Məhkəmə qərarları › İş №e-2(075)-1667/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1667/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1667/2025 07.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş qızı - X1 xx.xx.1981-ci il tarixdə Şəki şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, ərizəçi Natiq Əhmədov ilə ailə qurmuş, xx.xx.1981-ci ildə Nurlana adlı uşaqları anadan olmuşdur. Həmin uşaq xx.xx.1981-ci ildə vəfat etmişdir. Uşağın ölümündən sonar çətin günlər keçirdiyindən ölüm şəhadətnaməsi almamışlar. Hazırda ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı ona şəhadətnamə verə bilmir. Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, əri vəfat etdikdən sonar onun vərəsələri sırasında qızı Nurlananın da adı sistemdə görünür. Buna görə də ölüm haqqında şəhadətnamə almalı olmuşdur. Uşaq pnevmoniya xəstəliyindən ölmüşdür. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır: “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 Ərizəçi ünvanlanmış məktubunda qeyd olunur ki, xx.xx.1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş X1 xx.xx.1981-ci il tarixdə Şəki şəhərində ölməsi barədə tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlama müddəti 25 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivindəm xx.xx.1981-ci il tarixdə vəfat etmiş X1 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Yaramallı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 37 nömrəli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.1981-ci il tarixdə vəfat etmiş, məhəllə qəbirstanlığında dəfn edilmiş, vəfat etmə tarixinə uyğun baş daşı qoyulmuşdur. Doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X1 atası X4, anası isə Ərizəçidır. Ölüm haqqında şəhadətnamədən bəlli olur ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən İlqar Əhməd oğlu bildirdi ki, ərizəçi onun qohumu, bibisinin gəlinidir. Ərizəçinin ilk övladı xx.xx.1981-ci ildə doğulmuşdur. Həmin ilin noyabr ayında xəstəlikdən vəfat etmişdir. Dəfnində də iştirak etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X3 bildirdi ki, Ərizəçi onun qohumudur. O, 1980-ci ildə Şəkiyə gəlin köçmüşdür. O və əri sonradan Bakıya ərinin təhsili ilə bağlı köçmüşlər. Onlar ərinin bibisinin nəticəsi olan ərizəçinin qızının ölməsini eşitmişlər. Əri dəfnə gəlib iştirak etmişdir. Əri də rəhmətə gedib, onun qəbri mərhum uşağın qəbri ilə yan-yanadır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X1 xx.xx.1981-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi, Ərizəçi X1 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qızı xx.xx.1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş X1 xx.xx.1981-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı xx.xx.1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş X1 xx.xx.1981-ci il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar