Məhkəmə qərarları › İş №e-2(072)-393/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-393/2025

28.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-393/2025 28.08.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı “pul və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı “pul və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 11 iyul 2025-ci il tarixdə məhkəmə iclasında İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi (vəkil) Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvandakı yaşayış binası İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmişdir. X7 İddiaçı Mənzil-Tikinti Kooperativinin təsisçisi, X3 isə sədri olmuşdur. Cavabdeh bir müddət İddiaçı Mənzil-Tikinti Kooperativinin həm təsisçisi Bakir müəllim, həm də sədri Əbülfət müəllim ilə işgüzar əlaqədar qurmuşdur. Belə ki, Cavabdeh MTK tərəfindən yaşayış binaları inşa edilən zaman bir sıra tikinti materiallarını (qum, çınqıl və sement) nisyə və (və ya) nağd şəkildə MTK-ya satmaqla, qarşılıqlı etibarlı işgüzar əlaqələr yaratmışdır. Bu əlaqələrdən istifadə edən Cavabdeh MTK-nın təsisçisi Bakir müəllimə müraciət edərək, yenicə qohum olmağa hazırlaşdığı şəxsin qardaşı X2 2020-ci ildən 35000 (otuz beş min) AZN məbləğində pul borcu olduğunu, maddi cəhətdən çətinlik çəkdiyi üçün pul borcunun geri qaytarmasının mümkün olmadığını və həmin şəxsin pul borcunu təkidlə tələb etdiyini bildirmişdir. Bu səbəbdən də, Cavabdeh Bakir müəllimin vasitəsilə MTK-nın sədri Əbülfət müəllimə müraciət edərək, Rövşən müəllimin adına, lakin özünün şifahi şəxsi təminatı əsasında 1 (bir) otaqlı mənzilin sənədləşdirilməsini və 35000 (otuz beş min) AZN məbləğində pulun (pay haqqı) özünün tərəfindən hər ay 5000 (beş min) AZN məbləği olmaqla hissə-hissə ödəyəcəyini xahiş etmişdir. Belə ki, Rövşən müəllim MTK tərəfindən öz adına 1 (bir) otaqlı mənzilin rəsmiləşdiriləcəyi təqdirdə mənzilin qiymətindən pul borcunun əvəzinə 35000 (otuz beş min) AZN məbləğində hissəsinin Cavabdeh tərəfindən ödəniləcəyi vədinə razılaşmış və həmin məbləğdən artıq hissənin özünün ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də, tərəflər arasında yaranmış etibarlı işgüzar əlaqələr nəzərə alınmaqla və qarşılıqlı şifahi razılıq əsasında MTK-nın sədri X3 ilə X4 arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yeni inşa edilən binanın 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, sahəsi 62.95 kv.m.., və 1 (bir) otaqdan ibarət 106 saylı mənzilin qiyməti 43000 (qırx üç min) AZN məbləği olmaqla, 23 avqust 2021-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə imzalanmışdır. Eyni zamanda bildirir ki, “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə bağlanandan sonra qarşılıqlı şifahi razılaşmaya əsasən nəzərdə tutulduğu kimi mənzilin müəyyənləşdirilmiş qiymətindən, yəni 43000 (qırx üç min) AZN məbləğində puldan 8000 (səkkiz min) AZN məbləğində pul X4 tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilmişdir. Eləcə də Cavabdeh X2 olan borc pul məbləğinin qalan hissəsindən, yəni 35000 (otuz beş min) AZN məbləğində puldan müxtəlif vaxtlarda hissəhissə olmaqla, ümumilikdə 3400 (üç min dörd yüz) AZN məbləğində pul Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilmişdir. Lakin qarşılıqlı şifahi razılaşma əsasında nəzərdə tutulduğu kimi mənzilin müəyyənləşdirilmiş qiymətindən, yəni 43000 (qırx üç min) AZN məbləğində pulun (Cavabdeh X2 olan borc pul məbləğinin qalan hissəsi), qalan hissəsi yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul bu günədək Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilməmişdir. İddiaçı Mənzil-Tikinti Kooperativinin rəhbərliyi tərəfindən məhz həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsinin, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun ödənilməsi barədə dəfələrlə Cavabdeh müraciət edilmişdir. Hətta Cavabdeh 20 avqust 2024-cü il tarixdə İddiaçı Mənzil-Tikinti Kooperativinin yeni sədri Fuad müəllimə ərizə ilə müraciət edərək, qeyd edilən halları təsdiq etmiş, həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsi həddində, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul borcu öhdəliyinin mövcudluğunu etiraf etmiş və həmin pul məbləğini ödəməkdən boyun qaçırmadığını, eləcə də hazırda Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti, məhəllə 2036, "xxxx" MTK-nın tikdiyi bina 2, blok “D”, 5-ci mərtəbədə yerləşən sahəsi 104.43 kv.m., dən və 2 (iki) otaqdan ibarət 7 saylı mənzilinin olduğunu və lazım gələrsə, həmin mənzilini satıb borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinin yeni sədri Fuad müəllimə ünvanladığı ərizə nəzərə alınmaqla, MTK-nın rəhbərliyi tərəfindən məhz həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsinin, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun ödənilməsi üçün ona yenidən müddət verilmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə MTK-nın rəhbrəliyini aldatmış və ümumiyyətlə, müraciətin heç bir müsbət nəticəsi olmamışdır. Onu da qeyd edir ki, əgər mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsi, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul Cavabdeh tərəfindən vaxtında iddiaçı İddiaçı Mənzil- Tikinti Kooperativinin xeyrinə ödənilsə idi, bu müddət ərzində MTK həmin pul məbləğindən səmərəli istifadə etməklə mülki dövriyyə şəraitində əlavə gəlir əldə edəcək idi. Eyni zamanda, Cavabdeh fikrinə etiraz edərək bildirmişdir ki, Cavabdeh həm də İddiaçı Mənzil-Tikinti Kooperativinin təsisçisi X5 35000 (otuz beş min) AZN məbləğində pul borcunun olması, həmin borc puldan 3400 (üç min dörd yüz) AZN məbləğini geri qaytarması, lakin 31600 (otuz bir min altı yüz) AZN məbləğini bu günədək geri qaytarmaması ilə bağlı fikrinin əsas məqsədi məhkəmədə müəyyən çaşqınlıq yaratmaqdır. Belə ki, bu günədək tərəflər arasında məhkəmədən kənar aparılmış söhbət zamanı Cavabdeh bu barədə heç bir söz deməmiş, hətta istintaq orqanında izahat və (və ya) ifadə verməmiş, MTK-nın rəhbərliyinə ünvanladığı ərizədə toxunmamışdır. Lakin uzun müddət vaxt keçdikdən sonra Cavabdeh belə bir fikir bildirməsi müəyyən suallar yaratmaqla yanaşı, onun mövqeyinin dəyişkən, qeyir-inandırıcı və ziddiyyətli olmasından xəbər verir. Hal-hazırda İddiaçı Mənzil-Tikinti Kooperativinin şikayəti əsasında Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanmış və ibtidai istintaq aparılır. Buna baxmayaraq, hüquqlarını təmsil etdiyi İddiaçı Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı “pul və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh mənzilin satış qiymətinin qalan hissəsinin, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun, əldən çıxmış faydaya görə dəymiş maddi zərərin əvəzi olaraq 10000 (on min) AZN məbləğində pulun, ümumilikdə 41600 (qırx bir min altı yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 217.60 (iki yüz on yeddi, altmış) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilməsi, eləcə də Cavabdeh və onun qohumu X1 barəsində xüsusi qərardadın qəbul edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 iyul 2025-ci il tarixdə məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, bir müddət tikinti materiallarının (qum, çıngıl və sement) alğısatqısı ilə məşğul olmuşdur. Bu səbəbdən də, İddiaçı Mənzil-Tikinti Kooperativinin həm təsisçisi Bakir müəllim, həm də sədri Əbülfət müəllim ilə işgüzar əlaqələr qurmuşdur. Belə ki, o, MTK tərəfindən yaşayış binaları inşa edilən zaman bir sıra tikinti materiallarını (qum, çınqıl və sement) nisyə və (və ya) nağd şəkildə MTK-ya satmaqla, qarşılıqlı etibarlı işgüzar əlaqələr yaratmışdır. İddia tələbi barədə bildirir ki, onun qohumu X2 pul borcu olmuşdur. Qohumu Rövşən müəllim onun tikinti sahəsində fəaliyyət göstərən bir neçə tikinti şirkəti ilə qarşılıqlı əlaqəli şəkildə işlədiyini bildiyi üçün ona həmin pul borcunun əvəzinə yeni inşa edilmiş binalarda ucuz qiymətə mənzil tapmağını demişdir. O da İddiaçı Mənzil-Tikinti Kooperativinin rəhbərliyi ilə işgüzar əlaqələri olduğu üçün MTK-nın təsisçisi Bakir müəllimə müraciət edərək, “Rövşən” adlı qohumuna 2020-ci ildən 35000 (otuz beş min) AZN məbləğində pul borcu olduğunu, lakin maddi cəhətdən çətinlik çəkdiyi üçün borc pulun geri qaytara bilmədiyini və onun pul borcunu təkidlə tələb etdiyini bildirmişdir. Bu səbəbdən də, o, Bakir müəllimin vasitəsilə Abşeron-A1” Mənzil-Tikinti Kooperativinin sədri Əbülfət müəllimə müraciət edərək, qohumu X1 adına, lakin özünün şifahi şəxsi təminatı əsasında 1 (bir) otaqlı mənzilin sənədləşdirilməsini və 35000 (otuz beş min) AZN məbləğində pulun (pay haqqı) özünün tərəfindən hər ay 5000 (beş min) AZN məbləği olmaqla hissə-hissə ödəyəcəyini xahiş etmişdir. Belə ki, Rövşən müəllim MTK tərəfindən öz adına 1 (bir) otaqlı mənzilin rəsmiləşdiriləcəyi təqdirdə mənzilin qiymətindən pul borcunun əvəzinə 35000 (otuz beş min) AZN məbləğində hissəsinin onun özü tərəfindən ödəniləcəyi ilə razılaşmış və həmin məbləğdən artıq hissənin özünün ödəyəcəyini bildirmişdir. Onu da qeyd edir ki, MTK-nın rəhbərliyi ilə qarşılıqlı şifahi razılığa əsasən o, həmin mənzilin müəyyənləşdirilmiş qiymətini həm də qum, çınqıl və sement kimi tikinti materiallarını verməklə, əvəzli şəkildə ödəməli idi. Bu səbəbdən də, tərəflər arasında yaranmış etibarlı işgüzar əlaqələr nəzərə alınmaqla qarşılıqlı şifahi razılıq əsasında MTK-nın sədri X3 ilə X4 arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yeni inşa edilən binanın 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, sahəsi 62.95 kv.m.., və 1 (bir) otaqdan ibarət 106 saylı mənzilin qiyməti 43000 (qırx üç min) AZN məbləği olmaqla 23 avqust 2021-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə imzalanmışdır. Eyni zamanda bildirir ki, “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə bağlanandan sonra qarşılıqlı şifahi razılaşmaya əsasən nəzərdə tutulduğu kimi mənzilin müəyyənləşdirilmiş qiymətindən, yəni 43000 (qırx üç min) AZN məbləğində puldan 8000 (səkkiz min) AZN məbləğində pul X4 tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilmişdir. Eləcə də özünün X2 olan borc pul məbləğinin qalan hissəsindən, yəni 35000 (otuz beş min) AZN məbləğində puldan müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 3400 (üç min dörd yüz) AZN məbləğində pulu özü İddiaçı Mənzil-ikinti Kooperativinin xeyrinə ödəmişdir. Lakin maddi cəhətdən çətinlik çəkdiyi üçün qarşılıqlı şifahi razılaşma əsasında nəzərdə tutulduğu kimi mənzilin müəyyənləşdirilmiş qiymətindən qalan hissəsini yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul bu günədək İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödəyə bilməmişdir. Onu da qeyd edir ki, İddiaçı Mənzil-Tikinti Kooperativinin rəhbərliyi tərəfindən məhz həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsinin, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun ödənilməsi barədə dəfələrlə ona müraciət edilmişdir. Hətta o, 20 avqust 2024-cü il tarixdə İddiaçı Mənzil-Tikinti Kooperativinin yeni sədri Fuad müəllimə ərizə ilə müraciət edərək, qeyd edilən halları təsdiq etmiş, həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsi həddində, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul borcu öhdəliyinin mövcudluğunu etiraf etmiş və həmin pul məbləğini ödəməkdən boyun qaçırmadığını, eləcə də hazırda Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti, məhəllə 2036, "xxxx" MTK-nın tikdiyi bina 2, blok “D”, 5-ci mərtəbədə yerləşən sahəsi 104.43 kv.m., dən və 2 (iki) otaqdan ibarət 7 saylı mənzilinin olduğunu və lazım gələrsə, həmin mənzilini satıb borcunu ödəyəcəyini bildirmişdir. Onun xahişi nəzərə alınmaqla, MTK-nın rəhbərliyi tərəfindən məhz həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsinin, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun ödənilməsi üçün ona yenidən müddət verilmişdir. Lakin arvadı Yaqut xanım yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığına görə onun müalicə olunmasına yüksək məbləğdə pul xərclədiyi, eləcə də işgüzar həyatında iflas nəticəsində ona maddi zərər dəydiyi üçün İddiaçı Mənzil-Tikinti Kooperativinə olan 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulu ödəyə bilməmişdir. Bununla yanaşı bildirir ki, onun İddiaçı Mənzil-Tikinti Kooperativinin təsisçisi Bakir müəllimə 35000 (otuz beş min) AZN məbləğində pul borcu var, həmin borc puldan 3400 (üç min dörd yüz) AZN məbləğini geri qaytarsa da, lakin 31600 (otuz bir min altı yüz) AZN məbləğini bu günədək geri qaytarmamışdır. Ümumiyyətlə, onun 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulu birdəfəlik İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödəməyə maddi cəhətdən imkanı yoxdur. Bununla yanaşı, o, 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulu İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə hər ay hissə-hissə ödəyə bilər və eləcə də həmin pul məbləğinin hissə-hissə ödənilməsi üçün məhkəmə tərəfindən 3 (üç) ay müddət vaxt verilməsini xahiş etmişdir. Bu səbəbdən də, İddiaçı Mənzil-Tikinti Kooperativinin ona qarşı irəli sürdüyü “pul və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianı qəbul edir. Bütün bunları nəzərə alaraq, İddiaçı Mənzil-Tikinti Kooperativinin ona qarşı “pul və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı Mənzil-Tikinti Kooperativi ilə “payçı” X4 arasında bağlanmış 23 avqust 2021-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, ünvanda binanın 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, sahəsi 62,95 kv.m.,dən və 1 (bir) otaqdan ibarət 106 saylı mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə “payçı” X2 verməyi və “payçı” X4 isə həmin mənzilin dəyəri olan 43000 (qırx üç min) AZN məbləğində pulu müəyyənləşdirilmiş müddətdə İddiaçı Mənzil- Tikinti Kooperativinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 20 sentyabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, ünvanda binanın 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, sahəsi 62,95 kv.m.,dən və 1 (bir) otaqdan ibarət 106 saylı mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsi həddində, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul borcu öhdəliyinin mövcudluğunu etiraf etmiş və həmin pul məbləğini ödəməkdən boyun qaçırmadığını, eləcə də hazırda Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti, məhəllə 2036, "xxxx" MTK-nın tikdiyi bina 2, blok “D”, 5-ci mərtəbədə yerləşən sahəsi 104.43 kv.m., dən və 2 (iki) otaqdan ibarət 7 saylı mənzilinin olduğunu və lazım gələrsə, həmin mənzilini satıb borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan “cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 23 aprel 2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativinin şikayəti əsasında Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə icraat təzələnmiş və cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay olmaqla 7 (yeddi) ayadək, yəni 25 aprel 2025-ci il tarixdən 25 iyun 2025-ci il tarixədək uzadılaraq, cinayət işi istintaqın Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin ***-*******52 saylı, 04 iyul 2025-ci il tarixli məktubun surətindən və ***-*******52 saylı, 07 avqust 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativinin şikayəti əsasında Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İş materiallarında olan ********** saylı, 09 aprel 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən iddia qaldırılması üçün 217.60 (iki yüz on yeddi, altmış) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. 11 iyul 2025-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, İddiaçı Mənzil-Tikinti Kooperativinin təsisçisi, X3 isə sədri olmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvandakı yaşayış binası İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmişdir. Cavabdeh uzun müddətdir ki, tanıyır. Belə ki, Cavabdeh bir müddət onun ilə işgüzar əlaqələr qurmuşdur. Belə ki, Cavabdeh MTK tərəfindən yaşayış binaları inşa edilən zaman bir sıra tikinti materiallarını (qum, çınqıl və sement) nisyə və (və ya) nağd şəkildə MTK-ya satmaqla, qarşılıqlı etibarlı işgüzar əlaqələr yaratmışdır. Cavabdeh 2021-ci ilin yay ayında Bakı şəhərində yerləşən “Atatürk” parkında onun ilə görüşərək, yenicə qohum olmağa hazırlaşdığı şəxsin qardaşı X2 35000 (otuz beş min) AZN məbləğində pul borcu olduğunu, borc pul məbləğini geri qaytarmaqda maddi cəhətdən çətinlik çəkdiyini, qohumu Rövşən müəllimin borc pulun təkidlə tələb etdiyini, eləcə də buna görə qohumlar arasında ailədaxili söz-söhbətin yarandığını və bu məsələnin qızının “xeyir iş”inin baş tutmasına təsir etdiyini bildirmişdir. Sərvər bu məsələnin həllində ondan köməklik etməsini xahiş edərək, Rövşən müəllimə olan borc pulun əvəzinə onun üçün İddiaçı Mənzil-Tikinti Kooperativindən mənzil istəmişdir. Eləcə də Sərvər ona MTK-dan alınacaq mənzilin qiymətindən 30 (otuz) % məbləğində pul ilkin ödəniş edərək, qalan pul məbləğini 6 (altı) ay ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. O, Sərvərə hazırda MTK-nın bina tikintisi fəaliyyətini dayandırdığını və MTK-da satışda olan mənzil olmadığını bildirmişdir. Buna baxmayaraq, o, barədə MTK-nın rəhbərliyi ilə əlaqə saxlayaraq, müsbət cavab almışdır. Belə ki, Cavabdeh MTK-nın sədri Əbülfət müəllimə müraciət edərək, qohumu X1 adına, lakin özünün şifahi şəxsi təminatı əsasında 1 (bir) otaqlı mənzilin sənədləşdirilməsini və 35000 (otuz beş min) AZN məbləğində pulun (pay haqqı) özünün tərəfindən hər ay 5000 (beş min) AZN məbləği olmaqla hissə-hissə ödəyəcəyini xahiş etmişdir. Cavabdeh ilə etibarlı işgüzar əlaqələr nəzərə alınmaqla, İddiaçı Mənzil-Tikinti Kooperativi başqa şəxsə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yeni inşa edilən binanın 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, sahəsi 62.95 kv.m.., və 1 (bir) otaqdan ibarət 106 saylı mənzili həmin şəxsin, yəni mənzilin sahibinin razılığı ilə ona pul ödəməklə, ondan geri alıb qeyd edilən şərtlər daxilində Sərvərə satmışdır. Belə ki, Rövşən müəllim öz adına 1 (bir) otaqlı mənzilin rəsmiləşdiriləcəyi təqdirdə mənzilin qiymətindən pul borcunun əvəzinə 35000 (otuz beş min) AZN məbləğində hissəsinin Cavabdeh tərəfindən ödəniləcəyi ilə razılaşmış və həmin məbləğdən artıq hissənin özünün ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də, tərəflər arasında yaranmış etibarlı işgüzar əlaqələr nəzərə alınmaqla qarşılıqlı şifahi razılıq əsasında MTK-nın sədri X3 ilə X4 arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yeni inşa edilən binanın 5-ci girişinin 16-cı mərtəbəsində yerləşən, sahəsi 62.95 kv.m.., və 1 (bir) otaqdan ibarət 106 saylı mənzilin qiyməti 43000 (qırx üç min) AZN məbləği olmaqla, 23 avqust 2021-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə imzalanmışdır. Onu da qeyd edir ki, “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə bağlanandan sonra qarşılıqlı şifahi razılaşmaya əsasən nəzərdə tutulduğu kimi mənzilin müəyyənləşdirilmiş qiymətindən, yəni 43000 (qırx üç min) AZN məbləğində puldan 8000 (səkkiz min) AZN məbləğində pul X4 tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilmişdir. Eləcə də Cavabdeh X2 olan borc pul məbləğinin qalan hissəsindən, yəni 35000 (otuz beş min) AZN məbləğində puldan müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 3400 (üç min dörd yüz) AZN məbləğində pul Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilmişdir. Lakin qarşılıqlı şifahi razılaşma əsasında nəzərdə tutulduğu kimi mənzilin müəyyənləşdirilmiş qiymətindən, yəni 43000 (qırx üç min) AZN məbləğində pulun (Cavabdeh X2 olan borc pul məbləğinin qalan hissəsi), qalan hissəsi yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul bu günədək Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilməmişdir. Təbii ki, o, bu məsələdə vasitəçi olduğu üçün məhz həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsinin, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun ödənilməsi barədə dəfələrlə Cavabdeh müraciət etmişdir. Hətta Cavabdeh 20 avqust 2024-cü il tarixdə İddiaçı Mənzil- Tikinti Kooperativinin yeni sədri Fuad müəllimə ərizə ilə müraciət edərək, qeyd edilən halları təsdiq etmiş, həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsi həddində, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul borcu öhdəliyinin mövcudluğunu etiraf etmiş və həmin pul məbləğini ödəməkdən boyun qaçırmadığını, eləcə də hazırda Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti, məhəllə 2036, "xxxx" MTK-nın tikdiyi bina 2, blok “D”, 5-ci mərtəbədə yerləşən sahəsi 104.43 kv.m., dən və 2 (iki) otaqdan ibarət 7 saylı mənzilinin olduğunu və lazım gələrsə, həmin mənzilini satıb borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinin yeni sədri Fuad müəllimə ünvanladığı ərizə nəzərə alınmaqla, MTK-nın rəhbərliyi tərəfindən məhz həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsinin, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun ödənilməsi üçün ona yenidən müddət verilmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə MTK-nın rəhbrəliyini aldatmış və ümumiyyətlə, müraciətin heç bir müsbət nəticəsi olmamışdır. Hal-hazırda məhz həmin mənzilin müəyyənləşdirilmiş qiymətinin qalan hissəsi, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pul Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.8-ci maddəsinə əsasən borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 466.2-ci maddəsinə əsasən qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydaya görə dəymiş maddi zərərin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən müqavilədən irəli gələn öhdəliyini icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olması, kreditorun bu əsasdan çıxış edərək borcludan əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması tənzimləndiyi, eləcə də uzun müddət icra edilməyən öhdəliyə görə əldən çıxmış faydaya görə tələb edilən dəymiş maddi zərərin həddi ağlabatan hesab edildiyi üçün iddia tələbinin “əldən çıxmış faydaya görə dəymiş maddi zərərin ödənilməsi” hissəsi təmin edilməlidir. Məhkəmə “xüsusi qərardadın qəbul edilməsi” ilə bağlı hesab edir ki, İddiaçı Mənzil-Tikinti Kooperativinin şikayəti əsasında Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq həyata keçirildiyi üçün Cavabdeh və onun qohumu X1 barəsində xüsusi qərardadın qəbul edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən “formal həqiqət” prinsipinə görə kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (public) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir (yalnız) tərəflər faktlar (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən hüquqi nəticəyə gəlir. Bununla yanaşı, “Da mihi factum, dabo tibi ius” (“Faktları mənə ver, mən sənə hüquq verəcəyəm”) prinsipinə görə tərəflər özləri iş üzrə əhəmiyyət kəsb edən faktiki halları və həmin halların təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim etməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı Mənzil-Tikinti Kooperativinin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı Mənzil-Tikinti Kooperativi iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə etiraz etməməsi faktı, yəni 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə hər ay hissə-hissə ödəyə biləcəyini və həmin pul məbləğinin hissəhissə ödənilməsi üçün məhkəmə tərəfindən 3 (üç) ay müddət vaxt verilməsini bildirməsi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. Məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən mülki iş üzrə mübahisənin həlli zamanı tərəflərin izahatları aşağıdakı əsas xüsusiyyətlərə malik olmalıdır ki, məhkəmə onları etibarlı qəbul etsin: 1. Ardıcıl və dəyişməz olmalıdır – Əgər bir tərəfin izahatı məhkəmənin müxtəlif mərhələlərində fərqli məzmun daşıyırsa, bu, həmin tərəfin iddiasının və ya etirazının inandırıcılığını azaldır. 2. Məntiqli və inandırıcı olmalıdır – Əgər bir tərəfin izahatı məntiqli və inandırıcı deyildirsə, qeyd edilən məntiqə zidd görünür və hakimin bu arqumentə qarşı daxili inamını zəiflədir. 3. Ziddiyyətli olmamalıdır. Tərəflərin təqdim etdiyi izahatlarda daxili uyğunsuzluqların olması onların obyektivliyini şübhə altına alır. Əgər eyni tərəf müxtəlif vaxtlarda bir-birini təkzib edən açıqlamalar verirsə, bu, məhkəmənin həmin izahatlara inanmasını çətinləşdirir. Tutarsız, ziddiyyətli və məntiqsiz izahatlar məhkəmənin daxili inamınını formalaşmasında rol oynayır və tərəfin mövqeyinin zəifləməsinə səbəb olur. Buna görə də, hüquqi prosesdə tərəflərin izahatlarının ardıcıl, əsaslandırılmış və sübutlarla dəstəklənməsi onların mövqeyinin haqlı olmasını təmin edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektivsurətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutayetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını tam əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə tam mötəbər sübut təqdim etdiyi, eləcə də bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia qismən təmin edilməli, Cavabdeh 31600 (otuz bir min altı yüz) AZN məbləğində pulun, əldən çıxmış faydaya görə dəymiş maddi zərərin əvəzi olaraq 10000 (on min) AZN məbləğində pul, ümumilikdə 41600 (qırx bir min altı yüz) AZN məbləğində pul və 214.80 (iki yüz on dörd, səksən) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi məbləğində = 214.80 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 41600 (qırx bir min altı yüz) AZN məbləğində pul və 214.80 (iki yüz on dörd, səksən) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar