Məhkəmə qərarları › İş №e-2(073)-3369/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3369/2024

28.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3369/2024 28.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 650 (altı yüz əlli) manat məbləğində vurulmuş zərərin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Balaxanı yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Lada 21214” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “VAZ 21723” minik markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Lada 21214” minik markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, “VAZ 21723” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən aydın görünür ki, zərərin məbləği olaraq 650.00 manat sığorta ödənişi iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Sabunçu rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokoldan və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Mirzəyev X2 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma), 327.2- ci və 327.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdı. Qeyd olunanların nəzərə alınaraq iddiaçı cavabdehdən tələb edilən məbləğin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, PXA ********** saylı İcbari Sığorta Müqaviləsinə dair Məlumatdan görünür ki, “Lada 21214” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək icbari sığorta növü üzrə sığortalanmışdır. İşdə olan Sabunçu rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.2, 327.4 və 327.6-cı maddələrində nəzərdə tutulan izibati xətaları törətməkdə təqsirli bilinmişdir. İşdə olan PXA98242 saylı Sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Balaxanı yolu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Lada 21214” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “VAZ 21723” minik markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 650 manat maddi ziyan dəymişdir. İşdə olan “Auto Box” tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində “Lada 21214” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat məbləğində ziyan dəymişdir. İşdə olan 14.112.2021-ci il tarixli, məktubdan görünür ki, cavabdehlə mübahisənin nizama salınması üçün (650 manat maddi ziyan tələbi barədə) iddiaçı ASC tərəfindən cavabdheə geriyə tələb məktubu göndərilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı cəmiyyət tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 650 (altı yüz əlli) manat alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının cavabdehə qarşı tələb hüququ subroqasiya hüququnun icrası ilə bağlı olan reqres iddia tələbidir və tam qanuni olmaqla iddiaya əlavə edilmiş sənədlərlə təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 650 (altı yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar