Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1883/2025 09.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs X2) ərizə ilə məhkəməyə müraciət edərək, X2 ilə arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞŞ/MT-018/2024-00686 saylı barışıq sazişinin 2.3-cü bəndinin X2 tərəfindən icra edilməli hissəsinin, 2.4 və 2.5-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi ilə maraqlı şəxs nikahlarını xx.xx.2018-ci il tarixdə Şəki şəhər İHB-nın X10 İƏD üzrə nümayəndəliyində rəsmiləşdirməklə, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Nihat və xx.xx.2020-ci il tarixdə Cəsur adlı övladları olmuşdur. Cavabdehlə ailə qurduğu ilk dövrlərdə münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün pozulmuşdur. Ailələrinin dağılmaması üçün xeyli cəhdlər etsə də, pozulan münasibətləri bərpa edə bilməmişdir. Artıq cavabdehlə birgə yaşamaqları ailə münasibətlərinin bərpası və barışmaları mümkün olmadığından nikahlarının da rəsmi cəhətdən pozulması qənaətinə gəlmişdir. Qanunvericiliyin tələblərinə əməl edərək ilk növbədə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində nikahın pozulmasına, uşağın birinin onun digərinin anasının yanında qalmasına, aliment tələbi olmamağına, tərəflərin uşaqlarla görüş vaxtının müəyyən edilməsinə dair hər ikisi razılıq vermiş və barışıq sazişi imzalanmış, nikahın pozulması hissəsində isə mediasiya prosesinə xitam verilmişdir. Aralarında olan nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(075)-1496/2024 saylı qətnaməsi ilə pozulmuş və alimentə dair barışıq sazişinin olması nəzərə alınmışdır. Lakin maraqlı şəxs S.Yusubova barışıq sazişinin şərtlərini pozaraq uşağın onunla görüşünə maneə yaradır. Onun barışıq sazişində razılaşdığı ünsiyyətlə bağlı hüququnu pozmur və üzərinə düşən öhdəliyi icra edir. Dəfələrlə şifahi xatırlatma edərək barışıq sazişinin tələblərini pozmamağa dəvət etsə də o, öz qanunsuz hərəkətlərinə davam edir. Bununla da o, barışıq sazişinin tələblərini pozur və könüllü icrasından imtina edir. Hətta onunla ünsiyyətdə olan xx.xx.2018-ci il təvəllüdlü X4 qaytarmaq vəzifəsi daşıdığı halda bunu da etmir. Uşağın təkidindən sonra bir təhər götürə bilir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - 06 may 2024-cü il tarixli MŞŞ/MT-018/2024-00686 nömrəli barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, 13 dekabr 2020-ci il təvəllüdlü X3 isə atası Ərizəçi ilə həftədə 1 (bir) dəfə olmaq şərti ilə, şənbə günü saat 11:00-dan, bazar günü saat 17:00-dək görüşməsinə və ünsiyyətdə olmasına həmçinin buna şərait yaradılmasına hər iki valideyn Ərizəçi və X2 müvafiq öhdəliklət götürür və razıdırlar. - Həmin sazişin 2.4-cü bəndindən görünür ki, Ərizəçi, 13 dekabr 2020-ci il təvəllüdlü X5 ilə həftədə 1(bir) dəfə olmaq şərti ilə, şənbə günü saat 11:00-dan, bazar günü saat 17:00-dək görüşməsinə və ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağı həmin gün saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda anası X1 qaytarıb təhvil verməyi öz öhdəsinə götürür və bu şərtlərlə hər iki valideyn Ərizəçi və X2 razıdırlar. - Həmin sazişin 2.5-ci bəndindən görünür ki, X2, 13 iyul 2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə vəya bazar günləri həftədə 1 (bir) dəfə olmaq şərti ilə, saat 11:00-dan saat 17:00-dək görüşməsinə və ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağı həmin gün saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda atası Ərizəçi qaytarıb təhvil verməyi öz öhdəsinə götürür və bu şərtlərlə hər iki valideyn Ərizəçi və X2 razıdırlar. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat miqdarında müəyyən edilir. Göründüyü kimi, barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissəsi maraqlı şəxs X2 tərəfindən barışıq sazişində müəyyən edilmiş müddətdə uşaqla ünsiyyət tələbinə dair razılaşdırılmış şərtlər icra edilməmişdir. Belə ki, tərəflər arasında mübahisələndirilməyən haldır ki, tərəflər öz aralarında birgə nikahlarından dünyaya gəlmiş övladları ilə görüşmələri və ünsiyyətdə olmaları barədə razılaşmışlar. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Barışıq sazişinin təsdiq edilməsi uşaqların üstün mənafeyini təmin etmək məqsədi daşıyır. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.3, 2.4 və 2.5-ci bəndinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X2 arasında bağlanmış 06 may 2024-cü il tarixli MŞŞ/MT- 018/2024-00686 nömrəli barışıq sazişinin aşağıdakı bəndləri məcburi icra üçün təsdiq edilsin. “2.3. 13 dekabr 2020-ci il təvəllüdlü X3 isə atası Ərizəçi ilə həftədə 1 (bir) dəfə olmaq şərti ilə, şənbə günü saat 11:00-dan, bazar günü saat 17:00-dək görüşməsinə və ünsiyyətdə olmasına həmçinin buna şərait yaradılmasına hər iki valideyn Ərizəçi və X2 müvafiq öhdəliklət götürür və razıdırlar. 2.4. Ərizəçi, 13 dekabr 2020-ci il təvəllüdlü X5 ilə həftədə 1(bir) dəfə olmaq şərti ilə, şənbə günü saat 11:00-dan, bazar günü saat 17:00-dək görüşməsinə və ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağı həmin gün saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda anası X1 qaytarıb təhvil verməyi öz öhdəsinə götürür və bu şərtlərlə hər iki valideyn Ərizəçi və X2 razıdırlar. 2.5. X2, 13 iyul 2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə vəya bazar günləri həftədə 1 (bir) dəfə olmaq şərti ilə, saat 11:00-dan saat 17:00-dək görüşməsinə və ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağı həmin gün saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda atası Ərizəçi qaytarıb təhvil verməyi öz öhdəsinə götürür və bu şərtlərlə hər iki valideyn Ərizəçi və X2 razıdırlar.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-1883/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1883/2025
09.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver