Məhkəmə qərarları › İş №e-2(075)-1075/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1075/2024

19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1075/2024 19.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 780 (yeddi yüz səksən) manat əsas borc və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Oğuz rayon Padar kəndi ərazisində tikinti materiallarının satışı ilə məşğul olur. Müharibə veteranıdır. Şəki şəhərində qeydiyyatda olan, faktiki Oğuz şəhərində yaşayan Cavabdeh tanıyır. Təxminən 5 ay bundan əvvəl Cavabdeh mağazaya gələrək 780 (yeddi yüz səksən) manat dəyərində sement və dəmir künclük (uqolnik) almış, aldığı malların pulunu bir həftə ərzində ödəyəcəyini bildirmişdir. Nə söz verdiyi tarixdə, nə də sonrakı tarixlərdə Cavabdeh aldığı malların pulunu ödəmədiyindən ona dəfələrlə zəng edərək mağazaya olan borcunu ödəməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh satın aldığı inşaat materiallarının dəyəri olan 780 (yeddi yüz səksən) manat pulu ödəməkdən yayınmışdır. Cavabdehin bu hərəkəti nəticəsində onun hüquqları pozulmuşdur və o, hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi üçün vaxt və vəsait sərf etmək məcburiyyətində qalaraq maddi ziyan çəkmişdir. Hazırkı iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, Cavabdeh ondan 780 (yeddi yüz səksən) manat dəyərində malı nisyə satın almışdır və hazırda aldığı malın pulunu ödəməkdən imtina edir. Qeyd etdiyi hal onun hazırkı iddia tələbinin əsaslı olduğunu sübut etməyə kifayət edir. O, hüquqi yardım üçün vəkilə 220 (iki yüz iyirmi) manat pul ödəmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Oğuz rayon Polis Şöbəsinə Cavabdeh tərəfindən verilmiş izahatda qeyd edilmişdir ki, təxminən 7 ay öncə evdə təmir işləri aparan zaman Padar kəndində olan tikinti materialları satış mağazasından 780 manat dəyərində olan tikinti materialları almış və mağazanın sahibi İddiaçı qısa zamanda pulunu ödəyəcəyini bildirmişdir. Bir müddət keçsə də, İlkinin borcunu ödəyə bilməmiş, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. - xx.xx.2024-cü il tarixli, 10664 nömrəli qəbzin surətindən görünür ki,İddiaçı tərəfindən Nümayəndə hüquqi xidmət haqqı olaraq 220 manat pul ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı mağazasında fəhlə kimi çalışır. Coşğunun özü mağazaya gəlməmişdi, malları götürmək üçün maşın yollamışdı. Maşına 1 ton sement, 20-25 ədəd 6 metrlik metal künclük yükləyiblər. Metal künclüyün 1 metrinin qiyməti 4.50 manat təşkil edir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o da həmçinin İddiaçı mağazasında fəhlə kimi çalışır. Coşğunun özün görməyib, malları götürmək üçün maşın gəlmişdi. Maşına sement və metal künclük yükləyiblər. - 008536 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı qarabğ müharibəsi veteranıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə pulunu sonradan ödəmək şərti ilə 1 ton sement və təxminən 23 ədəd metal künclük olmaqla, cəmi dəyəri 780 manat olan tikinti materialları satılmışdır. Cavabdeh tərəfindən Oğuz rayon Polis Şöbəsində verilmiş izahatla iddiaçıya 780 manat borcunun olması öz təsdiqini tapmışdır. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş 220 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilməli dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilən iddia tələbinin qiyməti 780 manat olduğundan MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 780 (yeddi yüz səksən) manat və vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar