumu olaraq ödənilmiş 121 AZN məbləğin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, mülkiyyətlərində olan “Chevrolet Lacetti” minik markalı 77PS704 dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün 06/68 saylı xx.xx.2023-cü il tarixli etibarnamə ilə vətəndaş Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Elsevər Quiyev tərəfindən qəbul edilən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda qeyd olunur ki, xx.xx.2023-cü il tarixində saat 14:45 radələrində “Chevrolet lacetti” markalı 77PS704 dövlət qediyyta nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri Nizami küçəsi uşaq xəstəxanasının yaxınlığında idarə etməni itərərək işıq dirəyinə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zaman avtomobilə ciddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli zərər aktına əsasən “Chevrolet Lacetti” minik markalı 77PS704 dövlət qeydiyyat nişanlı avtomobilə 10035.00 AZN məbləğində ziyan vurulmuşdur. Dəymiş zərərin ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi o cümlədən xx.xx.2024-cü il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçının nümayəndəsi hava şəraiti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi və iclasın onun iştirakı olmadan keçirilməsini barədə məhkəməyə ərizə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, “Chevrolet Lacetti” minik markalı 77PS704 dövlət qeydiyyat nişanlı avtomobilə 10035.00 AZN məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cavabdeh avtomobili idarə edərkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq piyadaya yol vermədiyinə görə yol-nəqliyyat hadisəsi baş verdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi İlə inzibatı qaydada tədbir görülməsindən ötrü qərarın surəti müvafiq qaydada Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 121 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehin yolnəqliyyat hadisəsində təqsirli olmasını təsdiq edən inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Belə ki, yuxarıda qeyd olunan AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Hazırki iddia tələbi delikt münasibətləri ilə tənzimlənsə də, cavabdehin təqsirliliyini sübuta yetirən hüquqa zidd əməlinin əsasını təşkil edən inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilməmişdir. İddiaçı iddia ərizəsini elektron qaydada məhkəməyə göndərmiş, bundan əlavə göndərdiyi sənədlərlə kifayətləndiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı iddia ərizəsinə əlavə etməklə hesab etmişdir ki, bu qərar cavabdehin təqsirli, hüquqa zidd əməlinin əsasını təşkil edir. Lakin məhkəmə xüsusilə vurğulayır ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsi, şəxsin yol-nəqliyyat hadisəsində təqsirli olmasını təsdiq edən və delikt münasibətlərinin əsasını təşkil edə biləcək bir sübut deyil. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsini haqqında qərarın 2-ci bəndində də qeyd edilir ki, Cavabdeh avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini pozaraq yol vermədiyinə görə yol-nəqliyyat hadisəsi baş verdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti müvafiq qaydada Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilsin. Buna baxmayaraq, Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsinə dair heç bir tədbir görülməmişdir. Beləliklə işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-368/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-368/2025
21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver