Məhkəmə qərarları › İş №e-2(075)-2015/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2015/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2015/2023 28.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 yanvar 1989-cu ildə doğulmuş X3 20 oktyabr 1997-ci ildə Şəki rayonu, Vərəzət kəndində vəfat etməsi (ölüm) faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxxxx 1954-cü ildə Qırğızıstan Respublikasının Aravan rayonunda anadan olmuşdur. X14 ilə birgə nikahından 14 yanvar 1989-cu ildə X6 və X8 adlı iki övladları dünyaya gəlmişdir. Onların birgə nikahından doğulmuş uşaqlarından X7 20 oktyabr 1997-ci ildə yolnəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmişdir. Həmin vaxt keçirdikləri həyəcan, stres və övlad itirmənin ağırılığı ilə, həmçinin hüquqi savadları olmadığından ona ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Hazırda Ərizəçi torpağa dair çıxarış almaq üçün adiyyatı üzrə 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, həmin vaxtı sonuncuya mərhum övladının adına ölüm haqqında şəhadətnamə tərtib edilmədiyi bildirilmişdir. Bundan sonra Ərizəçi digər övladı X8 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin qurumdan verilən cavabda 14 yanvar 1989-cu il təvəllüdlü X3 ölüm haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, o, mərhum X3 əkiz qardaşı olmuşdur. Bildirmişdir ki, onlar 1997-ci ildə orta məktəbin ikinci sinfində təhsil almışlar. O, anası ilə birlikdə bazara getmişdir. Bazardan qayıdan zaman xəbər tutmuşlar ki, onun qardaşını maşın vurub. Qəzadan sonra qardaşını xəstəxanaya aparan zaman yolda vəfat etmişdir. Qardaşını avtomobillə vuran şəxsin adı Sərdar olmuşdur. Qəzadan təxminən 1 - 2 ay sonra köçüb getmişdir. Sərdar Kəlbəcər rayonundan olmuşdur. Kökəltmə birliyi adlanan ərazidə yaşamışdır. Onun atası, əmisi Sərdardan şikayətçi olmamışlar. Göstərmişdir ki, mərhum qardaşı 20 oktyabr 1997-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bazarbəy Əliyev göstərmişdir ki, o, mərhum X3 əmisidir. 1997-ci ildə mərhum X7 uşaq olan zaman yola çıxmış, bu zaman avtomobil onu vurmuşdur. X2 xəstəxanaya aparmışlar. Lakin xəstəxanaya çatdıra bilməmişlər, X7 yolda vəfat etmişdir. Bildirmişdir ki, avtomobillə mərhumu vuran Sərdar adlı şəxs olmuşdur. Sərdar əslən Kəlbəcər rayonundan idi. Mərhumun yas mərasimində iştirak etmişdir. Onlar Sərdardan şikayətçi olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, mərhum X3 həm uzaq qohumu, həm də qonşusu olmuşdur. Bildirmişdir ki, o, fermada işləyən zaman xəbər gəlmişdir ki, X4 avtomobil vurub. Onlar gələnə kimi X4 avtomobillə vuran şəxsin özü, onu xəstəxanaya aparmışdır. X1 vəfat etmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Mərhumu Şəki rayonu Vərəzət kəndində qəbiristanlıqda dəfn etmişlər. Göstərmişdir ki, X4 avtomobillə vuran şəxs əslən Kəlbəcər rayonundan idi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsinin 08 avqust 2023-cü il tarixli, 3-16-5/8-7-15-1766/23 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1989-cu il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 dekabr 2022ci il tarixli, 05/Q-1827/69 saylı arayışdan görünür ki, X3 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1994-2000-ci illər üzrə, bərpa akt qeydi kitabları isə 1998-2022-ci illər üzrə yoxlanılmışdır. İşdə olan Şəki Rayon Prokurorluğunun 10 oktyabr 2023-cü il tarixli, 352xid-23 saylı məktubundan görünür ki, Şəki Rayon Prokurorluğunda 1997-ci ilə aid sənədlərin qeydiyyat kitabları və araşdırma materialları müddət keçdiyi üçün saxlanılmadığından 14 yanvar 1989-cu il təvəllüdlü X3 20 oktyabr 1997-ci il tarixdə yol nəqliyyat-hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı araşdırma aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş mərhum X5 məxsus olan məzar daşının fotoşəklindən görünür ki, X7 14 yanvar 1989-cu il tarixdə anadan olmuş, 20 oktyabr 1997-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X7 Ərizəçi oğlu olmuşdur. O, 14 yanvar 1989-cu il tarixdə anadan olmuşdur. Ərizəçinin oğlu X7 20 oktyabr 1997-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X3 20 oktyabr 1997-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X3 20 oktyabr 1997-ci il tarixdə, Şəki rayonu, Vərəzət kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar