Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-3559/2025 04.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyan tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən 110000 manat əsas borc, 23100 manat faiz borcu, 10000 manat mənəvi zərərə görə pul və ödənilmiş 434 manat dövlət rüsumu olmaqla, cəmi 143534 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cəlilabad rayonunun Alar kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin kənddə özünə məxsus fərdi yaşayış evində yaşayır. Biznes fəaliyyəti ilə bağlı Rusiya Federasiyasının Moskva şəhərində də yaşayır və mütəmadi olaraq oraya gedib-gəlir. Cavabdeh onun qohumudur. Onunla eyni kənddə yaşayırlar. Cavabdeh hal-hazırda Cəlilabad rayonunun Alar kəndində yaşayır. Cavabdeh 2021-ci ilin dekabr ayında ona müraciət edərək,onun kiçik biznesini səyyari xalça, kilim və mebel satışı təşkiletməklə, idarə edərək əldə maya (avans) etmək adı ilə 110.000 (bir yüz on min) manat pulunu ondan alaraq, 1 (bir) il sonra, yəni 2022-ci ili dekabr ayında həm verdiyi mayanı (avansı) qaytararaq, həm də qazanc vermək barədə onunla razılığa gəlməklə, faktiki olaraq aralarında müqavilə (şifahi) bağlanılmışdır. Həmin razılaşmanın (müqavilənin) şərtlərinə görə, o, bu müddətdə iddiaçıya bununla bağlı mütəmadi məlumat verməklə, ona qazanc verməli idi. Lakin o, öz öhdəliklərini ümumiyyətlə hər hansı bir formada icra etməmiş, razılaşmanın (müqavilənin) şərtlərini pozmuş, iddiaçıya, ümumiyyətlə bununla bağlı hər hansı bir formada və ya şəkildə məlumat və qazanc verməmiş, əksinə, iddiaçıya qarşı neqativ hərəkətlərə yol vermiş, bununla da, aralarında bağlanmış razılaşmanı (müqaviləni) şifahi qaydada pozduğu barədə iradəsini ifadə etmişdir. Bir müddət keçdikdən sonra iddiaçıya tam bəlli olmuşdur ki, bu şəxs fırıldaqçıdır və iddiaçının ona verdiyi 110.000 (bir yüz on min) manat pulunu mənimsəmişdir. İddiaçı bununla bağlı hüquq-mühafizə orqanına (polisə) müraciət etmişdir. Polis orqanında aparılmış araşdırmanın nəticəsi olaraq, cavabdeh şəxs Cavabdeh yazılı izahat və iltizamlarında onun göstərdiyi fakt və xüsusatları təsdiq edərək, ona verməli olduğu pul məbləğinin də böyük əksəriyyətini etiraf etmişdir. Bununla bağlı Cəlilabad RPŞnin Təhqiqat Bölməsində “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 01 iyul 2025-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı ona dəymiş ziyanın ödənilməsini dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə müxtəlif üsullarla ziyanı ödəməkdən yayınmışdır.İddiaçı bununla əlaqədar dəfələrlə hüquq mühafizə orqanlarına şikayət etsə də heç bir nəticəsi olmamış, cavabdeh pulunu qaytarmamışdır. Cavabdeh tərəfindən törədilən mülki hüquq pozunutusu və borclu olduğu halda, ona hədə qorxu gəlməsi iddiaçının həyəcan və narahatlıq keçirməsinə səbəb olmuşdur. Nəticədə iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş və onun tərəfindən mənəvi zərərə məruz qalmışdır. Eyni zamanda hesab edir ki, cavabdeh ona verilən borc məbləğinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirilmiş vaxt üçün iki faiz bəndi əlavə edilməklə, illik beş faiz tətbiq edilməli və ödənilməsi 3 il gecikdirilmiş pul məbləğinə hər ay üçün 7 faiz ödəmə hesablanmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdeh fiziki şəxs kimi fərdi sahibkar statusuna malik olduqdarından və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan kommersiya mübahisəsi kimi iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, İddiaçı fiziki şəxs kimi sahibkarlıq statusuna malikdir, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-nü vardır. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, Cavabdeh da fiziki şəxs kimi sahibkarlıq statusuna malikdir, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-nü vardır. Eyni zamanda məhkəmə mübahisənin predmetini və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verərək qeyd edir ki, tərəflər arasındakı mübahisə kommersiya mübahisəsidir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyan tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-3559/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-3559/2025
04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver