Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1083/2024 24.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 2700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 47 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şirvan şəhərində sahibkar kimi qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh əvvəllər həyat yoldaşı Anar adlı şəxsin vasitəsilə tanımışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə öz istifadəsi üçün qızıl-zinət əşyası almaq üçün ona müraciət etmişdir. Cavabdeh iddiaçıdan 3200 manat dəyərində “reket” adlı 583 əyyarlı 26.8 qram çəkidə qızıl sepi almaq istəmiş, ilkin ödəniş kimi 500 manat ödəməklə hər ay 300-400 manat hissə-hissə ödəniş edəcəyini iddiaçıya bildirmişdir. Qeyd edilən əmlakın əldə edilməsi üçün Cavabdeh 2700 manat borclu olmasına dair öz əlyazısı ilə qeyd yazaraq imza etmişdir. İş üzrə cavabdeh 2700 manat borcdan ona heç bir ödəniş etməmişdir. Müxtəlif bəhanələr gətirərək, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa o, məhkəməyə sübut olaraq cavabdehlə whatsapp mobil tətbiqi vasitəsilə sms yazışmalarını və səs yazılarını təqdim etmişdir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində cavabdehin ona qalıq borc məbləğinin 2.700 manat olmasını qeyd etməsinə baxmayaraq, cavabdehin hazırda ona 1800 manat qalıq borcunun olmasını qəbul edir. Ona görə də, məhkəmədən qalıq qalan 1800 manat məbləğində pul vəsaitinin cavadehdən onun xeyrinə tutulmasını xahiş edir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı nisyə alqı-satqıya dair dəftəri sübut olaraq məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Verilmiş suallara əsasən o, bildirmişdir ki, dəftərdəki qeydlər onun satıcısı tərəfindən aparılmışdır. Cavabdeh ilə bağlı dəftərdəki qeydiyyat da satıcı tərəfindən aparılmış, lakin borcun mövcudluğunu cavabdeh özü imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş, qeydiyyata dair əlyazmanın ksero surəti məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, Cavabdeh ilə bağlı nisyə alqı-satqıya dair dəftərdə aparılan qeydiyyatla eynilik təşkil edir. Belə ki, həmin kiril əlifbası ilə, eyni zamanda qrammatik səhvlərlə icra edilmiş əlyazmada göstərilmişdir ki, “mən Cavabdeh öz razılığımla İddiaçı qızıl mağazasında “reket” sep (26.8) 500 qabağında verdim. 1700 borclu qaldım. Ayda 300-400 ödəyəcəm. Mənə otur 3200. Heç bir etirazım yoxdu, izahatı imzamla təsdiq edir. X2”. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş, tərəflər arasında whatsapp mobil tətbiqi vasitəsilə aparılan səsli mesaj dialoqunun olduğu 1 ədəd CD disk məhkəmədə tədqiq edilərkən müəyyən edilir ki, cavabdehin iddiaçıya hazırda 1.800 manat borcu vardır. İddiaçı cavabdehdən məhkəmə qaydasında borclu olduğu məbləği tələb edəcəyini bildirmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında şifahi qaydada alğı-satqı müqaviləsi bağlanmış və cavabdeh bu öhdəliyini sadə yazılı formada əlyazma imzalamaqla təsdiq etmişdir. Cavabdehin hazırkı borcu 1.800 manat təşkil edir, belə ki, o, 1800 manat məbləğində borcunun mövcud olmasını iddiaçı ilə whatsapp mobil tətbiqi vasitəsilə aparılan səsli mesajlarında etiraf etmişdir. Məhkəmə iclasında isə iddiaçı cavabdehin ona 1800 manat məbləğində borcu olduğunu öz izahatında qəbul etmişdir. Hazırda iddiaçı cavabdehin yaranmış 1.800 manat borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişdir. Bunun əksinə olaraq o, məhkəmə iclaslarının təşkili ilə bağlı məhkəmə aparatı işçisi ilə telefon danışıqlarında iclaslara gəlməkdən qərəzli olaraq imtina etmiş və iddiaçıya təxminən 1800 manat borcunun olmasını, səs yazısının isə ona aid olmasını təsdiq etmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Həmin Məcəllənin 386.10-cu maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibəti əmələ gəlmişdir. Belə ki, məhkəmə iş materiallarında olan sübutlara, xüsusilə qeydiyyata dair əlyazmanın kserosurətinə və tərəflər arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan səsli mesaj dialoquna əsaslanaraq müəyyən edir ki, cavabdeh iddiaçıdan qızıl-zinət əşyasını aldığını birbaşa və ya dolayısı ilə inkar etməmişdir. Tərəflər arasındakı yazışmalar və səsli mesajlar bu əşyanın cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edir. Bununla yanaşı, iş materiallarında əks olunan səsli mesajlar və yazılı sübutlar cavabdehin əmlakın dəyərini ödəməyi qəbul etdiyi, lakin bu öhdəliyi yerinə yetirmədiyi qənaətinə gəlməyə əsas verir. Beləliklə, cavabdehin iddiaçıya olan öhdəliyi təmin olunmadığına görə, cavabdehin iddiaçıya 1.800 manat məbləğində borcu olduğu təsdiqlənir. Həmçinin işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında müqavilə bağlanmamış və cavabdeh qızıl-zinyət əşyasını iddiaçıya geri qaytarmamaqla və ya onun dəyərini verməməklə əsassız olaraq varlanmışdır. Məhkəmə həmçinin hesab edir ki, pulun tutulması ilə bağlı iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 47 manat pulun tutulması hissəsində də iddia tələbi qismən təmin edilməli və 38 manat pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38 (otuz səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-1083/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1083/2024
24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver