Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1198/2023 27.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1200 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “VAZ 21070” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 21070” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 21070” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “** KR ***” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1200 manat sığorta ödənişini həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsində cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehin yol-nəqliyyat hadisəsində təqsirli olması və hadisə yerindən yayınması inzibati tənbeh vermə haqqında qərarla öz təsdiqini tapmışdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, “VAZ 21070” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün məsuliyyəti xx.xx.2022-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də 12 ay müddətinə icbari qaydada sığortalanmışdır. İş materiallarında olan “Nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, “VAZ 21070” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 121664 nömrəli sığorta aktından və ödəniş tapşırığından görünür ki, qəza nəticəsində “VAZ 21070” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtomobilin sahibinə 1200 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarından müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi barədə Hacıqabul rayon X5 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə dair xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, X1 Yol Polisi Şöbəsində verdiyi izahatında xx.xx.2022ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi VAZ 21070 markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ 21070 markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu, hadisə vaxtı həmin avtomobilin sahibinin ona əlaqə nömrəsini verdiyini, zərəri ödəyəcəyini bildirərək hadisə yerindən getdiyini, lakin sonradan onunla əlaqə saxlasada o avtomobilə dəymiş ziyanı ödəməkdən yayındığını bildirmişdir. Həmçinin Cavabdeh izahatında bildirmişdir ki, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyini ona demişdir. Lakin, sonradan maddi vəziyyəti pis olduğuna görə ödəniş edə bilməmişdir. Qayda pozuntusu törətməsi ilə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ 21070” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “VAZ 21070” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerindən qaçmışdır. Hacıqabul rayon DYPİ-nin qərarı ilə Cavabdeh həm qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsinə görə, həm də hadisə yerindən yayınmasına görə təqsirli bilinib inzibati qaydada tənbeh edilmişdir. İddiaçı zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 1200 manat məbləğində ona sığorta ödənişi vermişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı, hadisə yerindən yayındığına görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, cavabdehdən 1200 manat sığorta ödənişi məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumu və bank xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 32 manat (otuz iki) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-1198/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1198/2023
27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver