Məhkəmə qərarları › İş №e-2(075)-1808/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1808/2024

24.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1808/2024 24.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs İsmayıl qızına qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun birgə nikahından olan xx.xx.2011- ci il təvəllüdlü qızı Nümayəndə Aslan qızının onun himayəsində saxlanmasına (onun yanında qalmasının müəyyən edilməsinə dair) onunla, Maraqlı şəxs arasında bağlanmış, o cümlədən X1 tərəfindən təsdiq edilmiş barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs ilə uşağın himayədə saxlanılması tələbi üzrə aparılmış mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixli MŞŞ/MT-018/2023-02407 nömrəli barışıq sazişi bağlanmışdır. X1 tərəfindən təsdiq edilmiş barışıq sazişinə əsasən onunla Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından olan övladları – xx.xx.2011- ci il təvəllüdlü Nümayəndə Aslan qızının onun himayəsində saxlanmasına dair razılığa gəlinmişdir (barışıq sazişinin birinci şərti) . Eyni zamanda barışıq sazişinin ikinci şərtinə görə, ikinci tərəf Maraqlı şəxs övladı – xx.xx.2011-ci il təvəllüdlü Nümayəndə Aslan qızının birinci tərəfin - yəni Ərizəçi himayəsində saxlanılmasına etiraz etməyəcəyinə dair öhdəlik götürmüşdür. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, qardaşının övladı, xx.xx.2011-ci il təvəllüdlü Nümayəndə Aslan qızı hal-hazırda onların himayəsindədir. Lakin Maraqlı şəxs onlardan aliment tələb edir. İcra məmuru isə onlara belə bir iddia qaldırmağı məsləhət görmüşdür. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli MŞŞ/MT- 018/2023-02407 nömrəli barışıq sazişindən görünür ki, barışıq sazişinin 1.1 bəndinə əsasən övladları xx.xx.2011-ci il təvəllüdlü Nümayəndə Aslan qızının “Birinci tərəfin” himayəsində saxlanılması barədə “İkinci tərəf”lə razılığa gəlinmiş və 2.1 bəndinə əsasən “ikinci tərəf” övladları xx.xx.2011-ci il təvəllüdlü Nümayəndə Aslan qızının “Birinci tərəf”in himayəsində saxlanılmasına etiraz etməyəcəyinə dair öhdəlik götürmüş və buna hər iki tərəf razı olmuşlar. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur. 26.6. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilən qanunvericilik normalarından da göründüyü kimi uşağın himayədə saxlanılması ilə bağlı xx.xx.2023-cü il tarixli MŞŞ/MT-018/2023-02407 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1.1 bəndinə əsasən övladları xx.xx.2011-ci il təvəllüdlü Nümayəndə Aslan qızının “Birinci tərəfin” himayəsində saxlanılması barədə “İkinci tərəf”lə razılığa gəlinmiş və 2.1 bəndinə əsasən “ikinci tərəf” övladları xx.xx.2011-ci il təvəllüdlü Nümayəndə Aslan qızının “Birinci tərəf”in himayəsində saxlanılmasına etiraz etməyəcəyinə dair öhdəlik götürmüş və buna hər iki tərəf razı olmuşlar. Maraqlı şəxs sazişin qeyd edilən bəndlərinin şərtlərinə riayət etmiş və onları icra etməkdən boyun qaçırmamışdır. Hal-hazırda tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü Nümayəndə Aslan qızı ərizəçi (atası) Ərizəçi himayəsindədir. Qanunvericiliyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduğu halda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırda isə belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Buna görə də barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə zərurət qalmamışdır. Göstərilənlərə əsasən Ərizəçi Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT-018/2023-02407 nömrəli barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT-018/2023- 02407 nömrəli barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar