Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-306/2024 14.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, elan saytlarının birində Nərimanov rayonu ərazisində ev almaq məqsədilə İlham adlı bir vətəndaşın nömrəsini götürmüşdür. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82 kv. metr olan, ümumi qiyməti 108 000 (yüz səkkiz min) manat olan evə baxmaq məqsədilə 26 avqust 2023-cü il tarixində yeni tikilməkdə olan həmin binanın qarşısında cavabdehlə görüşmüşlər. Cavabdeh ona bildirmişdir ki, həmin bina 15-20 gün müddətində hazır olacaq və binaya dam örtüyü vurulacaq. Sonra cavabdehlə birgə sonuncuya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən ofisinə getmişlər. Cavabdeh ondan 1000 (bir min) manat beh almışdır. İddiaçı qalan məbləği sonradan verəcəyini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, bina 2023-cü ilin sentyabr ayının 20-nə kimi hazır olacaq və dam örtüyü bağlanacaq. Lakin üzərindən bir müddət keçməsinə baxmayaraq, həmin binanın dam örtüyü bağlanmamış və bina hazır olmamışdır. Buna görə də, Cavabdeh ona verdiyi 1000 (bir min) manat behi geri qaytarmasını tələb etmiş, o, müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, telefon zənglərinə isə cavab verməmişdir. Məhz buna görə də cavabdeh barəsində cinayət işinin açılması məqsədilə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət etmişdir. Polis bölməsində cavabdeh öz izahatında bildirmişdir ki, həqiqətən də, iddiaçıdan 1000 (bir min) manat pulu almış, lakin hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün pulu qaytara bilməmişdir. Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən xx.xx.2023-c ü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, əvvəllər cavabdeh telefonla danışarkən pulu qaytaracağını bildirmiş, lakin son vaxtlar ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Odur ki, iddianın təmin edilməsi və 1000 manat maddi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən şəxs Şahida izahatında bildirdi ki, iddiaçı onun həm qaynatası həm də, əmisidir. Onlar mənzil almaq üçün internet saytlarında elanlara baxmış və cavabdehlə ev alqı-satqısı ilə məşğul olan şəxs kimi internet saytları vasitəsi ilə tanış olmuşlar. Ev almaq üçün əlaqə saxlamışlar. Cavabdehə məxsus ofisdə iddiaçı İlhamRzayevə 1000 manat beh vermişdir. Lakin cavabdeh qeyd etdiyi vaxtda ev hazır olmamış və onlar cavabdehdən pulun qaytarılmasını tələb etmişlər. Cavabdeh əvvəllər yaxın zamanlarda 1000 manat pulu qaytaracağına söz versə də, sonar vaxtlar ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və şahidin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Whatsapp yazışmalarından götürülən çıxarışlardan görünür ki, Cavabdeh zəngə və mesajlara cavab verməmişdir. İş materiallarında olan Nərimanov RPİ TB-nin təhqiqatçısı polis baş leytenantı X5 tərəfindən HK-1/1597 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X3, DİN-nin 102 ZM-nə müraciət edərək 2 ay bundan öncə ünvan 3 ünvanında ev almaq üçün İlham adlı maklerə 1000 manat beh verməsi, lakin həmin şəxsi yerində tapa bilməməsini bildirmişdir. Həmin qərardan görünür ki, cavabdeh izahat verərəkən Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsində tikilməkdə olan binadan ümumi sahəsi 82 kv.m olan mənzilin alınması üçün iddiaçıdan 1000 manat beh aldığını, sonradan iddiaçının tələbi ilə aldığı behi qaytara bilmədiyini etiraf etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 777.1-cü maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yeni tikilməkdə olan binadan mənzil almaq məqsədilə internet informasiya saytları vasitəsilə cavabdehlə ev alqı-saqısı ilə məşğul olan şəxs kimi tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə yuxarıda qeyd edilən ünvanda tikilən yeni binadan ümumi sahəsi 82 kv.m olan mənzil almasında köməklik göstərməsini tapşırmış, cavabdeh tapşırığı yerinə yetircəyini bildirmiş və sentyabr ayının 20-si tarixinə evin tikilib qurtaracağını bildirərək iddiaçıdan 1000 manat beh almışdır. Bundan sonra cavabdehin qeyd etdiyi vaxtda, yəni sentyabr ayının 20-nə binanın tikilməsi və damının örtülməsi başa çatmamış və bu səbəbdən iddiaçı beh kimi verdiyi 1000 manat pulun qaytarmasını cavabdehdən tələb etmişdir. Cavabdeh müxtəlif səbəblər gətirərək 1000 manat beh məbləğini qaytarmamışdır. Eyni zamanda,”Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, iş üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1. 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və iş hazırda Abşeron rayon məhkəməsinin icraatındadır. Qeyd edilən hal Cavabdeh şəxsiyyətini səciyyələndirən hal kimi bir daha onu sübut edir ki, o, digər şəxsləri aldatmaqla və ya etibarından sui-istifadə etməklə qanunsuz yolla gəlir əldə etməyə meyillidir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh vəkalət alan qismində tapşırığı vicdanla icra etməmiş və nəticədə iddiaçıya 1000 manat məbləğində ziyan dəymişdir. Odur ki, vurulmuş ziyan, yəni 1000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin qismən olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddianın təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1000 (min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-306/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-306/2024
14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver