Məhkəmə qərarları › İş №e-2(075)-1113/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1113/2023

31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1113/2023 31.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərə görə 57 000 manat, dövlət rüsumu kimi ödənilmiş 262 manat olmaqla, cəmi 57262 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, Vahid Mehdiyev küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 12 sentyabr 2018ci il tarixdə verilmiş **********71 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini 03 iyul 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Sözügedən torpaq sahəsi satılan zaman mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə bitişik 0,04 hektar zəbt torpaq sahəsi mövcud olmuş və həmin 0,04 hektar zəbt torpaq sahəsində isə 57 000 manatlıq ona məxsus tikinti materialları (armatur, borular, taxtalar, mişar daşı, qum, çay daşı) olmuşdur. Bununla bağlı şahidləri də vardır. Torpaq sahəsi satılan zaman cavabdehlə aralarında belə bir razılaşma olmuşdur ki, o, Rusiya Federasiyasına gedəcək, qayıtdıqdan sonra isə həmin tikinti materialları ilə 4 sot zəbt torpaq sahəsində tikinti işləri aparacaqdır. Belə razılaşdıqdan sonra zəbt torpaq sahəsinə və onun üzərindəki tikinti materiallarına nəzarət etməsini cavabdehə tapşırmışdır. 2022-ci ilin noyabr ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra cavabdehin yanına gedərək zəbt torpaq və ona məxsus tikinti materialları ilə maraqlanarkən məlum olmuşdur ki, cavabdeh həmin 4 sot zəbt torpaq sahəsini öz adına sənədləşdirmiş və ona məxsus tikinti materiallarını ondan icazə almamış istifadə edərək həmin tikinti materialları ilə özünə fərdi yaşayış evi inşa etdirmişdir. Göründüyü kimi cavabdeh öz qanunsuz, təqsirli hərəkətləri ilə onun hüquqlarını pozmuş və ona məxsus əmlakları mənimsəməklə ona zərər vurmuşdur. Dəfələrlə dəymiş ziyanın ona ödənilməsini tələb etməsinə baxmayaraq cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra 0,06 hektar torpaq sahəsinə mülkiyyətinə dair DƏDRX-nin Ərazi İdarəsi tərəfindən çıxarış almışdır. Qalan 0,04 hektar isə sənədsiz torpaq sahəsidir, həmin torpaq sahəsinin sənədi olmadığına görə iddiaçı ilə alqı-satqını rəsmiləşdirə bilməmişlər. Lakin iddiaçı ona bildirmişdir ki, nə vaxt özü həmin 0,04 hektar sahəyə sənəd düzəldə biləcəksə həmin ərazini də onun adına rəsmiləşdirəcəkdir. Torpaq sahəsini alan zaman 70000 manat məbləğ ödənildiyi halda ödənilməyib deyəcək qədər haqsızlıq edən bir şəxs üçün “57000 manatlıq tikinti materiallarım var idi, istifadə edildi” demək heç də çətin olmaz. İddiaçı daha əvvəlki iddiasında məhz alqı-satqı üzrə pul ödənilmədiyinə görə onun adına verilmiş çıxarışın ləğv edilməsi, alqı-satqının etibarsız hesab edilməsini tələb edirdi, lakin pulun ödənilməsi məhz X6 şöbəsi tərəfindən təsdiq edildikdən sonra hazırkı iddia ilə müraciət etmişdir. Hazırkı iddianın da heç bir hüquqi əsası yoxdur. İddiaçının bəhs etdiyi 0,06 hektar torpaq sahəsinə bitişik 0,04 hektar sahəsi onun tərəfindən zəbt edilməyib, həmin sahənin sənədləri olmadığına görə rəsmi alqı-satqının edilməsi mümkün olmamış, iddiaçı isə 0,06 hektar sahəsini rəsmiləşdirə biləcəyini, lakin ümumi 0,10 hektar sahəyə görə həmin dövr üçün həmin ərazidə torpağın bir sotunun dəyəri nə qədər hesablanmışdırsa ona uyğun məbləğin ödənilməsi təklif edilmiş və həmin vaxt 70000 manatı ümumi 0,10 hektar sahə üçün ödəmişdir. İddiaçı iddia edir ki, 57000 manatlıq tikinti materallarını guya həmin ərazidə saxlamışdır. O, torpaq sahəsini alan zaman orda köhnə bir daxma var idi, bundan başqa heç bir mal-material yox idi. Eyni zamanda mübahisəli 0,04 hektar sahə, onun rəsmiləşdirdiyi 0,06 hektar sahəyə giriş tərəfdir. Yəni iddiaçı həmin 0.04 hektar sahəni ona satmasaydı, 0,06 hektar sahəni də alamayacaqdı. Çünki həmin torpağı alan zaman da bəlli idi ki, 0,06 hektar sahədə tikiləcək evə giriş-çıxış ancaq həmin 0.04 hektar torpaq sahəsindəndir. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bilmirişdir ki, İddiaçı onun anasıdır. Cavabdehə satılmış torpaq onun ata yurdudur. Həmin torpaqda onların 57000 manat dəyərində tikinti materialları olmuşdur. Anası torpaq sahəsinin 6 sotunu cavabdehə satmış, qalan 4 sotu isə satmamışdır. Tikinti materialları da elə həmin satılmamış 4 sot torpaqda idi. Həmin materialların nə olduğunu dəqiq bilmir. Torpaq satılan ərəfədə o, Rusiya Federasiyasında yaşayırdı. İş materiallarına əlavə edilmiş 03 iyul 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, ona məxsus olan Şəki şəhəri, Vahid Mehdiyev küçəsində yerləşən 0,06 hektar torpaq sahəsini Cavabdeh satmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, Vahid Mehdiyev küçəsində yerləşən 0,06 hektar torpaq sahəsi DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 12 sentyabr 2018-ci il tarixdə verilmiş **********71 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini 03 iyul 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Torpaq sahəsi satılan zaman həmin torpağa bitişik 0,04 hektar zəbt torpaq sahəsi mövcud olmuşdur. İddiaçı satılan 0.06 hektar torpaq sahəsinə bitişik olan 0,04 hektar zəbt torpaq sahəsini əslində cavabdehə satmadığını, həmin zəbt torpağında ona məxsus 57000 manatlıq tikinti materialları olduğunu, həmin materialların cavabdeh tərəfindən mənimsənilərək istifadə edildiyini bildirərək cavabdehdən 57000 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 57000 manat məbləğində tikinti materiallarının mübahisəli torpaq sahəsində qaldığını, həmin materialların cavabdeh tərəfindən istifadə edildiyini qeyd etsə də, buna dair məhkəməyə əsaslı sübut təqdim edə bilməmişdir. Bunun əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüyə baxış keçirilən zaman torpaq sahəsinin təxminən mərkəzində köhnə tikilinin olduğu, torpaq sahəsinə giriş qapının sağ tərəfində isə kiçik yarım tikilinin olduğu, heç bir tikinti materiallarının olmadığı müəyyən olunur. Həmçinin məhkəmə qeyd edir ki, 57000 manatlıq tikinti materialları yetəri qədər iri qabaritli olmaqla böyük bir sahəni əhatə etməlidir. Təqdim edilmiş görüntülərdə isə torpaq sahəsinin hər hansı bir hissəsində bu cür materiallar müşahidə olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi xüsusatlar iş materialları və işin həqiqi hallqı ilə təkzib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı ona dəymiş maddi zərərə görə 57000 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 262 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X1 Cavabdeh qarşı ona dəymiş maddi zərərə görə 57000 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar