Məhkəmə qərarları › İş №e-2(071)-1134/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1134/2025

19.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1134/2025 19.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin uşaqla ünsiyyətdə olmaq qaydasının müəyyən edilməsinə dair hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında rəsmi nikah 19 oktyabr 2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1491 nömrə ilə Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 doğulmuşdur. Daha sonra tərəflərin arasında münasibətlər pozulmuş və ailə mübahisəsi yaranmışdır. Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişi bağlanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-992/2025 saylı qətnaməsinə əsasən İddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2013-cü il tarixində bağlanmış və Binəqədi rayon Qeydiyyat Şöbəsində 1491 № ilə qeydə alınmış nikah pozulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-6470/2025 saylı qətnaməsinə əsasən Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin üçüncü və beşinci bəndi təsdiq edilməsi, İİ tərəfin (Ərizəçi) uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a qədər 600 (altı yüz) manat məbləğində alimentin İ tərəfə (Maraqlı şəxs) ödənilməsi və İİ tərəfin (Ərizəçi) uşağın İ tərəf (Maraqlı şəxs) ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına dair notarial qaydada razılıq verməyi öhdəsinə götürməsi hissəsində məcburi icraya yönəldilməsi qət edilmişdir. Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir: 1. Tərəflər onlar arasında xx.xx.2013-cü il tarixdə 1491№-li reyestr qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında,əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 İ Tərəfin (ananın) yanında qalmasına razılıq verir. 3. İİ Tərəf uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a qədər 600 (altı yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına köçürülməklə ödəməyi öz öhdəsinə götürür. 4. İ Tərəf uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın hər həftənin Şənbə və Bazar günləri saat 13:00-dan saat 17:00-a qədər, müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq verir. 5. İİ Tərəf uşağın İ Tərəf ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına razılıq verir və bununla bağlı 3 (üç) iş gün ərzində notarial qaydada razılıq ərizəsi verməyi öz öhdəsinə götürür. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (200 manat) İ Tərəf ödəyir. Göründüyü kimi tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən uşaqla atanın ünsiyyət hüququna dar müddəalar əks olunmuş, lakin buna baxmayaraq Maraqlı şəxs öz üzərinə düşən öhdəliklərin icrasından yayınır. Buna görə də, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönlədirilməsi ilə bağlı məhkəməyə ərizə vermək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə NMR Ali Məhkəməsində baxılacaq işdə iştirak edəcəyi üçün Hacıqabul rayon Məhkəməsinin təyin etdiyi məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Barışıq sazişinin təsdiq olunması barədə ərizəni müdafiə etmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə Maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin uşaqla ünsiyyətdə olmaq qaydasının müəyyən edilməsinə dair hissəsində təsdiq edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, xx.xx.2014-cü təvəllüdlü İmanzadə Nilufər Ülvü qızının atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. Ərizəçi ilə Maraqlı şəxs arasında rəsmi nikah 19 oktyabr 2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1491 nömrə ilə Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-992/2025 saylı qətnaməsinə əsasən İddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2013-cü il tarixində bağlanmış və Binəqədi rayon Qeydiyyat Şöbəsində 1491 № ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-6470/2025 saylı qətnaməsinə əsasən Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin üçüncü və beşinci bəndi təsdiq edilməsi, İİ tərəfin (Ərizəçi) uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a qədər 600 (altı yüz) manat məbləğində alimentin İ tərəfə (Maraqlı şəxs) ödənilməsi və İİ tərəfin (Ərizəçi) uşağın İ tərəf (Maraqlı şəxs) ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına dair notarial qaydada razılıq verməyi öhdəsinə götürməsi hissəsində məcburi icraya yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin 4-cü bəndinə əsasən müəyyən edilir ki, İ tərəf uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın hər həftənin Şənbə və Bazar günləri saat 13:00-dan saat 17:00-a qədər, müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq vermişdir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideyinləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, valideyinlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın bu hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, valdeyinlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkşafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən, məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. “Valideyinlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 6/2011 saylı qərarına əsasən ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın - Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 13:00-dan saat 17:00-a qədər müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda isə, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq verməsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində öhdəliyini lazımi qaydada icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında “barışıq sazişinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin uşaqla ünsiyyətdə olmaq qaydasının müəyyən edilməsinə dair hissəsi təsdiq edilsin. Barışıq sazişinə əsasən “tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın - Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 13:00-dan saat 17:00-a qədər müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda isə, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalsın”. Ərizəçi tərəfindən hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar