Məhkəmə qərarları › İş №e-2(075)-1011/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1011/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1011/2025 29.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi, Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X7nun 2000-ci ildə Şəki rayonu, Çayqaraqoyunlu kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X12 ilə 29 oktyabr 1987-ci ildə Şəki rayonunun Orconikidze qəsəbə sovetliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 06 yanvar 1992-ci ildə övladları-X14 anadan olmuşdur. X7 8 yaşı olanda yəni 2000-ci ildə xəstələnərək vəfat etmiş və kəndlərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmin vaxt başları qarışıq olduğundan mərhum oğulunun ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. Oğlunun ölüm haqqında şəhadətnaməsinin olmaması müxtəlif sənədləşmə işlərində onlara çətinliklər yaratmışdır. Buna görə də o, X7nun ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən oğluna ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, X12 ilə 29 oktyabr 1987-ci ildə Şəki rayonunun Orconikidze qəsəbə sovetliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 9 sentyabr 1988-ci ildə X22, 8 aprel 1990-cı ildə X15, 9 dekabr 1991-ci ildə X14, 12 fevral 1994-cü ildə X13, 9 iyul 1995-ci ildə X16 anadan olmuşdur. X7 8-9 yaşı olanda yəni 2000-ci ildə xəstələnərək vəfat etmiş və kəndlərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmin vaxt oğulunun ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. Birgə nikahdan beş uşaqlarının dünyaya gəlməsi, həmin uşaqlardan birinin, yəni X9 ölüm və ya doğum haqqında şəhadətnaməsinin olmaması həyat yoldaşının beş uşaqlı ana kimi pensiyə çıxmasında onlara çətinliklər yaratmışdır. Şəhadətnamənin vürilməsi üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsələr də şöbə tərəfindən oğluna ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Ərizəçi 2000-ci ildə vəfat etmiş oğlu-X9 ölümü haqqında arayış verilməsi barədə” müraciətinə baxılmışdır. Ölüm haqqında akt qeydi kitabları 1997-2003-cü illər üzrə, bərpa akt qeydi kitabları üzrə isə xx.xx.2001-xx.xx.2025-ci illər üzrə yoxlanılmış, lakin X14 barəsində Şəki rayon Qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçi oğlunun ölümünü təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün Şəki Regional “ASAN xidmət“ mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində onun oğlunun ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd edilənlərə əsasən Ərizəçi oğluna oğlu-X9 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. O, Ərizəçi Şəki Rayon Məhkəməsində qaldırdığı ərizəyə baxılarkən qeyd edilənlərin nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə təmin edilərsə qeydiyyatın aparılıb şəhadətnamənin verilməsinin təmin ediləcəyini bildirmişdir. X2 izahatında bildirmişdir ki, o, Ərizəçi ilə 29 oktyabr 1987-ci ildə Şəki rayonunun Orconikidze qəsəbə sovetliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 5 övladları dünyaya gəlmişdir. 3-cü övladı 9 dekabr 1991-ci il təvəllüdlü oğlu-X9 nitqində, səhətində problemlər olmuş müayinə etdirmək üçün Mingəçevir Şəhər Xəstəxanasında aparmışlar. 8-9 yaşı olanda yəni 2000-ci ildə xəstələnərək vəfat etmiş və kəndlərində yerləşən qəbirstanlıqda uşağın bibisi Ballının qəbrinin yanında dəfn edilmişdir. Həmin vaxt əhəmiyyətin başa dümədikləri üçün oğulunun ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. Oğlunun yas mərasimi keçirilmiş, yaxın və qohumları evlərinə gələrək onlara baş sağlığı vermişlər. X4 izahatında bildirmişdir ki, o, Ərizəçi və onun həyat yoldaşı İnci Çələbiyeva ilə sinif yoldaşı, qonşu olmuşdur. Əvvəllər Şəki rayonu, Çayqaraqoyunlu kəndində yaşamış və sonralar Şəki rayonu, Turan qəsəbəsinə köçmüşdür. Həqiqətən Ərizəçi ilə X8 birgə nikahlarından dünyaya gəlmiş X14 2000-ci ildə xəstələnərək vəfat etmiş və Şəki rayonu, Çayqaraqoyunlu kəndində yerləşən kənd qəbirstanlıqda dəfn edilmişdir. Çoxları kimi o da, yas mərasimində iştirak etmişdir. Onların yaşadığı kənddə azyaşlılara baş daşı adi taxtadan qoyulduğu üçün X10 da baş daşı taxtadan qoyulmuşdur. X5 izahatında bildirmişdir ki, Ərizəçi xalası oğlu olmaqla onun qonşuluğunda yaşamışdır. Həqiqətən Ərizəçi ilə X8 birgə nikahlarından dünyaya gəlmiş X14 2000-ci ildə xəstələnərək vəfat etmiş və Şəki rayonu, Çayqaraqoyunlu kəndində yerləşən kənd qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi və həyat yoldaşının birgə nikahlarından 5 uşaqları olmuşdur. Yaxın qohumu kimi o da, dəfn və yas mərasimində iştirak etmişdir. X6 izahatında bildirmişdir ki, o, Ərizəçi dayısı olmaqla onunla bir kənddə yaşamışdır. Həqiqətən Ərizəçi ilə X8 birgə nikahlarından 5 uşaqları dünyaya gəlmiş, X14 isə onların 3cü övladları olmuşdur. Uşaq anadangəlmə xəstə olmuş, danışmaqda çətinliklər çəkmiş, zəif uşaq olmuşdur. X14 2000-ci ildə xəstələnərək vəfat etmiş və Şəki rayonu, Çayqaraqoyunlu kəndində yerləşən kənd qəbirstanlıqda dəfn edilmişdir. Yaxın qohumu kimi o da, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş; Şəki Regional “ASAN xidmət“ mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, İV-ЖГ № 346988 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X21 29 oktyabr 1987-ci ildə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 40 № ilə qeyd edilmişdir. Evləndikdən sonra ərə Çələbiyev, arvada Çələbiyeva soyadı verilmişdir. Şəki rayonu, Orconikidze qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1992ci il tarixli, 19 nömrəli akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X14 9 dekabr 1991-ci ildə Şəki rayonu, Çayqaraqoyunlu kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci ildə 19 № ilə qeyd edilmişdir. Atası qrafasında Ərizəçi, anası qrafasında X12 göstərilmişdir. Şəki Regional “ASAN xidmət “ mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 14 yanvar 2025-ci il tarixli, 3-16-5/8-69-Ç-3209/24 nömrəli arayışından görünür ki, ölüm haqqında akt qeydi kitabları 1997-2003-cü illər üzrə, bərpa akt qeydi kitabları üzrə isə xx.xx.2001-xx.xx.2025-ci illər üzrə yoxlanılmış, lakin X14 barəsində Şəki rayon Qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Şəki Regional “ASAN xidmət “ mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 19 fevral 2025-ci il tarixli, 3-16-5/8-15-335/25 nömrəli məktubundan görünür ki, Ərizəçi X7na ölümü haqqında arayışın verilməsi ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin X9 ölümü haqqında arayışın verilməsi mümkün olmadığı üçün vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 3 mart 2025-ci il tarixli, 18- 1-71/2-Ç-142-xx-xx/2025 saylı məktubundan görünür ki, X14 2000-ci ildə vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Azərbaycan SSR Şəki rayonu, Orconikidze qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş 6 may 1989-cu il tarixli, XİV-ЖГ 424914 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 9 sentyabr 1988-ci ildə Şəki rayonu, Çayqaraqoyunlu kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci ildə 145 № ilə qeyd edilmişdir. Atası qrafasında Ərizəçi, anası qrafasında X12 göstərilmişdir. Azərbaycan SSR Şəki rayonu, Orconikidze qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş 4 yanvar 1991-ci il tarixli, XİV-ЖГ 441595 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 8 aprel 1990-cı ildə Şəki rayonu, Çayqaraqoyunlu kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 1 № ilə qeyd edilmişdir. Atası qrafasında Ərizəçi, anası qrafasında X12 göstərilmişdir. Azərbaycan Respublikası Şəki rayonu, M.Əsədov adına qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 1994-cü il tarixli, XVİİİ-ЖГ 404236 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 12 fevral 1994-cü ildə Şəki rayonu, Çayqaraqoyunlu kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü ildə 75 № ilə qeyd edilmişdir. Atası qrafasında Ərizəçi, anası qrafasında X12 göstərilmişdir. Azərbaycan Respublikası Şəki rayonu, M.Əsədov adına qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş 6 mart 1996-cı il tarixli, XİX-ЖГ 423180 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 9 iyul 1995-ci ildə Şəki rayonu, Çayqaraqoyunlu kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1 avqust 1995-ci ildə 114 № ilə qeyd edilmişdir. Atası qrafasında Ərizəçi, anası qrafasında X12 göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Ərizəçi oğlu- X14 9 dekabr 1991-ci ildə Şəki rayonu, Çayraqaqoyunlu kəndində anadan olmuş, xəstəlikdən əziyyət çəkmiş və 2000-ci ildə Şəki rayonu, Çayraqaqoyunlu kəndində vəfat etmişdir. İşin yuxarıda qeyd edilən halları məhkəmə sorğusu ilə alınmış Şəki rayonu, Orconikidze qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 19 nömrəli akt qeydinin təsdiq edilmiş surəti, şahidlərin izahatları və digər sənədlərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona X9 ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi X7nun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, X7nun vəfat etməsi və ölüm haqqında şəhadətnaməsinin olmaması sənədləşmə işlərində onlara çətinliklər yaratmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 9 dekabr 1991-ci ildə Şəki rayonu, Çayraqaqoyunlu kəndində anadan olmuş X9 2000-ci ildə Şəki rayonu, Çayraqaqoyunlu kəndində ölməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 9 dekabr 1991-ci ildə Şəki rayonu, Çayraqaqoyunlu kəndində anadan olmuş X9 2000-ci ildə Şəki rayonu, Çayraqaqoyunlu kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar