Məhkəmə qərarları › İş №e-2(074)-556/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-556/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-556/2025 13.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərin əvəzinin ödənilməsi məqsədilə, təmir işlərinin dəyəri olan 1950 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırda etibarnamə əsasında idarə etdiyi **-SL-*** dövlət qeydiyyat nişanlı “Kia Picanto minik” markalı avtomobili təmir etdirmək üçün, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən təmirxanaya aparmışdır. Cavabdeh adlı usta ilə olan danışıqlarına əsasən, həmin şəxsə 400 manat əmək haqqı, ehtiyyat hissələrinin alışı üçün 1000 manat, digər ehtiyyat hissələrinin təmir olunaraq, maşına yerləşdirilməsi, yəni tokar xidməti üçün 400 manat olmaqla, ümumilikdə 1800 manat pul ödənişi etmişdir. xx.xx.2024-cü il tarixdə 385 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 30 manat, xx.xx.2025ci il tarixdə 160 manat ödənişləri kart hesabı ilə cavabdehin ******0983 nömrəli və *****3152 nömrəli kart hesabına göndərmişdir. Digər ödənişlər işə nağd olaraq verilmişdir. Qeyd olunan tarixdən bir neçə həftə sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh maşının hazır olduğunu deyərək, maşının sürülməsinə zəmanət vermiş və maşını gəlib götürə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixində maşını ustadan götürüb evə gətirdiyi gündən 2 gün sonra, gecə saatlarında maşın yolda sürdüyü yerdə xarab olaraq, işə düşməmiş və maşının hər yerindən tüstülər çıxmağa başlamışdır. Nəticədə gecə saatlarında yolda qaldığı üçün, tıxac və təhlükəli şərait yaranmışdır. Həmçinin, çəkdiyi xərclərə rəğmən, düşdüyü vəziyyətə görə əsəb və stress keçirmişdir. Həmin gün usta ilə olan danışıqlarında usta maşına cavabdeh olduğunu qeyd edərək, maşını gətirməyini bildirdikdən sonra, səhəri gün 50 manat evakuator xidmətinə ödəniş edərək, maşını ustanın yanına göndərmiş və həmin gün usta maşındakı problemin həll olduğunu qeyd etmiş və artıq belə bir problemin yaşanmayacağına zəmanət vermişdir. xx.xx.2024-cü il tarixində yenidən maşını evə gətirib sürdükdə, saat 21 radələrində maşın yenə yolda dayanmış və tüstülər çıxmağa başlamışdır. Ustaya yenə eyni şey olduğunu dedikdə, yenə həll edəcəyini deyib, evakuatorla göndərməyi istəmişdir. O, xx.xx.2024-cü il tarixində yenidən evakuator xidmətinə 50 manat ödəniş edərək, maşını həmin ustanın yanına aparmış və bu dəfə usta maşında başqa bir şeyin xarab olduğunu qeyd edərək, ondan 160 manat pul tələb etmişdir. O, həmin pulu da ustaya göndərərək, bu dəfə maşında belə bir problem olarsa, müvafiq qurumlara müraciət edəcəyini bildirmişdir. Usta bunun mümkün olmayacağına qarantiya verərək, həmin ödənişi etməyə də əmin etmişdir. Daha sonra maşını evə gətirdikdən bir həftə ərzində bir problem görünməsə də (həmin tarixdə maşın cəmi 25-30 km istifadə olunmuşdur), bir müddət sonra artıq 3-cü dəfə eyni hal təkrarlanmış və maşın yolda qalaraq, tüstülər çıxmağa başlamışdır. O, üçüncü dəfə evakuator xidmətinə 50 manat ödəyərək, maşını ustanın yanına göndərmişdir. O, ustaya ya bu maşını birdəfəlik təmir etməsini, ya da, bu halda onu polis və ya digər aidiyyatı qurumlara şikayət edəcəyini bildirdikdə isə, cavabdeh heç bir şikayəti vecinə almadığını bildirərək, maşının təmiri üçün əlavə pul tələb etmişdir. Maşını ustaya apardıqda, maşın işlək vəziyyətdə olmuş, maşının mühərrikində kiçik bir problem olmuşdur. Lakin, Cavabdeh maşının mühərrikini açıb yığmasından sonra, maşın əvvəlkindən qat-qat pis vəziyyətə düşmüş və maşını idarə etmək mümkün olmamışdır. Hal-hazırda əlində olan bütün pulu Cavabdeh verdiyi üçün, maşını işlək olmayan bir vəziyyətdədir və bu da onun gündəlik işə gedib-gəlməyi də problemlər yaradır. Təmir xidmətlərinin keyfiyyətsizliyi və maşının mütəmadi olaraq xarab olması səbəbindən, psixoloji vəziyyəti ciddi şəkildə pozulmuşdur. Yolda qalmaq, təhlükəli şəraitlə üzləşmək və təmir işlərinin ardıcıl uğursuzluqları səbəbindən, psixoloji təzyiq və stressə məruz qalmışdır. Bu vəziyyət həyatını və gündəlik fəaliyyətini böyük dərəcədə pozmuş, onun emosional və fiziki vəziyyətinə mənfi təsir göstərmişdir. Cavabdehə üzərinə götürdüyü öhdəliklərinin düzgün icra edilməsi barədə dəfələrlə xəbərdarlıq etməsinə, eyni zamanda, xx.xx.2024-cü il tarixində ona pretenziya məktubu ünvanlamasına baxmayaraq, bu da heç bir nəticə verməmişdir. Nəticədə o, pozulan hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, ilk öncə cavabdeh ilə göstərdiyi xidmətə görə 400 manata razılaşıb, həmin şəxsə ödəmiş, daha sonra, 385 manat tokar xidmətinə görə cavabdehə ödəmiş, ehtiyyat hissələrinin alınması üçün, nağd şəkildə 1000 manat pulu cavabdehə vermiş, sonunda isə əlavə olaraq ehtiyyat hissəsinin dəyişdirilməsi üçün 160 manat pulu cavabdehə ödəmiş, toplam olaraq cavabdehə 1945 manat pul ödəmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən olundu ki, iddiaçı idarə etdiyi avtomobili təmir etməyi cavabdehə tapşırmış və bu məqsədlə həmin şəxsə ayrı-ayrı vaxtlarda ümumilikdə 1945 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin, 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında iddiaçıya müvafiq xidmətlərin qüsursuz və vicdanlı göstərilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh tapşırıq müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin xidmətləri qüsursuz göstərməsinə dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 200 manat pulun tutulması məqsədəuyğundur. Məhkəmə həmin məbləği ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərin əvəzi olaraq 1945 manat, mənəvi zərərə görə 200 manat olmaqla, ümumilkdə 2145 manat məbləğində pul və ödənilmiş 41,45 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Dəymiş maddi zərərin əvəzi olaraq 1945 manat, mənəvi zərərə görə 200 manat olmaqla, ümumilkdə 2145 manat məbləğində pul və ödənilmiş 41,45 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar