Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-754/2025 30.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə vurduğu zərərə görə 6509,94 (altı min beş yüz doqquz manat doxsan dörd qəpik) manat; Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərini itirməsi nəticəsində vurduğu zərərə görə 8000 (səkkiz min) manat; Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunsuz olaraq özündə saxlayaraq istifadə etdiyinə görə əldən çıxmış fayda kimi 42000 (qırx iki min) manat məbləğində pul; Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə hesablanmış inzibati cərimə və həmin cərimənin vaxtında ödənilməməsinə görə cərimə və hesablanmış faiz olmaqla, 1058 (bir min əlli səkkiz) manat; ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 263 (iki yüz altmış üç) manat və hüquqi yardımın göstərilməsinə görə 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 58150.94 (əlli səkkiz min yüz əlli manat doxsan dörd qəpik) manat pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, 18 noyabr 2016-cı il tarixli K-190A-PCC-16 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən Cevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 40021,52 (qırx min iyirmi bir manat əlli iki qəpik) manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 5648 (beş min altı yüz qırx səkkiz) manat məbləğində hissəni ilkin ödəniş kimi icra etmişdir. Qalan 34373 (otuz dörd min üç yüz yetmiş üç) manat məbləğində pulun hissə-hissə olmaqla 48 (qırx səkkiz) ay müddətinə ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə imzalandıqdan sonra İddiaçı MMC üzərinə düşən öhdəliyi icra edərək nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də, sonradan gecikmələrə yol vermiş və 2021-cı ilin yanvar ayından sonra ödənişlərin icrasını demək olar ki, tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi, ya da nəqliyyat vasitəsini qaytarması tələb edilsə də, cavabdeh nə öhdəliklərini icra etməmiş, nə də nəqliyyat vasitəsini cəmiyyətə geri qaytarmamışdır. Bundan başqa cavabdeh həm də qeyri-qanuni yolla nəqliyyat vasitəsinə sahiblənərək onu özündə saxlamış və cəmiyyətə geri qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozduğundan onlar hüquqlarının müdafiə etmək üçün Cəlilabad rayon məhkəməsinə müraciət etmişlər. Cəlilabad rayon məhkəməsinin 2(073)-566/2022 nömrəli iş üzrə 17 iyun 2022ci il tarixli qətnaməsinə əsasən 18 noyabr 2016-cı il tarixli K-190A-PCC-16 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi, Chevrolet Cruze minik markalı 90-PC818 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin və 211 (iki yüz on bir) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçıMMC-yə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsini könüllü şəkildə icra etməkdən boyun qaçırmışdır. Cavabdeh nəqliyyat vasitəsini gizlətdiyi və icra məmurunun çağırışlarına əhəmiyyət vermədiyi üçün uzun müddət qətnamənin icrası mümkün olmamışdır. Bu azmış kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək əvəzinə qeyd edilən nəqliyyat vasitəsini qanunsuz olaraq istismar etməkdə davam etmiş və qanunsuz hərəkətləri ilə nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Cavabdeh həm nəqliyyat vasitəsini gizlətdiyi, həm də icra məmurunun çağırışlarına əhəmiyyət vermədiyi üçün həm cavabdeh, həm də nəqliyyat vasitəsi axtarışa verilmişdir. Axtarış nəticəsində cavabdeh polis tərəfindən tutulmuş və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Yalnız bundan sonra cavabdeh onu gözləyən cəzanın qarşısını almaq üçün 2024-cü ilin dekabr ayının sonunda Cəlilabad rayon məhkəməsinin 2(073)-566/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsini icra etmək məcburiyyətində qalmışdır. Beləliklə də məcburi icra tədbirləri nəticəsində Cəlilabad rayon məhkəməsinin 2(073)-566/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinin icrası təmin edilərək Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi cavabdehdən alınaraq İddiaçı MMC-yə verilmişdir. Nəqliyyat vasitəsi icra məmurundan yalnız vizual baxışdan keçirilməklə təhvil alınmışdır. Nəqliyyat vasitəsi təhvil alındıqdan sonra tam yoxlanılması üçün Bakıya gətirilərək cəmiyyətin dəmirçi, elektrik və çilingər şöbələrində müayinə edilmidir. Yoxlamalar nəticəsində nəqliyyat vasitəsində aşkar edilmiş qüsurlarla bağlı müvafiq zərər aktları tərtib edilmişdir. Həmin zərər aktlarına əsasən nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyi və istifadəsində olduğu müddət ərizində cavabdeh tərəfindən nəqliyyat vasitəsinə ümumilikdə 6509,94 (altı min beş yüz doqquz manat, doxsan dörd qəpik) manat məbləğində zərər vurulması müəyyən edilmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsi bazar dəyəri təxminən 50% azalmışdır. Belə ki, bazarda olan analoji nəqliyyat vasitələrinin orta satış qiməti 16000 (on altı min) manatdır. Lakin cavabdehin etinasız, laqeyid, səhlənkar və səliqəsiz şəkildə istismar etməsi nəticəsində nəqliyyat vasitəsinin bazar dəyəri 8000 (səkkiz min) manat məbləğində azalmışdır. Beləliklə də nəqliyyat vasitəsinin öz dəyərini itirməsi nəticəsində cəmiyyətə 8000 (səkkiz min) manat məbləğində zərər dəymişdir. Bundan başqa nəqliyyat vasitəsinin dəyərini ödəməməsinə və Cəlilabad rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq cavabdeh 4 (dörd) il müddətində qeyd edilən nəqliyyat vasitəsini qanunsuz olaraq özündə saxlayaraq istismar etmişdir. Bununla da cavabdeh iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Analoji nəqliyyat vasitəsi üçün bir aylıq kirayə haqqının məbləği 2021-ci ildə 1000 (bir min) manat, 2022-ci ildə 900 (doqquz yüz) manat, 2023-cü ildə 800 (səkkiz yüz) manat və 2024-cü ildə 800 (səkkiz yüz) manat olmuşdur. Beləliklə də nəqliyyat vasitəsini qanunsuz istifadə etdiyinə görə cavabdeh 2021-ci il üçün 12000 (on ikimin) manat, 2022-ci il üçün 10800 (on min səkkiz yüz) manat, 2023-cü il üçün 9600 (doqquz min altı yüz) və 2024-cü il üçün 9600 (doqquz min altı yüz) manat məbləğində olmaqla ümumilikdə, cəmiyyətə 42000 (qırx iki min) manat məbləğində əldən çıxmış fayda kimi zərər vurmuşdur. Həmçinin qeyd edilən nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyi və istifadəsində olduğu müddət ərizində cavabdeh həmin nəqliyyat vasitəsi ilə dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Buna görə də dövlət yol polisi tərəfindən cavabdeh barəsində çoxlu sayda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin cavabdeh həmin cərimələri ödəməmişdir. Buna görə hətta cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququndan da məhrum edilmişdir. İnzibati cərimələr və həmin cərimələrin vaxtında ödənilmədiyinə görə hesablanmış faizlərlə birlikdə cavabdehin həmin nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmasına görə ümumilikdə 1058 (bir min əlli səkkiz) manat məbləğində cərimə və faiz borcu yaranmışdır. Lakin cavabdeh həmin cərimələri ödəmədiyi üçün iddiaçı məcbur qalaraq həmin cərimə və cərimə məbləğinə hesablanmış faizləri ödəmişdir. Cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulmuş və cəmiyyətə böyük miqdarda zərər dəymişdir. Buna görə də İddiaçı MMC pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cəlilabad rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-566/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli, K-190A-PCC-16 saylı avtomobilin satışı üzrə müqaviləyə xitam verilmiş və Cavabdeh Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. - Qüsur aktlarından görünür ki, Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri üçün ümumilikdə 6509,94 (altı min beş yüz doqquz manat doxsan dörd qəpik) manat xərclənmişdir. - Cəlilabad Rayon məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 8(073)-241/2023 saylı qərardadından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2016-cı il tarixli K-190A-PCC-16 saylı alqı-satqı müqaviləsi ilə lizinqə verilmiş Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avqomobilin üzərinə həbs qoyulmuşdur. - Cəlilabad İcra və Probasiya şöbəsinin “Borclunun axtarılması haqqında” 07 oktyabr 2024-cü il tarixli və 30 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. - Cəlilabad İcra və Probasiya şöbəsinin “Borclunun əmlakının axtarılması haqqında” 30 oktyabr 2024-cü il tarixli və 05 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Cavabdeh mülkiyyətində olan Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avqomobilin axtarılıb tapılmasından ötrü respublika üzrə axtarış elan edilmişdir. - Cəlilabad Rayon məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 8(073)-355/2024 saylı qərardadından görünür ki, Cavabdeh ölkədən getmək hüququ Cəlilabad Rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-566/2022 saylı icra sənədi üzrə borunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmışdır. - Cəlilabad Rayon məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 3(073)-1087/2024 saylı qərarından görünür ki, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 18 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Cavabdeh barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - Ödəniş qəbzlərindən görünür ki, EQ 16686337 saylı protokola əsasən 9 manat, EQ 16686336 saylı protokola əsasən 9 manat, EQ 16686339 saylı protokola əsasən 9 manat, EQ ******* saylı protokola əsasən 9 manat, EQ 17573191 saylı protokola əsasən 9 manat, EQ 22398973 saylı protokola əsasən 16 manat, EQ 24566074 saylı protokola əsasən 54.5 manat, EQ 16686315 saylı protokola əsasən 480 manat, EQ ******* saylı protokola əsasən 80 manat, EQ 16686328 saylı protokola əsasən 9 manat, EQ 16686320 saylı protokola əsasən 45 manat, EQ 16686329 saylı protokola əsasən 45 manat, EQ 16686334 saylı protokola əsasən 9 manat, EQ 16686333 saylı protokola əsasən 9 manat, EQ 16686335 saylı protokola əsasən 9 manat, EQ ******* saylı protokola əsasən 16 manat, EQ ******* saylı protokola əsasən 16 manat, EQ 10535881 saylı protokola əsasən 64 manat, EQ 16049891 saylı protokola əsasən 80 manat, EQ 12191835 saylı protokola əsasən 16 manat, EQ 12111080 saylı protokola əsasən 16 manat, EQ 16049892 saylı protokola əsasən 16 manat, EQ 12486270 saylı protokola əsasən 16 manat, EQ ********* saylı protokola əsasən 16 manat ödənilmişdir. - Qiymətləndirmə və Consulting Mərkəzinin avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Chevrolet Cruze minik markalı **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobilin 09 yanvar 2025-ci il tarixə bazar dəyəri 8000 (səkkiz) min manat təşkil edir. -Qiymətləndirmə və Consulting Mərkəzinin avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Chevrolet Cruze minik markalı **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobilin 2017-ci il üçün 1 aylıq icarə haqqı 1100 manat, 2018-ci il üçün 1100 manat, 2019-cu il üçün 1100 manat, 2020-ci il üçün 1000 manat, 2021-ci il üçün 1000 manat, 2022-ci il üçün 900 manat, 2023-cü il üçün 800 manat və 2024-cü il üçün 800 manat təşkil etmişdir. -Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə 9 saylı Vəkil Bürosunun hesabına 320 manat ödənilmişdir. - Ödəniş qəbzindən görünürki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 263 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 18 noyabr 2016-cı il tarixli K-190A- PCC-16 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən Cevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 40021,52 (qırx min iyirmi bir manat əlli iki qəpik) manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 5648 (beş min altı yüz qırx səkkiz) manat məbləğində hissəni ilkin ödəniş kimi icra etmişdir. Qalan 34373 (otuz dörd min üç yüz yetmiş üç) manat məbləğində pulun hissə-hissə olmaqla 48 (qırx səkkiz) ay müddətinə ödənilməsi haqqında tərəflər arasında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi, eyni zamanda nəqliyyat vasitəsini özündə saxlayaraq geri qaytarmadığı üçün Cəlilabad rayon məhkəməsinin 2(073)-566/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən 18 noyabr 2016-cı il tarixli K-190A-PCC-16 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və Chevrolet Cruze minik markalı 90-PC818 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh nəqliyyat vasitəsini geri qaytarmadığı üçün həm cavabdeh, həm də nəqliyyat vasitəsi axtarışa verilmişdir. Cəlilabad rayon məhkəməsinin 2(073)-566/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinin icrası təmin edilərək Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi cavabdehdən alınaraq İddiaçı MMC-yə verilmişdir. İddiaçı MMC ona dəyən zərərlə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nəqliyyat vasitəsini qanunsuz olaraq özündə saxlaması və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması və ona maddi zərərin vurulması iş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-566/2022 saylı qətnaməsi, Cəlilabad Rayon məhkəməsinin nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə 12 sentyabr 2023-cü il tarixli, 8(073)-241/2023 saylı qərardadı, Cəlilabad İcra və Probasiya şöbəsinin “Borclunun axtarılması haqqında” 07 oktyabr 2024-cü il tarixli və 30 oktyabr 2024-cü il tarixli qərarları; “Borclunun əmlakının axtarılması haqqında” 30 oktyabr 2024-cü il tarixli və 05 noyabr 2024-cü il tarixli qərarları və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə iddianın cavabdeh tərəfindən nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Bu hal iş materiallarında olan Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin təmir xərclərinə iddiaçı tərəfindən ümumilikdə 6508.94 manat pul xərclənməsi ilə bağlı qüsur aktları ilə təsdiq olunur. Məhkəmə iddianın Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin dəyərini itirməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır. Bu iş materiallarında olan Qiymətləndirmə və Consulting Mərkəzinin nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatla təsdiq edilir. Məhkəmə iddianın əldən çıxmış fayda hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi pozulmuş və cavabdeh nəqliyyat vasitəsini qanunsuz olaraq özündə saxlamışdır. İş materiallarında olan Qiymətləndirmə və Consulting Mərkəzinin avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2017-ci il üçün 1 aylıq icarə haqqı 1100 manat, 2018-ci il üçün 1100 manat, 2019-cu il üçün 1100 manat, 2020-ci il üçün 1000 manat, 2021-ci il üçün 1000 manat, 2022-ci il üçün 900 manat, 2023-cü il üçün 800 manat və 2024-cü il üçün 800 manat təşkil etmişdir. Göründüyü kimi həmin müddət ərzində avtomobilin cavabdehdə olması iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Odur ki, iddia həmin hissədə də əsaslıdır. Bundan başqa, cavabdeh Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif vaxtlarda inzibati xətalar törətmiş, ümumilikdə 1058.5 manat olan həmin inzibati xətalar üzrə cərimələr isə iddiaçı tərəfindən ödənilmişdir. Bu iş materiallarında olan ödəniş qəbzləri ilə təsdiq edilir. Buna görə də iddianın inzibati xətanın törədilməsinə görə ödənilmiş 1058 manat pul ilə bağlı hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə vurduğu zərərə görə 6509,94 (altı min beş yüz doqquz manat doxsan dörd qəpik) manat; həmin nəqliyyat vasitəsinin dəyərini itirməsi nəticəsində vurduğu zərərə görə 8000 (səkkiz min) manat; avtomobili qanunsuz olaraq özündə saxlayaraq istifadə etdiyinə görə əldən çıxmış fayda kimi 42000 (qırx iki min) manat; həmin nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş 1058 (bir min əlli səkkiz) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 263 manat dövlət rüsumu və 320 manat hüquqi xidmətlərə görə haqq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Chevrolet Cruze minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə vurduğu zərərə görə 6509,94 (altı min beş yüz doqquz manat doxsan dörd qəpik) manat; həmin nəqliyyat vasitəsinin dəyərini itirməsi nəticəsində vurduğu zərərə görə 8000 (səkkiz min) manat; avtomobili qanunsuz olaraq özündə saxlayaraq istifadə etdiyinə görə əldən çıxmış fayda kimi 42000 (qırx iki min) manat; həmin nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş 1058 (bir min əlli səkkiz) manat; ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 263 (iki yüz altmış üç) manat və hüquqi yardımın göstərilməsinə görə 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 58150.94 (əlli səkkiz min yüz əlli manat doxsan dörd qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-754/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(073)-754/2025
30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver