Məhkəmə qərarları › İş №e-2(075)-1504/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1504/2025

10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1504/2025 10.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilkdə 3100 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun) və 485 AZN, ödənilmiş dövlət rüsumu 93 AZN və mənəvi zərərə görə 1500 AZN tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şəxsi istifadəsi üçün ABŞ auksiyonundan (Range Rover) avtomobil almışdır. Bu avtomobili Cavabdeh adlı şəxs (AA 1772107,FİN xxxxxxx) vasitəsi ilə xx.xx.2024-cü il tarixdə auksiyondan almışdır. Avtomobili Cavabdeh ABŞ-dakı saytlardan tapmış və ona bildirmişdir ki, bu avtomobil idealdır və tam hərəktlidir. Avtomobilin qəza tarixçəsini yoxladığını və ona göstərdiyi şəkillərdə də avtomobilin normal vəziyyətdə olduğuna inandırmışdır. Ayaza dəfələrlə bildirmişdir ki, birdən avtomobildə problemlər çıxa bilər. Ayaz isə ona hər dəfə bildirmişdir ki, narahat olmayın, avtomobil ideal vəziyyətdədir. Həmin auksiyonda onun adından avtomobili Ayaz adlı şəxs oynamış və udmuşdur. Avtomobilin dəyəri olan 15550 ABŞ dollarını Ayaz tərəfindən ona verilən "xxxx" Şirkətinin Gürcüstan, Tbilisidə olan bank hesabına EXPRESSBANK vasitəsi ilə ödəmişdir. Həmin ödənişi xx.xx.2024-cü ildə həyata keçirmişdir. Avtomobilin alınması və Azərbaycan Respublikasına gətirilməsi üçün aralarında razılaşma əldə olunmuş və bunun müqabilində Ayaza 2800 ABŞ dolları nəğd şəkildə vermişdir. Ayaza vediyi 2800 ABŞ dollarını onun idarə etdiyi BMW markalı avtomobildə şəxsən vermişdir. 2025-ci ilin mart ayında avtomobilin izlənmə kodu ilə Batumi limanına gətirildiyini sistem üzərindən izləmişdir. Dəfələrlə cavabdehə avtomobilin gəldiyini bildirsə də o, hər dəfəsində müəyyən bəhanələr gətirərək avtomobilin gəlmədiyini bildirmişdir. Bu vəziyyətdən şübhələnərək öz şəxsi tanışları vasitəsi ilə məsələni aydınlaşdırmışdır. Ona bəlli olmuşdur ki, avtomobil 1 aydan artıqdır ki, Batumi ərazisindəki limanların birində cərimə meydançasında saxlanılır. "xxxx" Şirkətinin Gürcüstan, Tbilisidə olan ofisi ilə əlaqə saxlanılmış və məlum olmuşdur ki, cavabdehin ondan xidmət haqqı kimi aldığı (avtomobilin Bakıyadək gətirilməsinə aid bütün xərclər, açar təhvil) 2800 ABŞ dollarını mənimsəyib və "xxxx" Şirkətinin Gürcüstan, Tbilisidə olan ofisinin hesabına ödəməyib. Cavabdehlə dəfələrlə əlaqə saxlanılsa da hər dəfəsində müxtəlif bəhanələr gətirirdi. xx.xx.2025-ci il tarixində cavabdeh konkret olaraq bildirdi ki, ondan aldığı 2800 ABŞ dollarını qaytara bilməyəcək və avtomobilin gətirilməsində iştirak etməyəcək. Cavabdehin işlədiyi "xxxx" MMC-nin direktoru Nurlan adlı şəxslə əlaqə saxlamış və Yasamal rayonu ərazisində görüşmüşdür. Nurlanın bildirdiyinə görə Cavabdeh onunla yanaşı bir çox vətəndaşın pulunu alaraq verdiyi vədlərə əməl etməmişdir. Alınan pulları mənimsəmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətim əsasında Cavabdeh və "xxxx" MMC-nin direktoru Nurlan adlı şəxs saxlanılmışdır. Cavabdeh Polisdə verdiyi izahatda pulu şəxsi məqsədləri üçün xərclədiyini bildirmişdir. İzahatında ona olan borcunu qaytaracağını bildirmişdir. Bütün bunlar Polis tərəfindən aparılan iş üzrə materiallarda qeyd olunmuşdur. Avtomobilin Gürcüstan Respublikasında qaldığını nəzərə alaraq (tanışları vasitəsi ilə) orda yaşayan Azərbaycanlıların köməyi ilə avtomobilin Bakıya gətirilməsi üçün köməklik istəmişdir. Avtomobilin gətirilməsi üçün Gürcüstan vətəndaşına etibarnamə hazırladıb (gürcü dilində) Tbilisiyə göndərmişdir. Tbilisidə olan nümayəndə "xxxx" Şirkətinin Gürcüstan, Tbilisidə olan ofisində olmuş və müəyyən etmişdir ki, atomobilin Batuma gətrilməsi üçün müəyyən olunan nəqliyyat xərci 2000 ABŞ dolları ödənilməmişdir. Bu səbəbdən şirkət avtomobili saxlanca verib və saxlanc üçün gündəlik cərimələr hesablanıb. Gürcüstanda olan nümayəndə 2000 ABŞ dollarını həmin günün valyuta kursuna uyğun olaraq Gürcü larisi ilə ödəyib və qəbzi ona göndərib. Əlavə olaraq avtomobil üçün hesablanan cərimə məbləği 300 ABŞ dolları, avtomobilin Batumidən Marneuli şəhərinədək gətirilməsi üçün evakuator xərci kimi 250 ABŞ dolları, etibarnamə üzrə nümayəndənin Tbilisidən Batumiyə gedib-gəlmə, gecələmə, qidalanma və xidmət haqqı olaraq müəyyən etdiyi 250 ABŞ dolları onun Bakıda olan qohumuna xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Gürcü dilində hazırlanan etibarnaməyə 85 AZN ödəmişdir. Avtomobilin Marneuli şəhərindən Bakı şəhəri Gömrük terminalına gətirilmə xərci isə 300 ABŞ dolları təşkil edir. Avtomobilin Bakı Gömrük terminalında tələb olunan digər xərci isə 400 AZN təşkil edib. İddianın əvvəlində qeyd etdiyi kimi, cavabdehə razılaşma əsasında verdiyi 2800 ABŞ dolları xidmət haqqı əsasında avtomobil ona Bakı Gömrük terminalında açar təhvil (bütün xərclər daxil) verilməli idi. Lakin, cavabdeh ondan aldığı pulun müqabilində heç bir bir xidmət (auksiyonda maşının alınması istisna olmaqla) göstərməyib. xx.xx.2025-ci il tarixində Bakı Gömrük terminalında (meyvəli terminalı) avtomobili təhvil almış və bütün rəsmiləşmələri və xərcləri özü ödəmişdir. Avtomobil Ayaz tərəfindən tapılarkən və auksiyondan alındıqdan sonra cavabdeh ona bildirmişdir ki, avtomobili heç bir halda işlək vəziyyətdə konteynerə, gəmiyə və Bakıya gələnədək evakuatora yükləmirlər. Avtomobil yalnız avtokar vasitəsi ilə yüklənir və boşaldılır. Bu səbədən də avtomobili Bakı Gömrük terminalından birbaşa evakuator vasitəsi ilə Bakı şəhəri, Çobanzadə küçəsində yerləşən və əvvəllərdə onun digər avtomobilinə qulluq edən “Neptun” avtoservisinə gətirmişdir. Həmin serivisin peşəkar ustaları tərəfindən avtomobilə baxış keçirilmiş və işlək vəziyyətə gətirilməsi üçün xoda salınmaq istənilmişdir. Avtomobil tam passiv şəkildə heç bir komandaya cavab verməmişdir. Elektron sisteminə komputer vasitəsi ilə baxış keçirilmiş və məlum olmuşdur ki, avtomobilin matoru işlək deyil və ciddi problemi var. Cavabdehin ona tam işlək adı ilə aldığı avtomobilin nasaz çıxması onda əminlik yaratdı ki, cavabdeh bütün bunları əvvəldən bilib. Onun üçün əsas məsələ ona aldadaraq 2800 ABŞ dollarını almaq olub. Sonrakı problemlərin onu maraqlandırmayacağını özündə yəqinləşdirib. Avtomobilin bugünkü gün təmir xərci 10000 (on min) manatdan aşağı deyil. Avtomobilin matorunda yerləşən valın qırıq olması onun yenidən açılaraq yığılmasını və ya yeni matorla əvəz edilməsini tələb edir. Avtomobil üzrə ekspertlər də bilir ki, Range Rover markalı (2017-ci il buraxılışlı, 3 mator dizel, vogue) avtomobilin matorunun yenidən yığılması 10-12 min manat aralığındadır. Avtomobilin matoru servisdə ustalar tərəfindən sökülür və yenidən işlək vəziyyətə gətirilməsi ən azı 10 gün vaxt tələb olunur. Həmin servisin qüsur aktını da yekunda təqdim edəcəkdir. Avtomobilin matorunun yenidən yığılması üçün tələb olunacaq konkret məbləğ barədə təmir prosesi yekunlaşdıqdan sonra hazırki iddia tələbinə dəqiqləşmə verəcəkdir. Göründüyü kimi, cavabdehin təqsirli hərəkətləri nəticəsində həm maddi və həm də mənəvi olaraq zərər çəkmişdir. Maddi zərərin məbləğini ərizədə qeyd etdiyi kimi, 3100 ABŞ dolları və 400, avtomobilin matorunun yenidən yığılması xərci 10000 (on min) AZN təşkil edir. Mənəvi zərərin məbləği isə keçirdiyim stress və gərginliklə müqayisə olunmayacaq dərəcədədir. Lakin, qanunvericiliyin tələbinə əsasən iddiaçı dəymiş mənəvi zərərin məbləğini iddiada qeyd etməlidir. Bu səbəbdən mənəvi zərərin məbləğini 1500 AZN kimi qiymətləndirir. Vurulmuş maddi ziyan: 1. Avtomobilin ABŞ-dan Gürcüstan Batumiyə olan daşınma xərci 1995 ABŞ dolları (qəbzin surəti ilavə olunur). 2. Batumidə cərimə meydançasında saxlanılması (1 aydan artıq) 300 ABŞ dolları 3. Batumidən Marneuliyə qədər nəqliyyat xərci (evakuator) 250 ABŞ dolları 4. Marneulidən Bakı Gömrük terminalınadək nəqliyyat xərci 320 ABŞ dolları 5. Bakı Gömrük terminalına giriş pulu 400 AZN 6. Etibarnamə üzrə Gürcüstan vətəndaşının Tbilisidən Batumiyə gedib sənədləşmə işlərinin aparılması üçün xərci 250 ABŞ dolları 7. Etibarnamənin hazırlanması və Gürcü dilinə tərcümə edilməsi xərci 85 AZN. İddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilk iddia ərizəsində avtomobilin motorunun yığılmasına çəkilmiş xərclə bağlı əlavə məlumat verəcəyini bildirmişdir. Avtomobilin motoru yığılmış və ona işlək vəziyyətdə verilmişdir. Neptun Servisdən aldığı arayışı elektron Məhkəmə sistemi vasitəsi ilə şəxsi kabinetə yerləşdirmişdir. Əlavə olaraq ehtiyyat hissələrini aldığı mağazadan detalların adı, sayı və qiyməti ilə bağlı kassa çekini də kabinetə yerləşdirmişdir. Avtomobilin motoru üçün aldığı ehtiyat hissələri “AVTOBEST” mağazası 3000 AZN, Motorun valı 2300 AZN (yenisi) və usta pulu 2500, motor yağının iki dəfə dəyişdirilməsi 300 AZN təşkil etmişdir. Ümumilikdə cavabdehin təqsirli hərəktləri nəticəsində 8100 AZN əlavə maddi ziyana düşmüşdür. İddia ərizəsinə dəqiqləşmə verərək ilkin iddia ərizəsində tələb etdikləri ilə bərabər cavabdehdən əlavə olaraq (avtomobilin motorunun yenidən yığılması) 8100 AZN tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, verilən iddia ərizəsi ilə razı deyil. Belə ki, bu iddia ərizəsi ilə cavab verməli olan şəxs o deyil. O, "xxxx" MMC-də menecer vəzifəsində işləyir, həmin şirkətin direktoru X3r. İddiaçı ABŞ-dan avtomobil almaq üçün "xxxx" MMC-yə yaxınlaşmış, rəsmi qaydada vətəndaşla müqavilə bağlanmış və bundan sonra İddiaçı bəyəndiyi avtomobil açıq hərracdan alınmışdır. Avtomobilin saz vəziyyətdə olması yalnız hərrac vaxtı verilən məlumat əsasında əldə olunur. Yani avtomobilə dəyən zərər, hərrac xərcləri "xxxx" MMC tərəfindən ödənilməlidir. Yuxarda göstərilənləri nəzərə alaraq 2(075)-1504/2025 saylı mülki işə əsil cavabdeh olan "xxxx" MMC-nin cəlb edilməsi və onun cavabdeh olmağına xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı, elektron qaydada ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə yazılmış ərizədə qeyd edilmişdir ki, barəmdə aparılan araşdırma üzrə İddiaçı şikayəti üzrə 2800 dollar pulun ödənilməsinə şərait yaradasınız. - Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində verdiyi izahatdan göreünür ki, cavabdeh İddiaçı avtomobilin ölkəyə gətirilməsi üçün 2800 dollar pul aldığını, lakin həmin pulu Nurlan Əliyevə təqdim etdiyini bildirmişdir. - xx.xx.2025-ci il tarixli **********87 saylı qəbzə əsasən iddiaçı tərəfindən iddianın qaldırılması üçün 93 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli **********35 saylı qəbzdən görünür ki, hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialarından müəyyən edilir ki, İddiaçı cavabdeh Ayaz Abduranovla bağladığı şifahi razılaşmaya əsasən cavabdeh iddiaçının sifarişi əsasında X1 avtomobil gətirməyi, iddiaçı isə bunun müqabilində cavabdehə ödəniş etməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh avtomobilin alınmasını həyata keçirsə də həmin avtomobilin ölkəyə gətirilməsini həyata keçirməmişdir. İddia tələbi üç hissədən ibarətdir. Birinci hissə avtomobilin cavabdeh tərəfindən ölkəyə gətirilməməsi səbəbindən baş vermis gecikmə nəticəsində iddiaçının Gürcüstan Respublikasında avtomobilin dayanacaqda saxlanılması ilə əlaqədar olaraq ödədiyi pul, həmin avtomobilin Batumidən Bakıya gətirilməsi üçün çəkilən xərc, avtomobilin gətirilməsi ilə əlaqədar Gürcüstan Respublikası vətəndaşına etibarnamə verilməsi ilə üçün çəkilən xərc və Bakı Gömrük terminalına giriş pulundan ibarətdir. İkinci hissə avtomobil ölkəyə gətirildikdən sonar aşkar olunmuş nasazlıqlar səbəbindən təmiri üçün çəkilmiş xərclərdən, üçün hissə isə mənəvi ziyanın ödənilməsindən ibarətdir. İddiaçı tərəfindən cavabdehə avtomobilin ölkəyə gətirilməsi üçün 2800 ABŞ dollarının verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin pulu "xxxx" MMC-nin rəhbəri Nurlan Əliyevə verdiyini, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlandığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə, iddia tələbini cavabdehdən 2800 ABŞ dolları pulun tutulması hissəsində əsaslı hesab edir və həmin hissədə iddia tələbi təmin edilməlidir. İş materiallarından cavabdehin almış olduğu 2800 ABŞ dolları pulun nəqliyyat xərci olduğu müəyyən edilsə də, həmin məbləğə nələrin aid olması müəyyən edilməmişdir. Belə ki, iddiaçı iddia tələbində avtomobilin gətirilmə xərclərinə 1995 ABŞ dolları ABŞdan Batumiyə gətirilməsi üçün, 250 ABŞ dolları Batumidən Marneuliyə gətirilməsi üçün, 320 ABŞ dolları Marneulidən Bakı Gömrük terminalına gətirilməsi üçün müəyyən etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlər iddiaçıdan tutulan 2800 ABŞ dolları ilə əhatə olunur. İddia tələbinin avtomobilin gətirilməsi ilə bağlı 400 manat Bakı Gömrük Terminalına giriş puluna münasibətdə isə məhkəmə qeyd edir ki, həmin məbləğin tərəflər arasında olan razılaşma əsasında müəyyən edilmiş 2800 ABŞ dollarına daxil olub-olmaması müəyyən edilmir. Digər xərclərə münasibətdə (300 ABŞ dolları cərimə meydançasında saxlanma xərci, 250 ABŞ dolları Gürcüstan vətəndaşına verilən pul, 85 manat etibarnamə xərci) isə məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissələrdə əsaslığına dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin digər hissəsinə 8100 manat avtomoblin təmir edilməsinə çəkilən xərclərə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı, həmin xərclərin cavabdehə aid edilməli olması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin mənəvi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması işin mübahisəsiz halıdır. Çünki maddi zərərin ödənilməsi barədə iddia qismən təmin edilmişdir. Bundan başqa cavabdehin hərəkətlərinə görə iddiaçı məhkəmədə ona qarşı iddia irəli sürmək, bunun üçün məhkəmə xərcləri çəkmək, bununla bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və nəticədə iddiaçının həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Lakin məhkəmə hesab edir ki, bu hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi 300 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qisdmən təmin edildiyindən 70,60 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) ABŞ dolları (həmin günün məzənnəsinə uyğun), 300 (üç yüz) manat mənəvi zərərin əvəzi və 70,60 (yetmiş manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar