Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1923/2025 29.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nın 1986-cı ildə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi ərizənin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək xx.xx.1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş ərizəçinin X1nın 1986-cı ildə Şəki şəhərində vəfat etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, ərizəçinin X2 X3 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 18 fevral 1986-cı il tarixdə X8 adlı qızları anadan olmuşdur. X1 6 aylıq olanda, yəni 1986-cı il tarixdə xəstələnərək vəfat etmiş və Şəki şəhərində yerləşən “Çöl-yolu” adlanan qəbirstanlıqda dəfn edilmişdir. Mərhum bacısı uşaq vaxtı vəfat etdiyindən valideynləri mərhum bacısının ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. X2 ilə X3 boşanmışlar və uzun müdətdir ki, ayrı yaşayırdılar. X3 29 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. Mərhum anasından fərdi yaşayış evi miras olaraq qalmışdır. O, mirası qəbul etmək üçün notariat orqanına müraciət etdikdə bildirdilər ki, mərhum X1nın ölüm faktı qeydə alınmadığından anasının vərəsəliyini qəbul edə bilmir. O, X1nın ölümünün qeydə alınması ilə bağlı Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, bundan imtina edilmişdir Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şəki regional “ASAN xidmət” X10 məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə və şahid ifadələrinə istinad edir: Doğum haqqında akt qeydindən məlum olur ki, X8 xx.xx.1986-cı ildə Şəki şəhərində anadan olmuş, anası X9, X2dur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə şəhərində anadan olmuş, anası X9, X2dur. Şəki rayon Mərkəzi xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, X4 ölüm aktının alınması üçün müraciət edilmiş, bunun mümkün olmaması bildirilmişdir. Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 ölüm qeydi aşkarlanmamışdır, Şəki rayon qeydiyyat şöbəsində tibb müəssisəsinin müvafiq sənədi təqdim edilmədiyinə görə onun ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 ilə X9 arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx.xx.1990-cı il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra qadına Əhmədova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamədən aydın olur ki, X12 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəlik işinin açılmasına dair Ərizəçi ərizə ilə müraciət etmişdir. Vərəsəliyə dair arayışdan görünür ki, X5 vərəsələrinə Ərizəçi, X14, X8 aid edilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X11 bildirdi ki, ərizəçi onun oğludur. Mərhum isə qızıdır. 1986-cı ildə əkiz uşaqları doğulub, Elşən və Gülşən adları vardır. Gülşən elə körpə ikən 1986-cı ildə təxminən 6 aylıq olardı, vəfat edib, Elşən isə 25 yaşında vəfat etmişdir. Əkiz uşaq olduğuna görə zəif idi, ona görə ölmüşdür. Mərhum Şəki şəhərində dəfn edilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X13 bildirdi ki, ərizəçinin bibisidir. Qardaşının 1986-cı ildə əkiz uşaqları doğulub, Elşən və Gülşən adları vardır. Adlarını o, qoymuşdur. Gülşən elə doğulandan zəif uşaq idi. Xəstə olduğu üçün 5-6 aylıq olanda öldü. 1986-cı ilin yay ayı idi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçinin bibisi oğludur. Onun onda 5 yaşı olardı. Gülşən balaca uşaq idi. Uşağın yoxluğunda başa düşdü ki, o, ölüb. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş ərizəçinin X1nın 1986-cı ildə Şəki şəhərində ölməsi faktı tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi, ərizəçi oğlunun ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi oğlu xx.xx.1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş ərizəçinin X1nın 1986-cı ildə Şəki şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı xx.xx.1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş X4 1986-cı ildə Şəki şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-1923/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1923/2025
29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver